Son 14 ildə ilk dəfə dünyanın ən eybəcər avtomobili satılıb - Foto
Avropada naməlum alıcı yeni "Fiat Multipla" kompaktvenini alıb. 2010-cu ildən qlobal avtomobil sənayesinin ən çirkin avtomobili adlandırılan modelin istehsalı dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə motor.ru Avropa bazarlarında avtomobil satışlarını öyrənən "Dataforce" analitik şirkətinə istinadən məlumat yayıb.
Ekspertlərin fikrincə, altı yerlik "Multipla" iyulda qeydiyyatdan keçib. Bununla belə, analitiklər bunun orijinal model olub-olmadığını və ya yeni sahibin 2004-cü ildə debüt edən yenilənmiş versiyanı alıb-almadığını dəqiqləşdirməyiblər.
Qeyd edək ki, "Fiat Multipla" dünyanın ən çirkin avtomobillərindən biri adlandırılıb. "Brava" modeli əsasında qurulan italyan kompaktveni 1998-2010-cu illərdə istehsal edilib. Avtomobil qısa kapotlu və böyük şüşə sahəsi olan qeyri-standart kuzov dizaynı ilə seçilirdi. Bundan əlavə, kompaktvendə qabaq şüşənin altında əlavə faralar və ön sırada üç oturacaq var idi.
Modelin opsiya siyahısına elektrik pəncərələr, kondisioner və peyk naviqasiyası daxil idi. Avtomobil üçün 103 at gücünə malik 1,6 litrlik benzin mühərriki və 105 at gücünə malik dizel mühərriki mövcud idi.
2004-cü ildə italyan markası bütün xüsusiyyətlərini itirərək tamamilə simasız avtomobilə çevrilən yenilənmiş "Multipla"nı buraxıb.