Четверг
янв 19

Əmisi nazir olmuş aktyorumuz: "Serial olmayanda alçipan vurub dolanıram"

Əmisi nazir olmuş aktyorumuz: "Serial olmayanda alçipan vurub dolanıram"


Əmisi nazir vəzifəsinə qədər yüksəlib, nəsillərində sürgünə göndərilənləri, hətta Hüseyn Cavidlə ölüm kamerasında cəza çəkənləri də olub. Yarızarafat deyir ki, deyəsən, mən də onların taleyini yaşayıram. Hazırda heç bir teatrda işləməsə də, seriallardan və alçipan vurmaqdan qazandığı cüzi məbləğlə ailəsini dolandırmağa çalışır.

Müsahibədən əvvəl xəbərdarlıq edir ki, tanımadığım nömrədən zəng vurma. Səbəbini soruşuram. Cavab verir ki, banklara olan borcuma görə tanımadığım nömrədən gələn zənglərə cavab vermirəm. Yəni bu qədər təzadlı və keşməkeşli həyat-yaradıcılıq yolu var həmsöhbətimin.

Beləliklə, ölkə.az-ın suallarını tanınmış aktyor Rauf Şahsuvarov cavablandırır.

- Rauf bəy, əvvəlcə özünüz haqda oxuculara məlumat verərdiniz.

- 1967-ci ildə Laçında doğulmuşam, Mədəniyyət və İncəsənət Universitetində Eldar Quliyevin aktyor kursunu bitirmişəm. Təyinatımız Şuşaya verilib. 1991-92-ci illərdə Şuşa teatrında işləmişəm, fevralda müharibəyə getmişik. Bir il müharibədə olandan sonra 1993-cü ilin fevralında Şuşa Dövlət Musiqili Dram Teatrında Həsən Əblucun köməkliyi ilə "Arşın mal alan" əsəri hazırlandı. O tamaşada Vəli obrazını oynadım. Ümumiyyətlə, Şuşa teatrı 1990-cı ildə yaransa da, pərdələrini tamaşaçılara ilk dəfə Bakıda açdı. Şuşada məşq edirdik, amma tamaşa oynamırdıq.

- Adətən rayon yerlərində oğlanların aktyor olması birmənalı qarşılanmır.

- Nəslimizdə xeyli həkim var, atam da həkim idi. Peşə seçimi barədə övladlarına sərbəstlik vermişdi. Hətta ali məktəbdə bir müəllim soruşdu ki, hardansan? Dedim ki, Laçından. İronik tərzdə dedi ki, laçınlıdan da aktyor olar? Cavab verdim ki, laçınlılar Andronikin qabağına çıxıb, onu məhv edə bilir, aktyor ola bilmir?

- Şuşa Dövlət Musiqili Dram Teatrında işdən çıxıb bir müddət Rusiyada yaşadınız...

- 1994-1998-ci illərdə Rusiyada ticarətlə məşğul oldum, yenə də alınmadı. Sonra qayıdıb yenidən Şuşa teatrında işlədim.

- Dolanışıq mümkün deyildi, yoxsa başqa səbəb var idi?

- Bizim ali məktəbi bitirdiyimiz vaxt müharibəyə, dəyişiklik illərinə düşdü deyə, ən azı 15-20 il itirdik.

- Kimlərlə tələbə yoldaşı olmusunuz?

- Tələbə yoldaşlarımdan bu sahədə olanlar çox deyil. Bakı Bələdiyyə Teatrının aktyoru Mehman Abdullayev, Mehriban Zəki, estrada aktyoru İlham Əzizlə bir vaxtda oxumuşuq. O vaxt on səkkiz nəfərin təyinatını Şuşaya vermişdilər, ancaq mənimlə Azər Qafarovdan başqa heç kim getmədi. Eyni dövrdə oxuduqlarımızdan isə Rövşən İsax, Elxan Abbasov, Azər Axşam, İlham Hüseynov, Kəmalə Müzəffər, İntiqam Soltan, İlqar Cahangir, meyxanaçı Vüqar, Şövqi Hüseynov, Tünzalə Əliyevanın adını çəkə bilərəm. Bizim son dövrlər bir balaca tanınmağımızda Rövşən İsaxın böyük rolu oldu. "Pərvanələrin rəqsi" serialında neçə aktyor tanındı. İlqar Cahangir deyir ki, mən Otello oynayırdım. "Tarqovı"da tanıyırdılar, amma "Pərvanələrin rəqsi"ni oynayanda hər yerdə tanıdılar, "Tarqovı"da tanımadılar. Efir aktyora çox böyük köməkdir.

- Sənətdən uzaqlaşıb ticarətlə məşğul olduğunuz dövrlərdə Rusiyada teatra gedirdinizmi, teatrla maraqlanırdınızmı?

- Saratov şəhərində yaşayırdım, orada diasporanın tədbirləri olanda çıxış edirdik. Saratovun Gənc Tamaşaçılar Teatrının tamaşasına baxırdım. İçəridə bir sənət yanğısı var idi deyə, başqa işlə məşğul olmaq alınmırdı.

- Şuşa Dövlət Musiqili Dram Teatrından ayrılmağınıza səbəb nə oldu?

- 2011-ci ildə bu teatrdan qovulmuşam.

- Səbəb?

- Səbəbi ərizəmdə yazmışam. Soruşanda deyirəm ki, yəqin teatr rəhbərliyinin etimadını doğrultmamışam.

- Konkret səbəb olmalıdır axı...

- Tamaşaya getməmişik. Onun da bir səbəbi olub. Amma bu haqda geniş danışmaq istəmirəm. Ondan sonra "Pərvanələrin rəqsi" başlayanda İntiqam Soltan məni Bakı Uşaq Teatrına dəvət elədi, ştata götürülüb üç il işlədim və öz ərizəmlə işdən çıxdım.

- Bu işinizdən uzaqlaşmağın səbəbi nə oldu?

- Teatr var ki, yaradırlar, kimisə rəhbər təyin edirlər və deyirlər ki, get heyətini yığ. Amma teatr da var ki, hansısa insanın canı, qanı, əziyyəti bahasına başa gəlir. İntiqam Soltan da Bakı Uşaq Teatrını canıyla, qanıyla yaradıb. Mən də bacardığım qədər kömək etməyə hazır idim. Sadəcə, düşündüm ki, mənim missiyam burada bitdi. İntiqam istəmirdi ki, mən oradan çıxım. Amma ora mənimçün yaxşı məktəb oldu. Çıxandan sonra "Laçınfilm" prodakşnı yaratdım. Kimsə soruşanda deyirəm ki, istedad və bacarıqdan savayı heç nəyimiz yoxdur. Güvəndiyim 5-10 uşaq var ki, onlarla bir iş görə bilərik.

- Yığışdığınız bir məkan varmı?

- Ofisimiz vardı, indi imkanımız yoxdur deyə, ofisi təhvil verdik. Müəyyən yerlərdə görüşürük, planlarımızı müzakirə edirik. Prodakşnımızın nəzdində "Laçın" teatr studiyamız var. Bir tamaşa hazırlamışdıq, İran və Türkiyədə çıxış etmişik.

- Məşqləri harada edirdiniz?

- Əvvəl yerimiz var idi. Tehranda yaşayan dramaturq Pərviz Bəşərdüstün "Arzular bağı" əsəri əsasında İlqar Cahangirlə tamaşa hazırladıq. Martın 27-də - Beynəlxalq Teatr Günündə Türkiyənin Mərzafon bölgəsində həmin tamaşayla çıxış etdik və bildirdik ki, bu tamaşanı çox böyük sənətkarımız, özümüzə ustad bildiyimiz Səməndər Rzayevə həsr edirik. Həmin gün Səməndər müəllimin dünyasını dəyişdiyi gündür.

- Əlli yaşınız var. Bu yaş aktyorun püxtələşdiyi dövr hesab edilir. Belə demək olarmı ki, seriallara çəkilməklə özünüzü xərcləmiş olursunuz?

- Bunlar dolanışıq üçün lazımdır. Aktyora efirdə görünmək də lazımdır. Müğənnilər də populyar olurlar ki, toya gedəndə artıq qonorar alsınlar.

- Toylara gedirsiniz?

- Xeyr. Toy çox ağırdır, başa düşürəm ki, apara bilmərəm. Özümü tanıyan, imkanlarımı dəyərləndirə bilən insanam. Bəlkə də nə vaxtsa məclis idarə edə bilərəm. Amma məncə, aktyorun formada qalması üçün ən yaxşı yer teatrdır. O vaxt Rusiyada da filmlərə çəkilənlərin əksəriyyəti teatr aktyorları idi. Bu gün neçə illər teatrda dözən aktyorlar var. Yəqin ki, nə vaxtsa yaxşı olar da.

- Ölkədə 26 dövlət teatrı var. Nə əcəb bunlardan birinə müraciət etmirsiniz?

- Müraciət etməmişəm. Şuşaya təyinat alanda da təyinata qol çəkməmişdim. O vaxt rektorla görüşəndə də demişdim ki, məni hansısa teatrın rejissoru görüb, dəvət etsə, məmnuniyyətlə gedərəm.

- Şuşa teatrına məcburən getmişdiniz?

- Özüm də o torpaqlarda böyüdüyüm üçün getməliydim. Sabah qarşıma çıxan bir tələbə yoldaşım deyərdi ki, utanmırsan sən? Ya ictimai qınağa görə, ya içimdən gələn bir hiss var idi deyə, Şuşaya getdim. Bayaq kino sahəsində Rövşən İsaxı qeyd etdim, amma teatr sahəsində çox böyük bir rejissoru itirdik. Tələbə yoldaşımız Vaqif Əhmədov Ağdərədə şəhid oldu. Öz diplom tamaşası-"Anamın kitabı" o, dünyasını dəyişəndən sonra Naxçıvan teatrında qoyuldu. Çox perspektivli, qabiliyyətli rejissor idi. Azərbaycan teatrı və bizim nəsil aktyorlar onun timsalında çox böyük bir rejissoru itirdi.

- Sənət aləmində filmlərə çəkilmək, tamaşalarda rol almaq mənasında şəxsi münasibətlər nə dərəcədə rol oynayır?

- Elşən Zeynallı, Rövşən İsax kimi rejissorların müsbət cəhəti ondan ibarətdir ki, tanıdıqları, imkanlarına bələd olduqları aktyorlarla işləyirlər. Çünki gedib tamaşalarına baxırlar və bu da onlara uğur gətirir. Rejissor da var ki, şəkilə baxıb filmə çəkir. Amma tamaşaya baxıb potensialını görüb dəvət etmək daha yaxşı olardı. Mən özüm də Şuşa teatrında 1999-cu ildə "Aydın" tamaşasını hazırlamışam. 2002-ci ildə Haqverdiyevin "Millət dostları"na quruluş vermişəm, 1993-94-cü illərdə ilk pantomima fesvtivalında bir nömrə hazırlamışam. Bəlkə bu ondan irəli gəlirdi ki, mənimlə işləyən yox idi deyə, özümü göstərmək istəyirdim. Amma teatrın rejissorun teatrı olmağı aktyor üçün də çox yaxşıdır. Rejissor tam fərqli sənətdir, aktyordan qat-qat çox bilməlidir. Əgər aktyor gəlib rejissora dərs deyirsə, bu rejissor deyil.

- Ümumiyyətlə, rejissorun işinə müdaxilə etməyi xoşlayan aktyorsunuz?

- Müdaxilə deməzdim, amma maraqlı ideya varsa, deyə bilərəm. Adətən ağıllı rejissorlar yaxşı təklifləri qəbul edirlər. Məsələn, Rövşən İsaxa bir ideya, təklif verirsənsə, özü onu çox gözəl formada inkişaf elətdirir.

- Bir az da qonorar məsələsindən danışaq. Aktyor seriala çəkilməklə dolanışığını təmin edə bilir?

- Pul müəyyən problemləri həll etmək üçündür. Bizdə də problemlər o qədərdir ki, deməli, çox pul lazımdır. Məni aldığım qonorar qane edirdi. Böyük məbləğ olmasa da, yaxşıydı.

- Seriallarda aktyorlar 500-600 civarında qonorar alırlar.

- Min manat civarında qonorar almışam. Sadəcə, bu məbləğin qarşılığında bizdən böyük sənət də istəyirlər. Mən onsuz da başqa bir işlə məşğul oluram.

- Hə, elə bunu soruşacaqdım. Bildiyimə görə, təmir-tikinti işləriylə də məşğulsunuz.

- Bəli, alçıpan işiylə də məşğulam. Bəzən elə rejissor səni çağırır ki, işdən ləzzət almağa görə az qonorara da razılaşırsan. Amma ortada sənət olmayanda qonorarı yüksək deyirsən. Verirsə, versin, vermirsə, özü bilsin.

- Alçıpandan danışırdıq. Alçıpanın kvadratmetri əvvəl 10-15 manat idi. İndi neçəyədir?

- İndi nə versələr, gedib işləyirik.

- Olur ki, iş sahibi aktyor olduğunuzu bilsin, tanısın?

- İş sahibinin mənə, mənim də ona hörmətim yoxdursa, işləmirəm. Tanıyan olanda deyirəm ki, bu işi də bacarıram, hobbimdir. Başqa nə deyim ki?

- Hazırda alçıpanda işləyirsiniz?

- Beş-altı aydır ki, seriala çəkilirdim deyə, alçıpan işi görmürdüm. "Qardaşlar" serialında mənim yerlərim qurtardı, "Vicdan haqqı" serialında yerlərim qalır.

- Kirayədəsiniz?

- Yox, öz evim var.

- Bilirəm ki, Laçının məşhur Şahsuvarov nəslindənsiniz..

- Minkənddə Şahsuvar yüzbaşı olub. Onun belə bir möhürü olub-Yelizavotpol Quberniyasının Zəngəzur qəzasının Şahsuvarlı obası. Orada onun oğlanlarından babamın əmisi oğlu olub-Nurməmməd bəy Şahsuvarov. Nurməmməd bəy Adilxan bəy oğlu 1883-cü ildə Zəngəzur qəzasının Minkənd (Şahsuvarlı) kəndində anadan olub. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirib, bir müddət Gəncədə rus dili müəlimi işləyib. Sonralar Tiflis Aleksandr Müəllimlər İnstitutunu, ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsini bitirib.

Rusiya Fevral İnqilabı dövründə siyasi hadisələrdə yaxından iştirak etmiş, 1918-ci ilin yayında Şimali Qafqaz xalqlarının azadlıq hərəkatının nəticəsində yaradılmış Dağlılar Respublikasının xalq maarif naziri təyin olunmuşdu. 1919-cu ilin iyununda Bakıya gələn N. Şahsuvarov Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin birinci hökumətində maarif nazirinin müavini vəzifəsində işləyib. Azərbaycan Dövlət Universitetinin (İndiki BDU-red.) yaranmasında böyük əməyi olub. Bağırovun dövründə deyilənə görə, rus dilini mükəmməl bildiyinə görə sürgün edilib. Qardaşları Mürsəl və Surxay Şahsuvarovlar da tanınmış şəxslər olublar. Mürsəl əmim Hüseyn Cavidlə 101 gün ölüm koloniyasında yatıb.

- Bir az da sizin Qarabağdakı döyüş yolunuzdan danışaq.

- O vaxt Arif Paşayevin rəhbərliyi altında Laçın polku-ilk nizami polk yaradıldı. Biz də üç qardaş könüllü olaraq getdik, bacardığımızı elədik. Qardaşlarım Məhərrəm Şahsuvarov və Üzeyir Şahsuvarovla eyni dövrdə döyüşmüşük. Balaca qardaşım bizdən çox vuruşub. Laçında Kirs dağında döyüşlərdə olmuşuq. Əsasən postlara gedirdik.

- Son olaraq yaradıcılıq arzularınızı bilmək istərdim...

- İstərdim ki, "Laçın" teatrı studiyasında tamaşa hazırlayım. Sponsor sarıdan sıxıntılarımız olsa da, yəqin ki, kömək edən olar. Film ssenarimiz isə 16 seriyadır. Çoxseriyalı bədii televiziya filmi formatındadır. Hər seriyasına 13-14 min vəsait lazımdır. Orada çəkilən aktyorların birinin qardaşı, birinin atası, mənim özümün əmim oğlu şəhid olub deyə, bu işə canımızı qoymağa hazırıq. Hamısı da peşəkarlardır.

- Kiməsə müraciət etmisiniz?

- İş adamlarına müraciət etmişik, hərəsi bir söz deyir. Tamaşalarımızı da hazırlayıb ölkədən kənarda çıxış etmək, Laçın haqda fikir yaratmaq istəyirik. O vaxt bizim Laçınlılar qrupu var idi. Təmənnasız Laçının təbliğatı üçün işlər görürlər. O vaxt "Palmalı" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova müraciət etdilər ki, Soltan bəy və Xosrov bəyin adını əbədiləşdirmək üçün, ikisinin adına bir gəmi versin. O da hərəsinin adını bir gəmiyə verdi. Yəqin ki, filmlərə də belə dəstək olan insanlar tapılacaq. Hər halda yaxşı olacağına ümidliyəm.

Комментарии (0)

Оставить комментарий