Son beş ildə Azərbaycanda muzdlu işçilərin sayı əsasən artım meyli ilə müşahidə olunub.
Media Təhlil Mərkəzindən (MTM) BAKU.WS-ə verilən məlumata görə, 2021-ci ilin sentyabr ayının sonunda ölkədə 1 699,3 min muzdlu işçi fəaliyyət göstərirdisə, 2022-ci ildə bu göstərici 1 727,9 min nəfərə yüksəlib. Bu da 1,7% (28,6 min nəfər) artım deməkdir.
2023-cü ildə muzdlu işçilərin sayında cüzi azalma qeydə alınıb və göstərici 1 719,8 min nəfər təşkil edib. Bu, əvvəlki illə müqayisədə 0,5% (8,1 min nəfər) azalma deməkdir.
Lakin növbəti illərdə artım tendensiyası bərpa olunub. 2024-cü ildə muzdlu işçilərin sayı 1 768,3 min nəfərə çatıb ki, bu da əvvəlki illə müqayisədə 2,8% (48,5 min nəfər) artım deməkdir.
2025-ci ilin sentyabr ayının sonuna olan məlumata əsasən, artım dinamikası davam edib və muzdlu işçilərin sayı 1 781,4 min nəfərə yüksəlib. Bu isə son bir ildə 0,7% (13,1 min nəfər) artımın qeydə alınması deməkdir.
MTM bildirir ki, son 5 ildə muzdlu məşğulluqda ümumi artım tendensiyası əmək bazarının genişlənməsi və rəsmi məşğulluğun artması ilə bağlıdır.
Qeyd edək ki, ümumilikdə 2021–2025-ci illər ərzində muzdlu işçilərin sayı 82,1 min nəfər və ya 4,8% artıb. Bu dinamika ölkədə məşğulluq bazasının genişləndiyini göstərir.
![]()
Son beş ilin məlumatları göstərir ki, 2021–2025-ci illər üzrə Azərbaycanda muzdlu işçilərin sayı dövlət və qeyri-dövlət sektorlarında fərqli istiqamətdə inkişaf edib. Media Təhlil Mərkəzinin təhlilinə görə, qeyri-dövlət sektorunda göstəricilər stabil artım meyli nümayiş etdirib, dövlət sektorunda isə tədrici azalmalar müşahidə olunub.
2021-ci ildə qeyri-dövlət sektorunda 795,7 min muzdlu işçi fəaliyyət göstərirdisə, 2022-ci ildə onların sayı 4,3% (34,2 min nəfər) artaraq 829,9 min nəfərə çatıb.
2023-cü ildə sektorda cüzi - 0,1% azalma qeydə alınıb, işçi sayı 828,9 min nəfər olub.
2024-cü ildə artım daha sürətli xarakter daşıyıb. Bu dövrdə qeyri-dövlət sektorunda muzdlu işçilərin sayı 7,1% (59,1 min nəfər) artaraq 888 minə yüksəlib.
2025-ci ildə də artım davam edib və göstərici 3,4% artımla 918,2 min nəfərə çatıb.
Ümumilikdə son beş ildə qeyri-dövlət sektorunda muzdlu işçilərin sayı 122,5 min nəfər və ya 15,4% artıb.
2021-ci ildə dövlət sektorunda 903,6 min muzdlu işçi çalışdığı halda, 2022-ci ildə bu göstərici 0,6% azalaraq 898 min nəfər olub.
2023-cü ildə azalma tendensiyası davam edib və muzdlu işçilərin sayı 890,9 min nəfər səviyyəsinə düşüb - bu, 0,8% azalmadır.
2025-ci ildə də azalma qeydə alınıb və dövlət sektorunda muzdlu işçilərin sayı 1,9% azalaraq 863,2 min nəfərə enib.
Son beş ildə dövlət sektorunda ümumi azalma 40,4 min nəfər və ya 4,4% təşkil edib.
Əlavə məlumat üçün bildirək ki, 2021–2025-ci illər üzrə dinamikaya əsasən, ölkədə muzdlu işçilərin sayının artması əsasən qeyri-dövlət sektorunun hesabına baş verib. Dövlət sektorundakı azalma isə struktur islahatları, optimallaşdırma və idarəetmənin səmərəliləşdirilməsi ilə izah olunur.
![]()
Son illərin statistikasına nəzər saldıqda, 2021–2025-ci illər ərzində Azərbaycanda orta aylıq nominal əməkhaqqının ardıcıl şəkildə artdığı müşahidə olunur.
Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər də göstərir ki, bu dövrdə əmək bazarında gəlirlərin yüksəliş tempi sabit qalıb.
Belə ki, 2021-ci ildə ölkədə orta aylıq nominal əməkhaqqı 723,2 manat təşkil edib.
2022-ci ildə əməkhaqqı əvvəlki illə müqayisədə 104,2 manat və ya 14,4% artaraq 827,4 manata yüksəlib.
2023-cü ildə artım tendensiyası davam edib və orta aylıq əməkhaqqı 919,8 manat səviyyəsində formalaşıb. Bu isə əvvəlki illə müqayisədə 92,4 manat və ya 11,2% artım deməkdir.
2024-cü ildə orta aylıq əməkhaqqı 73,2 manat və ya 8% artaraq 993 manata çatıb.
2025-ci ildə artım templəri daha da güclənib və orta aylıq nominal əməkhaqqı 1087,7 manat səviyyəsində qeydə alınıb. Bu, bir il ərzində 94,7 manat və ya 9,5% artım deməkdir.
Ümumilikdə, son beş ildə orta aylıq nominal əməkhaqqı 364,5 manat və ya 50,4% yüksəlib. Bu göstərici əmək bazarında stabil artım tendensiyasını və əhalinin gəlirlərinin mərhələli şəkildə yüksəldiyini təsdiqləyir.
Qeyd edək ki, 2025-ci il üçün ölkədə minimum əməkhaqqı məbləği 400 manat olaraq müəyyən edilib.
![]()
2021–2025-ci illər ərzində Azərbaycanda işsizlərin sayı ardıcıl şəkildə azalıb. Son beş ilin dinamikası göstərir ki, həm illik müqayisədə, həm də ümumi dövr üzrə işsizlik davamlı eniş trayektoriyası nümayiş etdirib.
Belə ki, 2021-ci ildə ölkədə işsizlərin sayı 320,4 min nəfər təşkil edib.
2022-ci ildə bu rəqəm 18,3 min nəfər və ya 5,7% azalaraq 302,1 min nəfərə düşüb.
Azalma tendensiyası 2023-cü ildə də davam edib və işsizlərin sayı 287,4 min nəfər olub. Bu, əvvəlki illə müqayisədə 14,7 min nəfər və ya 4,9% azalma deməkdir.
2024-cü ildə işsizlərin sayı 283,2 min nəfər səviyyəsində qeydə alınıb. Bu isə 2023-cü illə müqayisədə 4,2 min nəfər və ya 1,5% enmə deməkdir.
2025-ci ildə də işsizliyin azalması davam edərək göstərici 279,3 min nəfərə enib. Bu, son bir ildə 3,9 min nəfər və ya 1,4% azalma ilə xarakterizə olunur.
Ümumilikdə, 2021–2025-ci illər ərzində işsizlərin sayı 41,1 min nəfər və ya 12,8% azalıb. Bu dinamika ölkədə məşğulluq imkanlarının genişləndiyini və əmək bazarında müsbət tendensiyaların gücləndiyini göstərir.
![]()
Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin rəsmi məlumatları əsasında aparılan müqayisəli təhlil göstərir ki, işsizlik səviyyəsi baxımından bölgənin ən yaxşı göstəricisi Azərbaycanda, ən pis göstəricisi isə Gürcüstanda qeydə alınıb.
Cari ilin 1 iyul tarixinə Azərbaycanda işsizlik səviyyəsi 5,27% təşkil edib və bu, Cənubi Qafqaz regionunda ən aşağı göstəricidir. Eyni tarixə olan rəsmi məlumatlara əsasən, işsizlik Gürcüstanda 14,28%, Ermənistanda isə 12,25% olub.
Bu rəqəmlər göstərir ki, Azərbaycan regionda ən stabil və aşağı işsizlik səviyyəsinə malik ölkə olaraq fərqlənir.
![]()