Воскресенье
ноя 25

İlin sonunda mənzillər ucuzlaşacaq? - Ekspert

İlin sonunda mənzillər ucuzlaşacaq? - Ekspert


MAY.AZ daşınmaz əmlak eksperti Ramil Osmanlının Axar.az-a müsahibəsini təqdim edir:

- Azərbaycanda mənzil bazarında hansı proseslər baş verir? Qış mövsümü mənzil bazarına necə təsir göstərəcək?

- Əslində, qış mövsümü mənzil bazarı üçün daha çox dinamik dövr kimi xarakterizə olunur. Aparılan təhlillər göstərir ki, ümumən ipoteka kreditlərinin verilməsi ilin sonuna doğru bir qədər azaldığına görə bazarda alğı-satqı əməliyyatlarının sayında müəyyən azalmalar müşahidə edilir. Düzdür, bu azalmalar hələ ki, qiymətlərin enməsinə gətirib çıxarmayıb. Hesab edirəm ki, ilin sonuna qədər vəziyyət dəyişməz olaraq qalacaq. Onu da qeyd edim ki, 2019-cu ilin dövlət büdcəsində sosial ipotekaya ayrılan vəsaitlərin həcmi xeyli dərəcədə artırılıb. Fikrimcə, bu, ipoteka proqramının bir qədər də aktivləşməsinə gətirib çıxaracaq və ipoteka kreditləri ilə verilən vəsaitlərin həcmi artacaq.

- Qiymətlərin dəyişməsində hansı amillər rol oynayır?

- Daşınmaz əmlak bazarında qiymətlərin dəyişməsinə iqtisadi amillər deyil, daha çox inzibati və psixoloji məsələlər təsir göstərir. Makroiqtisadi göstəricilərin artımı, ümumi iqtisadi göstəricilərin dəyişməsi Azərbaycanda daşınmaz əmlak bazarına o qədər də təsir göstərmir.
- Bəs 2019-cu ildə Azərbaycan mənzil bazarında hansı dəyişikliklər olacaq, gözləntilər nələrdir?

- Ümumiyyətlə, mənzil bazarı ilə bağlı proqnoz verməyin əleyhinəyəm. Çünki bu sahədə fəaliyyət göstərən ekspertlər növbəti ildə mənzil bazarında qiymət artımı olacağını deyəndə bu, bazara mənfi təsir göstərir, axın yaradır. Əgər kimsə fevral ayında mənzil almağı düşünürdüsə, vaxtından əvvəl gedib bankdan 10 min kredit götürür ki, mənzili ucuz ikən alsın. Belə olan halda vətəndaş, məsələn, mənzilin qiymətində 5 manat qazanırsa, kredit alarkən ikiqat itirir. Bəzi hallarda vətəndaş krediti ödəyə bilməsə, sonradan mənzilini satmaq məcburiyyətində qalır. Biz ucuzlaşma olacağını deyəndə isə potensial alıcı bazardan çıxır. Ona görə düşünürəm ki, iqtisadi nəzəriyyənin tam olaraq işləmədiyi bazarlar üçün proqnoz vermək əlverişli deyil. Mənzil bazarında son iki ildə bir qədər stabillik yaranıb. Fikrimcə, qeyri-peşəkar, iqtisadi əsaslandırması olmayan, konkret hesablamalara və rəqəmlərə istinad olunmadan verilmiş proqnozlarla bu stabilliyi pozmaq doğru olmaz.

- Son bir neçə il ərzində mənzil bazarında qiymətlər necə dəyişib?

- 2015-ci ildə mənzil bazarında dollar və manatın ifadəsində qiymət dəyişikliyi oldu. Bütövlükdə qiymətlər ucuzlaşdı. 2016-cı ildə qiymətlərin daha çox ucuzlaşmasını müşahidə etmişik. Amma 2017-2018-ci il ərzində mənzil bazarında qiymət dəyişiklikləri nisbi faizlərlə müşahidə etmişik. 2017-ci ildə təqribən 11.8 faiz qiymət artımı baş verib. 2018-ci ildə isə bazar üzrə qiymət artımı təqribən 5 faiz həddində olub. Bu, illik göstərici baxımından müsbət tendensiyadır. Hesab edirəm ki, bir il ərzində daşınmaz əmlak bazarında qiymət dəyişməsi bir rəqəmlə ifadə olunursa, bu, kifayət qədər normaldır. Qarşıdakı dövrlərdə mənzil bazarında qiymət dəyişikliyi daha çox Azərbaycanın makroiqtisadi vəziyyətindən, şəhərsalma və infrastrukturla bağlı aparılacaq layihələrin həcmindən, bazara pul axınlarının həcmindən, o cümlədən, Azərbaycan iqtisadiyyatında xüsusi çəkisi olan qonşu ölkələrdə (Rusiya, Türkiyə və s.) baş verən proseslərdən asılı olacaq.

Комментарии (0)

Оставить комментарий