Четверг
окт 24

Azərbaycanın ən ali mükafatı "Heydər Əliyev" ordeni kimlərə verilib?

Azərbaycanın ən ali mükafatı "Heydər Əliyev" ordeni kimlərə verilib?


Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının ən yüksək, ali dövlət mükafatı olaraq təsis edilən "Heydər Əliyev" ordeni təqdim edilir.

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu ilə sözügedən orden təsis edilib.

Qızıl, gümüş və qiymətli daşlardan hazırlanan bu orden indiyə kimi cəmi 25 şəxsə verilib.

"Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına və əcnəbilərə verilə bilər.

Orden ölkə vətəndaşlarına aşağıdakı hallarda verilir:

- Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;

- Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə.

"Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir.

Əcnəbilərə aşağıdakı hallarda verilir:

- Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;

- Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;

- Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.

"Heydər Əliyev" ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarətdir.

Ordenin hazırlanmasında 525 əyarlı 533,29 qram gümüşdən, 999 əyarlı 3,89 qram gümüşdən, 750 əyarlı 57,42 qram qızıldan, 999 əyarlı 6,42 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,34 karatlıq 224 brilyant daşdan, cəmi 1 karatlıq 67 brilyant daşdan, ümumən isə 299 brilyant daşdan istifadə olunub.

"Heydər Əliyev" ordeninin ilk laureatı Prezident İlham Əliyev olub. İlham Əliyev 28 aprel 2005-ci il tarixində atasının adını daşıyan bu ordenlə təltif olunub və ona "Heydər Əliyev" ordeninin bir nömrəli vəsiqəsi təqdim olunub.

"Heydər Əliyev" ordenini və onun bir nömrəli vəsiqəsini Prezident İlham Əliyevə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təqdim edib.

BiG.AZ stm.az-a istinadən"Heydər Əliyev” ordeni ilə təltif olunmuş şəxslərin siyahısını təqdim edir.

28.04.2005 — İlham Əliyev, Azərbaycan Respublikasın Prezidenti (onun statusuna görə);

29.04.2005 — İhsan Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi, məşhur pediatr və mesenant (Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə);

29.01.2007 — Jak Şirak, Fransa Respublikasının Prezidenti (Fransa ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

27.03.2007 — Mstislav Leopoldoviç Rostropoviç, məşhur violençel ifaçısı və dirijor (Azərbaycanın beynəlxalq mədəni əlaqələri və musiqi sənətinin inkişafındakı böyük xidmətlərinə görə);

21.05.2008 — Viktor Andreyeviç Yuşşenko, Ukrayna Prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

27.11.2008 — Tahir Salahov, məşhur Azərbaycan və SSRİ rəssamı (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə);

14.06.2009 — Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin əmiri (Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

02.07.2009 — Lex Kaçinski, Polşa Respublikasının Prezidenti (Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

10.08.2009 — Valdis Zatlers, Latviya Respublikasının Prezidenti (Latviya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

18.04.2011 — Trayan Besesku, Rumıniya Respublikasının Prezidenti (Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə);

14.11.2011 — Georgi Pırvanov, Bolqarıstan Respublikasının Prezidenti (Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

11.07.2012 — Emoməli Rəhmon, Tacikistan Respublikasının Prezidenti (Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

13.09.2013 — Arif Məlikov, Xalq Artisti, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə).

11.11.2013 — Abdulla Gül, Türkiyə Cümhuriyyətinin keçmiş Prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə ).

17.11.2013 — Viktor Fyodoroviç Yanukoviç, Ukrayna Prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə).

02.09.2014 — Rəcəb Tayyib Ərdoğan, Türkiyə Cümhuriyyətinin Prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında xüsusi xidmətlərinə görə).

29.06.2015 — Mehriban Arif qızı Əliyeva, Azərbaycanın birinci xanımı (Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə).

28.11.2016 — Aleksandr Qriqoryeviç Lukaşenko, Belarus Respublikasının Prezidenti (Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

26.12.2016 — Zeynəb Xanlarova, görkəmli müğənni, xalq artisti, millət vəkili (Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə).

03.04.2017 — Nursultan Nazarbayev, Qazaxıstan Respublikasının Prezidenti. (Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

20.12.2017 — Ömər Eldarov, heykəltəraş, Azərbaycanın xalq rəssamı (Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə).

18.07.2018 — Sercio Mattarella, İtaliya Respublikasının Prezidenti (Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

10.05.2019 — Xoşbəxt Yusifzadə, Azərbaycanın tanınmış mühəndis-geoloqu,geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü,Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti (Azərbaycanda neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə).

26.08.2019 — Allahşükür Paşazadə, Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru. (Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə).

23.10.2019 — Ramiz Mehdiyev, Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə.

Dünyada da bu cür ən yüksək ali mükafatlar da var. Bir neçəsini nəzərdən keçirək:

Türkiyədə Atatürk Beynəlxalq Sülh Mükafatı — 1986-cı ildən etibarən verilməyə başlanan və dünyada sülhə töhfə vermiş insanlara verilən Türkiyənin Dövlət mükafatıdır.

Ulu öndər türk dünyası qarşısındakı əvəzsiz xidmətlərinə görə 1999-cu il noyabrın 1-də Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülüb.

Fransada Fəxri Legion ordeni (fr. Ordre national de la Légion d'Honneur) — Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı. 19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilmişdir. Bu ordenlə təltif olunmuş azərbaycanlılar arasında müharibə veteranı Əhmədiyyə Cəbrayılov, prezident İlham Əliyev və YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da var.

ABŞ-da Prezident Azadlıq medalı ("Presidential Medal of Freedom") — Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən vətəndaşlara təqdim edilən iki ən yüksək mükafatdan biri. Medal 1945-ci ildə 33-cü ABŞ prezidenti Harri Trumen tərəfindən İkinci dünya müharibəsində xidmətlərə görə təltif edilmək üçün təsis edilmişdir.

1963-cü ildə 35-ci ABŞ prezidenti Con Kennedi tərəfindən medalın təltif dairəsi genişləndirilmişdir. Medal adətən ildə bir dəfə, 4 iyun - ABŞ-ın müstəqillik günü təltif edilir.

Rusiyada Müqəddəs apostol Andrey Pervozvannı ordeni (Rusiya Federasiyası) Rusiya Federasiyası Prezidentinin 1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanı ilə bərpa olunub.

Bu orden görkəmli dövlət və ictimai xadimlərə və Rusiya Federasiyasının vətəndaşlarına Rusiyanın çiçəklənməsinə, qüdrətinə və şöhrətinə töhfə verən müstəsna xidmətlərinə görə verilir. Ordeni alanlar sırasında ulu öndər Heydər Əliyev də var.

Комментарии (0)

Оставить комментарий