Понедельник
июн 06

Dondurma alarkən diqqətli olun - Qurumdan XƏBƏRDARLIQ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dondurmalarla bağlı vətəndaşlara müraciət edib.
BiG.AZ xəbər verir ki, Agentlikdən Report-un sorğusuna cavab olaraq bildirilib ki, AQTA tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal edilən qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:
"Bütün qida məhsulları kimi dondurmalar da risk əsaslı nəzarətə cəlb edilir. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Müayinələr nəticəsində təhlükəsizlik göstəriciləri uyğun olduqda dondurmalar yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edilir. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Əgər vətəndaşların dondurmalar ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə konkret faktlarla Agentliyin "1003-Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər".
Agentlik insanları dondurma alarkən diqqətli olmağa çağırır:
"Kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qadığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət etmək lazımdır. Məhsulda kəsmiyəbənzər, qumabənzər köpüklü əlamətlər olmamalıdır. Dondurma satılan yerlər sanitar-gigiyenik tələblərə cavab verməli və satıcı gigiyena qaydalarına riayət etməli, təmiz iş geyimində olmalıdır. Dondurmanın üzərinə birbaşa günəş şüaları düşməməlidir. Əgər dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır.
Dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanmasına diqqət edilməlidir. Eyni zamanda, məhsulun etiketində istehsal və son istifadə tarixi düzgün qeyd edilməlidir. Dondurmaların saxlanma şəraitinə də mütləq əməl edilməlidir. Belə ki, dondurmanı digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz. Bu məhsullar mütləq etiketində qeyd edilmiş və sabit temperaturda saxlanmalıdır. Dondurmanın saxlanma temperaturu onun növündən və tərkibindəki əlavələrdən də asılıdır. Növündən asılı olaraq topdan satış məntəqələrində xüsusi soyuducu kameralarda -18°C-də saxlanılmalıdır. Dondurmaların saxlanılması qüvvədə olan texniki-normativ sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.
Agentlik tərəfindən bu məhsulların saxlanılmasının qaydalara uyğun həyata keçirilməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür".

Комментарии (0)

Оставить комментарий