Вторник
янв 29

Manatla bağlı proqnoz doğrulsa, zərərimiz böyük olacaq (ŞƏRH)

Manatla bağlı proqnoz doğrulsa, zərərimiz böyük olacaq (ŞƏRH)


Dünən dünyanın məşhur reytinq agentliklərindən olan "StandartPoor`s" manatın məzənnəsi ilə bağlı hesabat yayımlayıb. Hesabatda qeyd olunur ki, qarşıdakı illərdə dollar manat qarşısında güclənəcək və 2020-ci ildə Azərbaycan manatı 1.87, 2021-ci ildə isə 1.97 səviyyəsində olacaq.

MAY.AZ xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyev qaynarinfo-ya açıqlamasında sözügedən proqnoza münasibət bildirib. O, bu proqnozun neftin dünya bazarındakı qiyməti ilə bağlı olduğunu deyib:

"Əslində "SP Global Ratings"in yanaşması nefin qiyməti ilə bağlıdır və agentlik özü də qeyd edir ki, manatın məzənnəsi dünya bazarında neftin qiymətindən asılıdır. Neftin qiyməti dəyişəcəyi təqdirdə, manatın məzənnəsinə də baxılacaq. SP-nin həmçinin yanaşması bundan ibarətdir ki, Mərkəzi Bank 2015-ci ildəki ssenarini təkrar etmir. Yəni, söhbət valyuta ehtiyatlarını xərcləməkdən gedir. Əslində bunu ekspertlər də dəfələrlə vurğulayıb. Qeyd olunur ki, Mərkəzi Bank valyuta xərclərini 2015-ci ildə olduğu kimi xərcləməyəcək, qoruyacaq. Əgər neftin qiyməti düşəcəksə, o zaman Mərkəzi Bank manatı ucuzlaşdırmaq məcburiyyətində qalacaq.

SP-nin neftlə bağlı proqnozu neqativdir. Qeyd olunur ki, 2018-ci illə müqayisədə 2019-cu ildə neft qiymətləri 25 faiz ucuzlaşacaq və bu da Azərbaycanın neft gəlirlərinin azalmasına gətirib çıxaracaq. Neft gəlirlərinin də azalması manatın məzənnəsinə təsir edəcək. Yəni agentlik bu kontekstdən məsələyə yanaşıb və təxmini məzənnə proqnozunu verib. Əlbəttə ki, bu proqnozu 100 faiz qəbul etmək olmaz. Bu, proseslərdən asılı olacaq. Yəni, yaxın zamanda elə proses baş verə bilər ki, neftin qiyməti 80-90 dollara yüksələ bilər. Bu halda düşünmürəm ki, hökumət manatın ucuzlaşdırılmasına gedər. Əksinə sabit saxlamağa çalışacaqlar. Əgər neftin qiyməti kəskin ucuzlaşıb, 30-40 dollara düşsə, yenə SP-nin proqnozu özünü doğrultmayacaq. Çünki, SP bu proqnozu 10 faiz ucuzlaşma prizmasından müəyyənləşdirib. Hər bir halda mən bu proqnozu 100 faiz qəbul etmirəm.

Ekspert bu proqnozun doğrulacağı təqdirdə, Azərbaycan iqtisadiyyatını nəyin gözlədiyindən də danışıb. O, bildirib ki, növbəti devalvasiya olsa, zərər böyük olacaq:

"Bizdə o qədər yüksək ixrac yoxdur ki, buna görə milli valyuta ucuzlaşsın. Yəni, bir tərəfdə makroiqtisadi sabitlik, digər tərəfdə isə ixracı stimullaşdırmaq durur. İndiki potensialla bəlkə cüzi artım ola bilər, amma devalvasiya olsa, tərəzinin birinci gözü, yəni makroiqtisadi sabitlik təhlükə altına düşəcək. Yəni zərərin miqyası, faydanın miqyasından daha çoxdur. Biz devalvasiyaya getsək, daha çox zərər alarıq, nəyinki fayda. Bu baxımdan da düşünürəm ki, Mərkəzi Bank manatın məzənnəsinə diqqət yetirsə, yaxşı olar. Artıq 1 ildir ki, məzənnə 1.70-də saxlanılır, 2019-cu ilin pul-kredit siyasətində də Mərkəzi Bank vurğulayıb ki, maksimum dərəcədə manatın məzənnəsini sabit saxlamağa çalışacağıq. Əlbəttə ki, dünya bazarında neftin qiyməti kəskin ucuzlaşmasa...".

Комментарии (0)

Оставить комментарий