Вторник
ноя 12

"Bütün uğurlarımızın hüquqi kökləri 1995-ci ildə qəbul edilən Konstitusiya oldu" - RƏYLƏR

"Bütün uğurlarımızın hüquqi kökləri 1995-ci ildə qəbul edilən Konstitusiya oldu" - RƏYLƏR


12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.

Vətəndaşların haqq və hüquqlarını zəmanət altına alan Konstitusiya, ölkədə sabitlik və rifahı təmin edən önəmli sənəddir.

Konstitusiyalar, yüz illər boyu vətəndaş-dövlət münasibətlərinin müəyyən çərçivəyə salınması məqsədi ilə ortaya çıxıb. Tarixən bir sıra dövlətlərdə istifadə edilən müxtəlif siyasi idarəetmə sistemləri, xalq və dövlət arasında fikir ayrılıqlarına gətirib çıxarıb. Tarix sübut edib ki, hüququn üstünlüyü və ya konstitusion sistemin bərqərar olmadığı dövlətlərdə, insanların təbii hüquqlarının istismar edilməsi baş verir. Konstitusiyanın olmaması siyasi xaosa, dövlətlərin çöküşünə gətirib çıxarır. Məhz buna görə, konstitusiyanın yaradılmasının əsas məqsədi, hüquq dövlətinin yaradılmasıdır.

Hər bir ölkədə Konstitusiya (constitutio —quruluş) — Dövlətin ərazisində ən yüksək hüquqi qüvvəyə malik xüsusi hüquqi sənəd, ali qanundur.

Azərbaycan Respublikasının Konstitusiyasi ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə, xalqın iradəsinin ifadəsi, Sovet rejiminindən qurtuluşun nəticəsi kimi 1995-ci ildə 12 noyabr referendumunda qəbul edilib.

Konstitusiya günü ilə bağlı “Report”a danışan Ana Vətən Partiyasının sədri, Mill Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, Konstitusiya günü hər bir dövlətin tarixində əlamətdar bir hadisə kimi xarakterizə olunur.

Ana Vətən Partiyasının sədri, Mill Məclisin deputatı Fəzail Ağamalı:

"Azərbaycan hüquqi, demokratik ölkədir, əlbəttə, bizim bütün uğurlarımızın hüquqi kökləri 1995-ci ildə qəbul edilən Müstəqil Azərbaycanın Konstitusiyası oldu".

“Müstəqil Azərbaycanın Konstitusiyası ulu öndərimiz Heydər Əliyevin şah əsərlərindən biridir. Əlbəttə ki, müstəqillik əldə edəndən sonra Azərbaycan özünün Konstitusiyasını qəbul etməli idi, bu baxımdan ulu öndərimiz hakimiyyətə gəldikdən və xalqın yüksək etimadı ilə Prezident seçildikdən sonra ilk diqqət etdiyi sahələrdən biri yeni Konstitusiyanın işlənib-hazırlanması və qəbul edilməsi idi. Çünki bu olmadan dövləti idarə etmək mümkün deyildi. Baxmayaraq ki, Azərbaycanda 1991-ci il oktyabrın 18-də müstəqilik haqqında Konstitusiya aktı var idi, lakin bu, kifayət deyildi. Ulu öndərimiz Müstəqil Azərbaycanın Konstitusiya Aktını hazırlamaq üçün komissiya yaratdı, özü də bu komissiyaya rəhbərlik etdi. Azərbaycanın görkəmli hüquqşünasları bu işə cəlb olundu, inkişaf etmiş ölkələrin konstitusiyaları ciddi şəkildə öyrənildi, təcrübələri nəzərə alındı. Qısa zamanda müstəqil dövlətimizin Konstitusiya Aktı işlənib-hazırlandı, ümumxalq səsverməsinə çıxarılaraq, qəbul edildi. Bu Konstitusiyada Azərbaycan dövlətinin əsasları, Azərbaycanda hakimiyyət bölgüsü, onun qolları, dövlət qurumlarının səlahiyyətləri, hüquq və vəzifələri müəyyənləşdi. Xüsusilə də Azərbaycanda insan hüquq və azadlıqları ayrıca bir fəsildə işlənib hazırlandı. Mən deyərdim ki, bu, Konstitusiyamızın ən önəmli fəsillərindən biridir. Bütövlükdə Azərbaycan dövlətinin və cəmiyyətinin tələblərini özündə ehtiva edən, gələcəkdə iqtisadi, sosial, hüquqi, siyasi islahatların aparılmasına zəmin yarada biləcək konstitusiyamız qəbul olundu. Bu konstitusiyamız qəbul edildikdən sonra ulu öndərimizin rəhbərliyi altında ciddi islahatlara və dövlət quruculuğu prosesinə başlanıldı. Bu gün Cənubi Qafqazın lider dövlətinə çevrilən, dünya miqyasında nüfuz sahibi olan Azərbaycan dövləti məhz ulu öndərimizin hazırlayıb, qəbul etdirdiyi konstitusiyamızdan əsaslanaraq bugünki səviyyəyə çatıb. Azərbaycan hüquqi, demokratik ölkədir, əlbəttə, bizim bütün uğurlarımızın hüquqi kökləri 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın Konstitusiyası oldu”.

F.Ağamalı deyib ki, Konstitusiya qəbul edildikdən sonra cəmiyyət inkişaf edib:

“Yeni çağırışlar və zamanın tələblərinə uyğun olaraq bir qayda olaraq Konstitusiya dəyişiklikləri həyata keçirilir. Bu baxımdan dəyişikliklər konstitusiyamızı daha da təkmilləşdirib, müvafiq tələblərə və çağırışlara cavab verə bilən müddəalarla zənginləşdirilib. Mən deyərdim ki, bu dəyişikiklərin içərində xüsusi olaraq Azərbaycanda prezident seçkilərinə qoyulan məhdudiyyətin aradan qaldırılması Azərbaycan xalqının iradəsinə söykənən və dövlətçiliyimiz baxımından mühüm əhəmiyyət kəsb edən dəyişiklikdir. O dəyişiklikdən sonra Azərbaycan xalqı müasir dövrdə, dünya miqyasında özünü lider, dövlət xadimi kimi təqdim edən İlham Əliyev yenidən Azərbaycan xalqının etimadını qazanabiləcək imkanlarını yaratdı və bu imkanlar son dərəcə ciddi əhəmiyyət kəsb edir. Bütün dəyişikliklər Azərbaycanın inkişafına töhfə verir”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa:

"Bu, müstəqillik dövrümüzün Konstitusiyasıdır, ona görə də böyük dəyər veririk".

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib ki, Konstitusiya dövlətin təməlidir.

“Çünki insanların hüquq və azadlıqlarını təsbit edən, siyasi quruluşu təyin edən bir ali sənəddir. Ona görə də bu günün Azərbaycan cəmiyyətində fərqli şəkildə qeyd olunmağını istəyirəm. İnsanların Konstitusiyaya sayğısı, məmurların Konstitusiyaya əməl etməsi və konstitusiyalı həyat tərzi üzərində bütün sistemimizin qurulması hamımızın faydasınadır. Bizim bu Konstitusiyamız müstəqillik dövrümüzün Konstitusiyasıdır, ona görə də buna böyük dəyər veririk, özəl olaraq qeyd edirik”.

Комментарии (0)

Оставить комментарий