Вторник
окт 19

"Əxlaqsız şəkillər paylaşma" deyib dövlət qurumunda işləyən keçmiş arvadını döydü

Azərbaycanda qadın sosial şəbəkələrdə foto paylaşdığına görə keçmiş əri tərəfindən döyülüb.
Oxu.Az istintaq materiallarına əsasən həmin hadisəni təqdim edir.
Sadiq və Nərmin (adlar şərtidir) 2011-ci ildə ailə həyatı qurublar, cütlüyün bu nikahdan iki övladı dünyaya gəlib.
Onlar evləndikdən sonra Bərdədə yaşayıblar, lakin Sadiqin Bakıya köçmək istəyi Nərmində narazılıq yaradır. Sadiq isə əvvəlcədən Nərminin razı olacağını proqnozlaşdırdığından Bərdədəki işindən də ayrılır.
Sadiqlə Nərmin arasında narazılıqlar artdığına görə cütlük 2020-ci ilin oktyabrında məhkəmə qərarı əsasında boşanırlar.
Maraqlıdır ki, vaxtı ilə Sadiqin Bakıya köçmək təklifinə qarşı çıxan Nərmin boşandıqdan sonra özü Bakıya gəlib dövlət qurumlarının birində işləməyə başlayır. Sadiq isə Bərdədə qalır.
Ər-arvad boşansa da, Nərmin Sadiqə istədiyi zaman uşaqlarını görmək imkanı yaradır. Ata övladları ilə görüşərkən onun keçmiş arvadı ilə heç bir mübahisəsi baş vermir.
Ancaq bu temp çox davam etmir, Sadiqə bir müddətdən sonra Nərminə qarşı kobud davranmağa başlayır.
İstintaq materiallarına əsasən, Sadiq Nərminə qarşı yersiz qısqanclıq nümayiş etdirib. Sadiq sonuncu dəfə uşaqlarını görməyə gəldikdə onlar Nərminin yaşadığı mənzilə qalxır.
Sadiq ifadəsində göstərib ki, həmin vaxt Nərminə sosial şəbəkələrdə "əxlaqsız fotolar paylaşmamasını" tələb edib, lakin Nərmin əsəbiləşərək "özüm bilərəm" deyə cavab verib.
Nərmin mənzilin qapısını bağlayıb Sadiqi blokda qoyur, keçmiş ərinin getmədiyini gördükdə isə polisə zəng edərək ondan şikayət ünvanlayır.
Sadiq bir neçə dəfə qapını bərk döyür və Nərminə "polisə niyə şikayət etdin" deyə suallar ünvanlayır. Qapının açılmadığını görəndən sonra isə çıxıb gedir.
Sadiq səhəri gün yenidən Nərmin yaşayan ünvana gəlir, binanın həyətinə gəlib uşaqlarının oynadığını görür, yaxınlaşıb görüşür. Nərmindən niyə onun sosial şəbəkə ilə bağlı sualına kobud cavab verib polisə şikayət etdiyini soruşur.
Nərmin isə "yaxşı edirəm" deyir, telefonu qulağına aparır və yanından uzaqlaşmağa başlayır. Sadiq isə əl çəkmir, Nərmin ondan qorxduğu üçün yeriyərək yaxınlıqda yerləşən binanın mühafizə otağına girir.
Keçmiş arvadının ardınca düşən Sadiq mühafiəçi otağına daxil olur və Nərminin saçından tutub yerə yıxır, ona təpiklə zərbələr endirir. Lakin keçmiş həyat yoldaşı, uşaqlarının anası olduğu üçün ürəyi dözmür, sakitləşib dərhal oranı tərk edir.
Bəs Nərmin nə deyir?
Nərmin ifadəsində bildirir ki, ər-arvad olarkən Sadiqin narkotik vasitələrdən itifadə etməsindən şübhələnib. Bundan sonra isə onların münasibətləri pozulmağa başlayıb.
Nərmin qeyd edir ki, Sadiq narkotik vasitənin təsiri altında olanda onun işə getməyə icazə verməyib, paltarını cırıb, bu azmış kimi iş yerinə gəlib onu təhqir edib.
Nərminin sözlərinə görə, ər-arvad olarkən Sadiq ona hədə-qorxular da gəlməyə başlayıb. Nərminin döyülmə hadisəsi ilə bağlı ifadəsi isə keçmiş ərinin ifadəsi ilə üst-üstə düşür.
Sadiq məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (Qəsdən sağlamlığa yüngül zərər vurma) təqsirli bilinib. O, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası məhkum olunub. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bərdə rayonu, Natəvan küçəsində yerləşən fərdi yaşayış evində çəkəcək.
Cəza çəkdiyi bütün dövr ərzində Sadiqə elektron nəzarət vasitəsi tətbiq edilir.

Комментарии (0)

Оставить комментарий