Среда
дек 04

"Xalq artisti adı səhnədə çəkdiyin əziyyətlə qiymətləndirilmir" - Abbas Bağırovla SƏMİMİ MÜSAHİBƏ

"Xalq artisti adı səhnədə çəkdiyin əziyyətlə qiymətləndirilmir" - Abbas Bağırovla SƏMİMİ MÜSAHİBƏ



BiG.AZ əməkdar artist Abbas Bağırovla müsahibə edib. Müğəninin səmimi açıqlamalarını sizə təqdim edirik:

-İşlərinizdə hansı yeniliklər var?

-Yeniliklər çoxdur. Elçin İmanovla birlikdə bütöv bir albom üzərində işləyirik. Albomda 15 mahnı yer alacaq. Təqdimatını da yanvar ayının sonuna planlaşdırırıq. Həmin albomda yer alacaq mahnıların bir neçəsinə klip çəkməyi də düşünürük. Öz bəstələrim də var . Onlardan ikisinə klip çəkmişik artıq. Gələn ilin payızına qədər konsert olmasını da planlayırıq.

- Abbas bəy, bir çox sənətçilər “xalq artisti” adını aldı. Siz də bunu gözləyirsinizmi?

Mən əməkdar artist adını alarkən heç gözləmirdim. Artıq 8 ildir ki, bu ada layiq görülmüşəm. “Xalq artisti” adı illərdir səhnədə çəkdiyin əziyyətlə qiymətləndirilmir. Bu sadəcə tamaşaçıların sevgisi ilə ölçülür. Bu gün nə qədər çox sevilməyindən aslıdır. Alanlara qarşı heç bir etirazım yoxdur.

- Bəzi müğənnilər, məsələn, Nazir Qafarzadə, Xatirə İslam hər dəfə etirazlarını bildirirlər ki, niyə bizə verilmədi bu ad. Sanki bir üsyan kimi

Mən onların fikrinə heç bir söz deyə bilmərəm. Mənə bu ad 15-20 il sonra da verilsə, deməli həmin tarixdə lazım biliblər. Bu mağazada satılan bir şey deyil ki, hər kəs alsın. Bu təkcə toylarla, gündə bir mahnı oxumaqla əldə olunan ad deyil. Müəyyən işlər də görmək lazımdır. Oxuduğun mahnıların insanların zövqünü oxşaması, tarixdə qalması çox önəmlidir. Bu gün gündəmdə olanı oxuyum və qarşılığını gözləməklə olmur. Azərbaycan musiqisi, Azərbaycan incəsənəti yüngül deyil. Azərbaycan musiqisi öz çiynində Üzeyr Hacıbəyli, Tofiq Quliyev, Fikrət Əmirov kimi dahi şəxsiyyətləri daşıyır. Bax onların zamanında bəstələdiyi, ərsəyə gətirdiyi əsərlər bu gün də dinlənilir. İndi biz də çalışmalıyıq belə musiqilər qoyaq ortalığa. Ondan sonra nəsə əldə edə bilək.

- Afaq Bəşirqızının millət vəkili seçilməsi ilə bağlı bir çox sənət adamları, incəsənət xadimləri kompaniyaya başlayıb...

-Mən də dəstəkləyirəm. Düşünürəm ki, Afaq xanım Azərbaycan incəsənətinin müdafiəsində , Azərbaycan kinosunun və teatrının düzgün formalaşmağında sözükeçən bir adam olacaq. Onda sözünü deməkdən utanmaq, çəkinmək kimi bir xarakter yoxdur. Afaq xanımın millət vəkili olması o demək deyil ki, ancaq siyasətlə maraqlanacaq. O,həm də incəsənətdə müəyyən qədər çəkisi olan bir sənətçidir. Buna görə də, niyə də yox? Niyə də olmasın?

- Röya xanım müsahibəsi zamanı dedi ki, mən inanıram ki, Afaq xanım mənim və həmkarlarımın deyə bilməyəcəyi sözü deyəcək. Siz də belə düşünürsünüz?

-Bəli, mən də belə düşünürəm. Çox istəyərdim ki, Afaq xanım millət vəkili seçilsin.

- Ata olmaq necə hisdir?

-Təbii ki, çox gözəldir. Hər bir insan valideyn olmaq hissi ilə necə xoşbəxt olursa , eyni ilə mən də. Mən indi özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Ailəm mənim üçün hər şeydən önəmlidir. İşimdən də, istənilən hər şeydən də. Yetəri qədər də qayğı göstərirəm.

Комментарии (0)

Оставить комментарий