^
U

Hər bir cəmiyyətdə tərbiyə, ailə modeli önəmli faktordur. Xüsusilə də uşaqların ailə mühitində böyüməsi, valideyn qayğısı görməsi cəmiyyətdə daha sağlam insanların sayının artması deməkdir. Təəssüf ki, bu gün bədbəxt hadisə və ya müəyyən səbəblər üzündən övladını və ya valideynlərini itirənlər var. Onların yenidən cəmiyyətə adaptasiya olunması isə çox çətin bir dövrdür. Xüsusilə də hər iki oğlu Vətən müharibəsində şəhid olan ailələr var ki, övladlarının şərəfli həyat yolu ilə fəxr edərkən bu itkiyə təsəlli yeri axtarırlar.
Görəsən övladlığa götürmə ilə bağlı son dövrdə vəziyyət necədir? Müraciət edənlər arasında şəhid ailələri olubmu?
Mövzu ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 2022-ci ilin 9 ayı ərzində 174 uşaq övladlığa verilib:
"Onlardan 90 nəfəri oğlan, 84 nəfəri isə qızdır. Ötən dövrdə hər iki övladı şəhid olan ailələrdən övladlığa uşaq götürmək üçün 1 müraciət daxil olub. Valideyn-namizəd uçota alındıqdan sonra öz istəyi ilə müraciətindən imtina edib. Onu da qeyd edim ki, ölkə başçısı Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsistemi yaradılmaqla övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilərək, bu sahədə yeni müasir idarəetmə mexanizmi yaradılıb, övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin olunub".
Hər iki övladı şəhid olan ailələrin övladlığa uşaq götürməsi onları psixoloji gərginlikdən çıxarmaq üçün effektiv vasitə ola bilərmi?
Psixoloq Təranə Kazımlı bildirib ki, bu çox yaralı mövzudur və övlad itkisi zamanı əksər hallarda valideynlərin bir-birinə tutunma səbəbləri də sanki yoxa çıxır:
"Halbuki bu belə olmamalıdır. Travmatik hadisələrdən sonra istər bədbəxt hadisə zamanı övladlarını itirən, istərsə də övladları şəhid olan ailələrin psixoloji durumları nəzarətdə saxlanılmalıdır. Birinci onların özlərinin psixoloji yardım almaları lazımdır ki, ölümü qəbul etsinlər. Çünki şəxsi praktikamdan deyirəm ki, bu cür hallarda ailələr təbii ehtiyaclarından başqa demək olar ki, heç nəyə reaksiya vermirlər. Yas mərasimlərinin keçirilməsi isə bu dövrü daha tez ötüşdürmələrinə sanki əngəl olur".
Psixoloq övladları şəhid olan ailələrin uşaq övladlığa götürmək istəməsi ilə bağlı şəxsən rastlaşmasa da, bu məqama da toxunub:
"Bu məsələdə hər iki tərəf övladlığa götürmə ilə bağlı istəyini irəli sürə bilər. Şəhid övladlarının yaşı təbii ki, bu məsələdə çox önəmlidir. Bəzən valideynlər elə yaş həddində olurlar ki, istəsələr də fiziki olaraq uşaq övladlığa götürüb ona baxa bilməzlər. Yaxud da tərəflərdən biri bunu istəyə bilər, digəri yox. Əsas məsələ bu məqamda həmfikir olmaqdır. Ümumiyyətlə, ölkəmizdə övlad itirən ailələr bəzən uşaq evlərindən deyil, tanış aztəminatlı ailələrin uşaqlarından, hətta qohumlarından olan uşaqlardan birini götürüb saxlamağa üstünlük verirlər.
Burda bir məqam isə valideynlərin övladlığa götürdükləri və ya yenidən valideyn olduqdan sonra dünyaya gələn uşağı vəfat edən övladlarının yerinə qoymalarıdır. Bu uşağın psixologiyasına ciddi təsir edən anlardandır. Bəlli bir yaşa qədər uşaqlar bunu hiss etməsə də, 20 yaşdan sonra artıq uşaqlar da bu məqamın fərqinə varır və öz həyatlarını deyil, vəfat etmiş qardaş-bacılarının yarım qalan talelərini yaşamağa məcbur qaldıqlarını anlayırlar.
Övladlığa götürmə prosesi bütün bu sadalananların fonunda çox çətin prosesdir. Düşünürəm ki, 2-3 il bu məsələyə toxunulmasın, tam əmin olduqdan sonra müraciət edilsin. Bizim gənc yaşda şəhidlik zirvəsinə ucalan igidlərimiz oldu, valideynləri də cavandır. Bir neçəsi yenidən valideyn oldu, bir neçəsinin şəhadətdən sonra bacı və ya qardaşı dünyaya gəldi. Heç kim övlad itkisinə alışa bilməz, amma bir başqa uşağı övladının yerinə qoyaraq yarım qalan arzuları onlardan gözləmək lazım deyil".
"Ümumiyyətlə, ailəni həyatda tutmaq üçün iki insanın fikri, düşüncə tərzi bir-birinə uyğun olmalıdır. Əks təqdirdə, bir evin içərisinə girməklə, sevgisiz, yalnız fizioloji tələbatları ödəmək uğrunda bir araya gələn insanlar övlad sahibi olsa belə onlardan möhkəm ailə ola bilməz. Bu gənc ailələrə, övlad sahibi olmaq istəyənlərə və övladını itirməklə travma yaşayan ailələrə də aiddir.
Cütlüklər o qədər bir-birini düşüncə, duyğu baxımından tamamlamalıdır ki, övlad o ailədə özünü xoşbəxt hiss etsin. Övlad ailəni qorumur, ailəni ayaqda tutan qadın və kişidir. Göstəriş xətrinə ailə qurmaq, valideyn olmaq doğru deyil. Övladı olmasa da belə xoşbəxt olan ailələr də tanıyıram, beş övladı olub xoşbəxt olmayanlar da", - deyə psixoloq əlavə edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Blog Oxunub: 311 Tarix: 30-10-2022, 15:24
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az