Пятница
фев 25

"Bu gün Xocalı qurbanlarının, şəhidlərimizin ruhu şaddır"- Deputat

Azərbaycan xalqına törədilən Xocalı soyqırımının üstündən 30 il keçir. Bu gün Qarabağ azad olunsa da, qan yaddaşımızdan Xocalı faciəsi heç zaman silinməyəcək.
Mövzuyla bağlı BiG.AZ-a millət vəkili Nəsib Məhəməliyev münasibət bildirib.
Onun sözlərinə görə, Xocalı faciəsindən danışdıqda, mütləq onu yaradan səbəbləri və günahkarları qeyd etmək lazımdır:
"İyirminci əsrin sonlarında ermənilərin insanlıq əleyhinə törətdiyi Xocalı faciəsindən 30 il ötür. Xocalı şəhəri, 1992-ci ilin fevral ayına qədər Azərbaycanın Qarabağ bölgəsində yerləşən çoxsaylı, tarixi yaşayış məskənlərindən biri idi və hətta demək olar ki, o zaman Azərbaycan daxilində belə, kifayət qədər tanınmırdı. Xankəndinin 10 km. yaxınlığında, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yolunun üstündə yerləşməsi, Qarabağda yeganə aeroportun Xocalıda olması, onun strateji baxımdan əhəmiyyətini artırırdı.
Fevral ayının 25-dən, 26-a keçən gecə erməni separatçıları tərəfindən Xankəndində dislokasiya olunmuş, 366-cı alayın dəstəyi ilə, müdafiəsiz qalmış Xocalıya hücum həyata keçirildi. Nəticədə, şəhər tamamilə yandırıldı. Dinc əhali hərbçilər tərəfindən gülləbaran edildi. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, yaşlı insanlar həlak oldular. 1275 nəfər əsir götürüldü, 487 nəfər yaralandı. 150 nəfər itkin düşdü. O dövrün valyutası ilə, milyardlarla rubl dövlət əmlakına ziyan dəydi.
Xocalı faciəsindən danışdıqda mütləq onu yaradan səbəbləri və günahkarları qeyd etmək lazımdır. Əsas cinayəti - soyqırımı - törədənlər; sonralar Ermənistan prezidentləri olmuş Robert Koçaryan, Serjik Sarkisyan, Zori Balayan, Seyran Ohanyan, Vitali Balasanyan və digər çoxsaylı əlləri uşaq, körpə qanına batmış "yan"-qatillər. 100 il keçsə də, nə tarix, nə də ki, Allah o cəlladların etdiklərini heç zaman bağışlamayacaq.
Qarabağda separatçıların aktiv fazaya keçidi, Ümummilli Lider Heydər Əliyev Sovet İttifaqı kommunist partiyasının siyasi bürosu üzvlüyündən və Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən istefa verdiyindən sonra başladı. Nə qədər ki, Heydər Əliyev vəzifədə idi, ermənilərin səsi çıxmırdı. Bir tərəfdən SSRİ rəhbəri Mixail Qorbaçovun ermənipərəst mövqeyi, digər tərəfdən Xocalının, ümumiyyətlə, Qarabağın müdafiəsini təşkil etmək əvəzinə, kortəbii Moskvanın tapşırıqlarını icra edən Azərbaycanın siyasi rəhbərliyi və bütün mümkün vasitələrdən istifadə etməklə hakimiyyətə can atan, Xalq cəbhəsinin qüvvələri. Məhz, özlərini siyasət dahiləri hesab edən populistlərin kreslo davası dövlət idarəetmə sistemini iflic vəziyyətinə salmışdı. Kimin hansı məzhəbə, hansı xarici qüvvələrə qulluq etdiyini müəyyənləşdirmək çətin idi. Kommunist partiyasına, sovet rejiminə, Moskva hakimiyyətinin qərəzli münasibətinə etiraz edən yüz minlərlə soydaşımız qaragüruhun ətrafına toplaşmışdı. Bütün bunlar, xaricdən dəstəklənən və 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələdən istifadə etməklə, xeyli silah-sursat əldə etmiş erməni separatçılarının əl-qolunu açdı. Yardım adı altında, "ASALA" terror təşkilatının üzvləri Ermənistana, daha sonra Qarabağa göndərildi. Monte Melkonyan və digər erməni cəlladları Azərbaycan xalqına yaxşı tanışdır.
Hər il fevral ayının 26-sı Azərbaycan xalqı, dünya azərbaycanlıları Xocalı soyqırımını qeyd edir. Soyqırımı törədənlər, erməni faşizminin əsl mahiyyəti, xisləti dünya ictimaiyyətinə çatdırılır. Azərbaycanın apardığı məqsədyönlü siyasət nəticəsində 10-a yaxın ölkə, ABŞ-ın 25 ştatı Xocalı soyqırımını tanımışdır.
Xüsusilə, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyası müsbət nəticə verməkdədir. Hesab edirəm ki, təbliğat daim aparılmalı, ermənilərin saxta "soyqırım" iddialarına qarşı ən yeni tarixdə törətdikləri əsl soyqırım faktları ilə cavab verilməlidir.
Tarixdən düzgün nəticə çıxarılmalıdlr. Ələlxüsus, qan yaddaşı, xalqımızı ciddi şəkildə düşünməyə vadar edir. Müasir dünyada olduqca mürəkkəb geosiyasi proseslər gedir. Ən böyük vəzifəmiz yaranmış ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, düşmənlərə ölkəmizin parçalanmasına imkan verməməkdən ibarətdir.
Bu gün Xocalı qurbanlarının, şəhidlərimizin ruhu şaddır. Qarabağ torpaqları işğaldan azad olunub, dünya erməniliyinə sağalmaz zərbə vurulub.
Allah şəhidlərə rəhmət eləsin!"
Aysel SƏFƏRZADƏ

Комментарии (0)

Оставить комментарий