Четверг
июл 21

Azərbaycanda internetdəki təhlükəli "arvadlar"

Azərbaycanda internetdəki təhlükəli "arvadlar"


Sosial şəbəkələrdə əxlaqdan, namus-qeyrətdən, milli-mənəvi dəyərlərdən, adət-ənənədən dərs keçən əsəbi, kobud və narazı insanlarla yəqin sizlər də qarşılaşırsınız. İşini-gücünü atıb xalqa ağıl öyrətməyə çalışan bu insanların dözülməz aqressiyası, gərgin aurası insanı hövsələdən çıxarır. Onlar ağlınıza gələcək hər şeyə qarşı müxalifətdədirlər. Real həyatda heç nəyə nail olmayan bu adamlar, virtual aləmdə meydan sulayır.

Onlar nisbətən açıq fikirli qadınları fahişə, namussuz, azad düşüncəli, açıq sözlü kişiləri əxlaqsız hesab edir. Şeirlərdəki açıq-saçıq ifadələr, romanlardakı erotik səhnələr, köşə yazılarındakı tənqidi fikirlər onların lağ hədəfidir. Onlar din, fəlsəfə, psixologiya sahəsində özlərini ciddi mütəxəssis hesab etməklə yanaşı, bu sahədə fəaliyyət göstərən insanların da amansız tənqidçiləridir, çünki onlar hər şeyi "bilirlər".

Sosial şəbəkələrdə baxımlı xanımların paylaşdığı fotoları lağa qoyur, fürsət tapan kimi qaşlarını çatıb, dodaqlarını büzüb çəkdirdikləri fotolarda isə ilahi məsumluq olduğunu düşünürlər.

Onlar qaş almağa, bəzənməyə, açıq-saçıq geyimə, seks haqqında danışmağa, siyasi müzakirəyə, ədəbi polemikaya pis baxırlar.

Ailə qurmamış qadının seks haqqında danışmasını tərbiyəsizlik hesab etdikləri üçün bu barədə təklikdə də düşünmürlər, bu barədə istənilən söhbəti tərk edir, bu barədə danışanları və düşünənləri qınayırlar.

Fürsət tapan kimi ağlamalı, kədərli və qəzəbli statuslar yazıb diqqət mərkəzində olmağa çalışırlar.

Heç bir siyasətçini, yazıçını, rəssamı, aktyoru, şairi, müğənini bəyənmirlər. İmkan tapan kimi sentimental, ürək sızladan essefason yazılar yazıb, paylaşır bu yazılar haqqında tənqidi fikir bildirənləri bloka atırlar.

Gecə-gündüz kiminsə həsrətini çəksələr də, özlərində cəsarət tapıb bunu dilə gətirə bilmir, gizli eşqin əzabı ilə yanıb qovrulurlar.

Din haqqında anlayışları olmasa da, allahı tanıyır, "o gözəgörünməzin" nə vaxtsa bəxtlərini açacağına inanırlar. Ateistlərin, deistlərin, fərqli düşüncə sahiblərinin varlığı onları narahat edir.

Liberalları sevmir, "solçu"lara nifrət edirlər, anarxistlərə ikrahla baxırlar.

Günəşin doğuşunu və ya qürubunu seyr etməkdənsə, bu səhnələrin fotosunu çəkib paylaşmağı daha məqsədəuyğun hesab edirlər. Nikahsız sevişməyə qarşıdırlar, vətəndaş nikahını qəbul etmirlər və bu səbəbdən də özlərini "alınmaz qala" hesab edirlər. Sosial şəbəkələrdə onlara "salam" yazan əks cinsin nümayəndələrini "ifşa eləməyi" müqəddəs vəzifə hesab edirlər.

Təsadüfən onlara zəng edib tanış olmaq istəyən gənc bəri başdan kəlmeyi-şəhadətini gətirməli, yaxınları ilə vidalaşmalıdır.

Azərbaycan yazıçılarını bəyənmirlər, çünki "bizimkilər yaza bilmir".

Hər birinin keçmişində ağır, kədərli və tükürpədən bir sevgi hekayəsi var (Əgər belə bir hekayə yoxdursa, mütləq uydururlar).

Öz həyatlarının roman mövzusu olduğuna inanırlar və tanıdıqları yazıçılardan öz kədərli həyatlarını romana çevirməyi israrla tələb edirlər.

Uğur qazanan, populyar insanlar, məhşurlar və tanınmışlar onların əbədi düşmənidir.

Rəfiqləri ilə dərdləşəndə ərə getməyəcəklərini, müəyyən yaşdan sonra övladlığa uşaq götürəcəklərini bəyan edir, amma uşaq şəkillərini sosial şəbəkələrdə paylaşmaqdan zövq alırlar.

Hərdən aforizmlər, hikmətli sözlər paylaşır, müəllif hüquqlarını qorumağı "unudur", doğuşdan dahi olduqlarını isbat etməyə çalışırlar.

Onlar namus, sədaqət, əxlaq, tərbiyə, dürüstlük simvolu olduqlarını gözə soxmaq üçün dəridən qabıqdan çıxır, bu məqamlarda başqalarını aşağılamaqdan və təhqir etməkdən zövq alırlar.

Zəmanədən, gəncliyin əxlaqının pozulmasından dərin narahatlıq hissi keçirirlər.

Məncə, artıq hansı təhlükəylə üz-üzə olduğumuzun fərqindəsiniz. İnternetin, sosial şəbəkələrin şəxsiyyətə çevirdiyi bu insanlardan qurtuluşumuz yoxdur. XXI əsrin yeni bəlası, internetdə şəxsiyyətə çevrilmiş, real həyatda uğur qazana bilməyən avara kütlədir. Belə "arvadlar" sizin sağlamlığınız üçün təhlükəlidir.

Oxumağı, araşdırmağı, düşünməyi sevməyən qaragüruh ucuz şöhrət, tez-bazar populyarlıq axtarışındadır.

Və çanaq bizim başımızda qırılır...

Cəlil Cavanşir
Milli.Az

Комментарии (0)

Оставить комментарий