Воскресенье
май 01

Misirlilər nədən Ramazan ayının 15-ci günü süfrəyə paxlava düzürlər?


Türkiyə və Azərbaycanda olduğu kimi, Misirdə də paxlava Ramazan süfrələrinin bəzəyidir. Osmanlı dövründən qalan adətə görə, müqəddəs Ramazan ayının 15-ci günü misirli ailələr "baklava" dedikləri bu ləziz şirniyyat növünü iftar süfrəsinə düzməlidir.
İngilis tarixçisi Donald Quartet "Osmanlı imperiyası 1700-1912-ci illərdə" əsərində bu ənənənin tarixçəsini yazıb. O qeyd edib ki, Osmanlı sultanları XVII əsrin sonundan başlayaraq hər il Ramazan ayının 15-ci günündə Topqapı sarayındakı yeniçərlərə öz əlləri ilə paxlava ikram edirdilər. Sultan Əbdülhəmid isə həmin gün əsgərləri "Yıldız" sarayına dəvət edər və onlara paxlava süfrəsi açarmış. Bu ənənə həmin dövrdə imperiyanın tərkibində olan Yaxın Şərq və Şimali Afrika ölkələrində, o cümlədən Misirdə də geniş yayılıb.
Misirli tədqiqatçı Hanan Cəfər də "Misir mətbəxinin tarixi" kitabında "paxlava"nın türk sözü olduğunu və Osmanlı mətbəxindən gəldiyini yazıb. O qeyd edib ki, bu şirniyyatın adı ərəb ölkələrində müxtəlif cür tələffüz edilir və yazılır. Misir paxlavasına qoz ləpəsi və fıstıq əlavə edilməklə yanaşı, təbii bal onun vazkeçilməz inqrediyentidir.
Qeyd edək ki, Misirdə keçirilən Novruz tədbirlərində Azərbaycan səfirliyinin və diaspor təşkilatının süfrələrə düzdüyü paxlavamız misirlilərin daha çox xoşuna gəlir. (AZƏRTAC)

Комментарии (0)

Оставить комментарий