Пятница
сен 30

Alim Qasımov bu gün Amerikada konsert verəcək

Alim Qasımov bu gün Amerikada konsert verəcək


Bu gün xalq artisti Alim Qasımov Amerikada konsert proqramı ilə çıxış edəcək.

May.Az xəbər verir ki, tanınmış muğam ifaçısının konserti Kaliforniya ştatının Berkli şəhərində mötəbər "Zellerbach Hall”-da olacaq.

Əcnəbi səhnədə xanəndəni qızı, əməkdar artist Fərqanə Qasımova müşayiət edəcək. Konsertdə ABŞ-ın məşhur "Mark Morris” rəqs qrupunun rəqs ifaları altında "Leyli və Məcnun” operasından səhnəciklər təqdim olunacaq. ABŞ-da baş tutacaq konsert proqramı dünyaşöhrətli violonçel ifaçısı Yo-Yo Ma və "İpək Yolu” ansamblının müşayiəti ilə reallaşacaq.
Alim Qasımovun mətbuat katibi bildirib ki, xanəndə ABŞ-ın bir sıra şəhərlərində 11 konsert proqramı ilə çıxış edəcək. Sənətkar və qızı artıq sentyabrın 15-dən Amerikadadır:

"Alim Qasımov və Fərqanə Qasımova ilk öncə Nyu-Yorka gediblər. Ayın 27-dək orada "Mark Morris” rəqs qrupu ilə birgə məşq prosesləri keçirilib, səsyazma prosesi gedib. İlk konsert bu gün Berkli şəhərində 2000 tamaşaçı tutumu olan çox mötəbər zalda baş tutacaq. Məşhur violonçel ifaçısı Yo-Yo-Ma şəxsən gəlib bu konsertdə iştirak edəcək”.

S. Möhübovanın sözlərinə görə, Alim Qasımov "Leyli və Məcnun” operasından səhnəcikləri indiyədək Amerikanın bir sıra ştatlarında ifa edib. Amma bu dəfə tamaşaçıları fərqli çıxış gözləyir: "Fərqlilik ondadır ki, xanəndənin ifası zamanı tanınmış "Mark Morris” qrupu "Leyli və Məcnun”u öz rəqsləri ilə müşayiət edəcək. Artıq bir ilə yaxındır ki, bu səhnəciyin məşqləri gedir, "Leyli və Məcnun” üzərində rəqslər hazırlayırlar. Qrup üzvləri bu opera ilə yaxından tanış olub və öz hissiyyatları ilə məhəbbət hekayəsini tamaşaçıya çatdıracaqlar”.
Qeyd edək ki, Alim Qasımovun Amerika səfəri oktyabrın 16-dək davam edəcək. Bütün konsertlər Amerikanın ən mötəbər salonlarında keçiriləcək. Səfər çərçivəsində həmçinin universitet müəllimləri, ziyalılar, musiqiçilər üçün ustad-dərslərinin də keçirilməsi nəzərdə tutulub.

Комментарии (0)

Оставить комментарий