"Biz o sosial şəbəkələrə böyük pullar qazandırmırıq"
"Biz boykot edə bilərikmi?" sualında gəldikdə isə, AİKTSA sədri vurğulayır ki, Azərbaycan internet seqmenti olaraq çox kiçikdir: "Bu kiçik internet seqmenti ilə biz o sosial şəbəkələrə böyük pullar qazandırmırıq. Buna görə də ölkəmizin hər hansı etirazda üstünlük əldə edə bilməsi çətindir. Amma beynəlxalq hüquq müstəvisində biz tələblər irəli sürüb, qalib gələ bilərik. Yəni biz 100 milyonluq ölkə olmadığımız üçün ancaq hüquq müstəvisində bu nümayəndəliklərə etirazımızı bildirə, razılıq əldə edə bilərik. Bu platformalara kim daha çox qazandırırsa, söz haqqı daha çoxdur".
Gəlirlərdən Azərbaycana vergi verilməlidir
Sosial media eksperti Fərid Kazımov isə vurğulayır ki, hazırda ölkədə virtual məkanda reklam bazarının tənzimlənməsinə ciddi ehtiyac var: "Bu gün sosial şəbəkələr reklam yerləşdirdiklərinə görə, ölkəmizdə ödənişlər etmirlər. Bu, reallıqdır. Burada məsuliyyət reklam verənlərin üzərinə düşür. Yəni Azərbaycan şirkətləri hər hansısa reklam verərlərsə, onlar müəyyən ƏDV və sair ödənişləri ödəyirlər. Əslində isə bu vergilər reklamların yerləşdirildiyi resursların məxsus olduğu şirkətlər tərəfindən ödənilməlidir. Yəni Azərbaycandan əldə olunan gəlirlərdən Azərbaycana vergi verilməlidir. Dünya ölkələrində bu cür təcrübə var. Bu kimi məsələlər artıq ölkə ərazisində tənzimlənməlidir".
Qaydalar müəyyənləşdirilməlidir
Mütəxəssis hesab edir ki, sosial şəbəkələrin ölkə ərazisində fəaliyyəti ilə bağlı ciddi addımlar atılmalıdır: "Bəzi sosial şəbəkələr avtoritar qaydalardan istifadə edərək paylaşımlara öz maraqlarına uyğun yanaşırlar. Məsələn, hər hansı aktual məsələlər gündəm olur, sosial şəbəkə rəhbərliyi öz maraqlarına uyğun olmayan fikirləri əngəlləyir, hətta hesablar silinir. Bu yaxınlarda olimpiadada testesteronu çox olan idmançı qadınların iştirakı ilə bağlı neqativ postlar pozulmuş, postları yazan hesablar blok edilmişdi. Bizə qarşı da bəzi laqeydliklər var. Bəzi sosial şəbəkələrdə Azərbaycanın mövqeyinin əleyhinə kifayət qədər resurslar yerləşdirilir, Azərbaycana qarşı tamamilə heç bir normalara sığmayan ittihamlar irəli sürülür. Bu hesabların heç biri blok olunmur. Zənnimcə, bununla bağlı reaksiya verilməlidir. Sosial şəbəkələrin Azərbaycanda fəaliyyəti ilə bağlı qaydalar müəyyənləşməli, müəyyən addımlar atılmalıdır".