Azərbaycanda inflyasiya, valyuta bazarındakı dəyişikliklər və qızılın bahalaşması fonunda vətəndaşların investisiya seçimləri gündəmdə qalır. Son dövrlər əhali arasında qızıl və dollarla bağlı maraq artıb.
Bəs investisiya seçimi hansı olmalıdır, dollar, qızıl, yoxsa daşınmaz əmlak?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc BAKU.WS-ə açıqlamasında mövzuyla bağlı mühüm məqamlara diqqət çəkib.
Vüqar Oruc bildirib ki, inflyasiya tək Azərbaycana deyil, bütün dünyaya təsir edir. Dollarla alınan məhsulların dəyəri əvvəlki illərlə müqayisədə aşağı düşüb və ABŞ valyutası belə inflyasiyadan yayınmır. Qızılın qiyməti isə bahalaşdığı üçün insanlar bu istiqamətə yönəlir.
Ekspertin sözlərinə görə, qızıl passiv yığım vasitəsidir və əlavə gəlir gətirmir. Dollar hazırda stabil qalsa da, devalvasiya dövrlərində süni artımlar müşahidə olunur, lakin bunun alıcılıq qabiliyyətinə təsiri yoxdur.
"Bu səbəbdən, mövcud vəsaiti daşınmaz əmlaka yönəltmək daha doğru və gəlirli investisiya qərarı sayılır. Çünki daşınmaz əmlak həm real dəyərə malikdir, həm də zaman keçdikcə bazardakı dəyişikliklərə daha dayanıqlı olur. Kirayə gəliri gətirməsi, uzunmüddətli perspektivdə dəyərinin artması və inflyasiya qarşısında öz qiymətini qoruması investorlar üçün ciddi üstünlük yaradır. Bundan əlavə, əmlak bazarı valyutalardakı dalğalanmalardan və qızıl kimi passiv aktivlərin risklərindən daha az təsirlənir. Buna görə də pulun daşınmaz əmlaka yatırılması sahibinə həm sabitlik, həm də real gəlir imkanı təqdim edir", – deyə Vüqar Oruc bildirib.
Şahanə Xankişiyeva