Воскресенье
июл 29

Azərbaycanda ər hamamda olan arvadına baxdığı üçün qonşusunu döydü

Azərbaycanda ər hamamda olan arvadına baxdığı üçün qonşusunu döydü


Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu döyərək ona ağır xəsarət yetirməkdə ittiham olunan Sumqayıt şəhər sakini, 35 yaşlı Maarif Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Virtualaz.org-un xəbərinə görə, hadisə ötən il dekabrın 27-də Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksində baş verib. Axşam saatlarında həyat yoldaşının iki uşağı ilə birgə hamam otağından qəzəbli şəkildə çıxdığını görən M.Nəcəfov nə baş verdiyini soruşub, qadın heç nə deməyib. Qonşu mənzildən kiminsə hamamın şaxtasının pəncərəsindən baxdığını görən M.Nəcəfov əsəbi halda dəhlizə çıxıb. İkinci mərtəbədə yaşayan Rüfət Əhmədzadəni çağırıb, hamamın pəncərəsindən baxmasına iradını bildirib, onu döyüb.

Törətdiyi cinayət əməlinə görə ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

“Azəriqaz” İstehsalat Birliyində mühəndis işləyən Maarif Nəcəfov ifadəsində iki ilə yaxındır ki, həyat yoldaşı və iki azyaşlı övladları ilə Masazırda yaşadığını, hadisə baş verən gün arvadı uşaqları yumaq üçün hamama keçdiyini, üç-dörd dəqiqə sonra isə əsəbi halda çıxdığını, üzünün ifadəsinin, rənginin dəyişdiyini göstərib: ”Nə olduğunu soruşdum, heç nə deməyib, otağa keçdi. Özüm çimmək üçün hamama girdim. İşığı yandırmamış şaxtadan hamama işıq düşdüyünü gördüm. Qonşuluqda yaşayan Rüfət Əhmədovun hamamdakı şaxtanın pəncərəsindən baxdığını gördüm. Həyat yoldaşımın da elə buna görə əsəbləşdiyini, uşaqları hamamdan yarımçıq çıxartdığını başa düşdüm”.

Qonşusunun hərəkətinə qəzəblənən M.Nəcəfov birbaş onun yaşadığı mənzilə gəlib, qapını döyüb çölə çağırıb, söhbəti olduğunu deyib. Rüfət dəhlizə çıxar-çıxmaz ondan nəyə görə hamamın içərisinə baxdığını soruşub: “Dedim ayıbdır, hər kəsin ana-bacısı var. Rüfət isə cavabında hamamın içinə baxmadığını bildirdi. Sifətindən vurdum, əlbəyəxa olduq, yerə yıxıldı, böyründən təpiklə vurdum. Düşündüm, yəqin sonradan gəlib üzr istəyəcək, amma gəlmədi. Ertəsi gün polis sahə rəisi zəng vurub məni Polis İdarəsinə çağırdı. Rüfətin xəstəxanaya aparılmasından, əməliyyat keçirməsindən orada xəbər tutmuşam. Ona ağır xəsarət yetirmək niyyətim olmayıb. Törətdiyim cinayət əməlindən peşmanam”.

Zərərçəkmiş şəxs qismində dindirilən Rüfət Əhmədov bacısına məxsus mənzildə tək yaşadığını, evdən çıxarkən şaxtadakı su kranını bağladığını, işdən qayıdarkən isə açdığını göstərib: “Həmin gün işdən gələndən sonra hamama girib şaxtanın kiçik pəncərəsini, oradan da su kranını açdım. Otağa keçib çay içdim. Bu vaxt qapı döyüldü, qonşu olduğunu dedi, məni çölə çağırdı. Evdə tək yaşayıb-yaşamadığımı soruşdu, tək qaldığımı söylədim. Nəyə görə onların hamamına baxdığımı xəbər aldı. Dedim, baxmamışam, sənin hamamının içi görünmür, istəyirsənsə, gəl özün də bax. Cavabında “ehtiyac yoxdur, öz gözlərimlə gördüm” dedi və qəflətən yumruqla gözümdən, qulağımdan vurdu. Zərbədən yerə yıxıldım, qarnımı təpikləməyə başladı”.

R.Əhmədov ifadəsində hadisədən sonra özünü pis hiss etdiyini, xəstəxanaya getdiyini, su kranını açıb-bağlayarkən heç vaxt qarşıdakı mənzilin hamamına baxmadığını, təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbi olmadığını deyib.

Məhkəmənin hökmü ilə Maarif Nəcəfov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Комментарии (0)

Оставить комментарий