Livanda peycer partlayışları işində SİRLİ DETALLAR ortaya çıxdı
Dünya 1

Livanda peycer partlayışları işində SİRLİ DETALLAR ortaya çıxdı

İsrail Livan ərazisində peycer partlayışları üçün mürəkkəb əməliyyatı uzun müddət hazırlayıb və əvvəlcədən partlayıcı maddələrlə rabitə cihazları istehsal edən saxta şirkət yaradıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat verib.

Mənbələrin sözlərinə görə, peycer partlayışlarının arxasında israillilər dayanırlar. Həmçinin, qeyd olunur ki, İsrail özünü beynəlxalq peycer istehsalçısı kimi təqdim edən saxta şirkət yaradıb.

Nəşr vurğulayıb ki, Budapeştdə qeydiyyatdan keçmiş "BAC Consulting" İsrail cəbhəsinin bir hissəsi olub. Həmçinin, bildirilir ki, əməliyyatda iştirak edən şəxslərin kimliyini gizlətmək üçün ən azı daha iki saxta şirkət yaradılıb və onlar İsrail kəşfiyyatının əməkdaşları olublar.

"Bloomberg" agentliyinin jurnalistləri isə Budapeştdə qeydiyyatdan keçmiş "BAC Consulting Kft" şirkətinin fəaliyyəti ilə bağlı öz araşdırmalarını aparıblar. Qeyd edək ki, Tayvanın "Gold Apollo" şirkətinin məlumatına görə, məhz bu şirkət Livandakı son partlayışlarda istifadə olunan "AR-924" modelli peycerlərin istehsalı üçün onların brendindən istifadə etmək lisenziyasına malik idi.

Lakin araşdırmada aydın olub ki, "BAC Consulting"in Budapeştdəki rəsmi ünvanı yalnız kiçik poçt ofisinə aparır. Bu ofisin əməkdaşı şirkətin mövcudluğunun yeganə əlamətinin nümayəndənin məktublar üçün aylıq səfərləri olduğunu söyləyib. Macarıstan hakimiyyəti də BAC-ın ölkədə istehsalı olmayan, sadəcə, ticarət vasitəçisi olduğunu təsdiqləyib.

Daha gözlənilməz fakt isə bu olub ki, "BAC Consulting"in baş direktorunun ünvanı kimi göstərilən Parisdəki bina, əslində, Fransa jandarmlarının kazarması çıxıb.

"BAC Consulting"in sahibi Kristiana Rozaria Barson-Arçidiakono ittihamları rədd edərək, şirkətinin, sadəcə, vasitəçi olduğunu və peycer istehsal etmədiyini bildirir.

Lakin "Gold Apollo"nun rəhbəri Syu Çinq-Kuan iki il əvvəl BAC-ın məhz "AR-924" modelinin (hazırda Livandakı partlayışlarla əlaqələndirilən) istehsalı üçün lisenziya tələb etməsinə təəccübünü ifadə edib.

Bundan əlavə, Macarıstanın "Telex" internet nəşri mənbələrə istinadən müəyyən edib ki, Livanda partlayan peycerlər Macarıstanın "BAC Consulting" şirkəti deyil, Bolqarıstanın "Norta Global Ltd" şirkəti tərəfindən Tayvanın "Gold Apollo" şirkətindən alına bilərdi.

Nəşrin məlumatına görə, Budapeştdə qeydiyyatdan keçmiş "BAC Consulting" yalnız Tayvan şirkəti ilə müqavilə bağlayan vasitəçi kimi çıxış edib, peycerlərin alışı ilə bilavasitə "Sofiya" şirkəti məşğul olub.

"Telex" iddia edir ki, "Norta Global Ltd "çatdırılmanı təşkil edib və peycerləri Livanın "Hizbullah" hərəkatına satıb. Beləliklə, portal bildirir ki, bu cihazlar heç vaxt Macarıstanda olmayıb.

Nəşrdən vurğulanır ki, Bolqarıstan şirkəti 2022-ci ildə təsis edilib və adı açıqlanmayan Norveç vətəndaşına məxsusdur. O, layihələrin idarəedilməsi ilə məşğul olur, lakin heç nə istehsal etmir. Portal qeyd edir ki, onun ünvanında daha 196 şirkət qeydiyyatdan keçib.

O da qeyd edilir ki, Macarıstan şirkətinin rəhbəri Kriştiana Barşon-Artsidiakonun "Norta Global Ltd"nin işi barədə məlumatlılıq dərəcəsi hələ məlum deyil. "BAC Consulting" yalnız Bolqarıstan izini gizlətmək üçün lazım olub.

"BAC Consulting"in həqiqi rolunu müəyyən etmək və terror silahına çevrilmiş peycerlərin tədarükünün bütün hallarını aşkar etmək üçün beynəlxalq araşdırma davam edir.

Xatırladaq ki, sentyabrın 17-də və 18-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Hadisə nəticəsində onlarla insan həlak olub, İranın Livandakı səfiri Müctəba Əmani də daxil olmaqla dörd minə yaxın insan yaralanıb.



Son xəbərlər