Пятница
апр 03

Dünya şöhrətli mütəxəssislər açıqladı: "Koronavirus uşaqlarda böyüklərdən daha çox..." - ARAŞDIRMA

Dünya şöhrətli mütəxəssislər açıqladı: "Koronavirus uşaqlarda böyüklərdən daha çox..." - ARAŞDIRMA


Bütün dünyanın mübarizə apardığı koronavirus bu günə qədər 200-dən çox ölkəyə yayılıb və 1 milyondan çox insan virusa yoluxub.

Publika.az xəbər verir ki, risk qrupunun 60 yaşdan yuxarı olduğu bildirilsə də, son günlərdə gənclərin, hətta azyaşlı və körpələrin yoluxma, ölüm faktı qeydə alınıb.
Məşhur iş adamı İlon Maskın uşaqlarda koronavirusa qarşı immunitetin olmasını iddia etdiyi ilə bağlı yaxın müddətdə yazdığı tvit özü ilə birgə bir çox sualları gündəmə gətirib. Bu günə qədər aparılan araşdırmalarda koronavirusun yaşlılarda ciddi və ölümcül xəstəliyə səbəb olması, uşaqlarda isə kritik xəstəliklərə yoluxma faizinin aşağı olduğu ortaya qoyulub.
Lakin koronavirus pandemiyasında uşaq və gənclərin virusdan ciddi şəkildə təsir gördüyünə dair faktlar var. Belçikada 12 yaşlı qızın, Böyük Britaniyada 13 yaşlı oğlanın, Çində 14 yaşlı yeniyetmənin, ABŞ-da isə yeni doğulan körpənin koronavirusdan öldüyü təsdiqlənib.

“BBC Future” koronavirus səbəbilə təşvişləri artan valideynlərin suallarını mütəxəssislərdən soruşub.

Uşaqlara koronavirus keçə bilərmi?

Bəli. Eynilə yetkinlərdə olduğu kimi, uşaqlara da yoluxa bilər və simptomlarını biruzə verər.
Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin hesabatında 20 fevrala qədər qeydə alınan 72 min 314 Kovid-19 yoluxmasının 2%-nin 19 yaşdan aşağı şəxslərdə görüldüyü yazılıb.
Koronavirus uşaqlarda yetkinlərdən fərqli şəkildə ola bilərmi?
Oksford Universiteti Peyvənd Qrupunun sədri Endryu Pollard “qlobal ədəbiyyatda immunosupressiv və ya xərçəng kimi bir çox ciddi tibbi problemləri olan uşaqların belə koronavirusdan böyüklərdən daha az zərər gördüyü müşahidə edilir. Adətən, uşaqlar simptomları böyüklərdən daha yüngül keçirirlər” açıqlamasını verib.
Sauthempton Universitetinin pediatrı Qrehem Roberts isə sualı belə cavablandırıb: “Uşaqlarda Kovid-19 daha çox yuxarı tənəffüs yollarında (burun, ağız və boğaz) olur. Buna görə də aşağı tənəffüs yollarına, yəni ağciyərə çatması və yetkinlərdə gördüyümüz kimi pnevmoniya və SARS kimi xəstəliklərə onlarda rast gəlinmir.
Sauthempton Xəstəxanasının uşaq infeksiyaları xəstəlikləri məsləhətçisi Sancay Patel bildirib ki, uşaqlar böyüklər qədər koronavirusa yoluxa bilməz: “Lakin hazırda koronavirus testindən yalnız böyüklər keçirilir. Əslində təxmin etdiyimizdən daha çox uşaq xəstəliyə yoluxmuş ola bilər və bundan xəbərimiz olmaz”.

Koronavirusa yoluxan uşaqlar niyə yetkinlərdən daha yaxşı vəziyyətdədir?
Britaniyanın Nyuport şəhərində yerləşən Devid Hayd Astma və Allergiya Araşdırmaları Mərkəzinin direktoru Qrehem Roberts ehtimal olunan səbəblərdən birinin virusun hüceyrəyə daxilolma və problem yaratmaq üçün hüceyrənin səthində proteinə (reseptor) ehtiyac duymasını göstərib: “Koronavirus bu məqsəd üçün ACE2 (anqiotensin çevirici ferment 2) reseptorundan istifadə edir. Uşaqların aşağı tənəffüs yollarında yuxarı tənəffüs yollarına nisbətən daha az ACE2 reseptoru var. Buna görə də uşaqlar adətən burun, ağız və boğaz simptomlarını yaşayır. İnsan yaşlandıqca ACE2 reseptorları ağciyərdə çoxalır. Məhz bu fermentin azlığı uşaqlarda ciddi və ölümcül xəstəliklər yaratmır.

Kovid-19 müxtəlif yaş qruplarındakı uşaqlarda fərqli şəkildə özünü büruzə verə bilərmi?
Mütəxəssislər bu sualın cavabına “bəli” deyib. Çin hesabatları kiçik uşaqların, xüsusilə, körpələrin Kovid-19-a digər yaş qruplarına nisbətən daha az müdafiəsiz olduğunu göstərir. Hər 10 körpədən birində kəskin və ya kritik xəstəlik qeydə alınır. Uşaqların yaşı artdıqca isə risk azalır. Çində aparılan araşdırmaya görə, 5 yaşdan yuxarı uşaqların 100-dən 3 və ya 4-də ciddi, kritik xəstəlik əmələ gəlib.
Roberts məktəbəqədər uşaqlarda infeksiyaya daha az rast gəlindiyini açıqlayıb.

Yetkinlik dövründə koronavirus daha riskli ola bilərmi?

Həkim Robertsin sözlərinə görə, yetkinlərin immun sistemində koronavirusa nəzarət etmədə daha təsirli olan yetkin səviyyədə inkişaf görülür. Bundan başqa, koronavirusla bağlı insanların çox az şey bildiyini xatırlamaq lazımdır.

Çin araşdırmasında 9 yaşdan aşağı uşaqlar arasında ölüm faktı aşkarlanmayıb. 19 yaşdan aşağı yeganə ölüm faktı 14 yaşlı biri olub.

Kovid-19 dünyaya yeni gələnlərə keçə bilərmi?

Bəli. Pandemiya hazırda dünyanın bir çox yerində var. Çinin Uhan şəhərində və Britaniyanın paytaxtı Londonda olmaqla, bu tipdə ən az iki təsdiqlənmiş infeksiya aşkarlanıb. Bu körpələrin ana bətnində, yoxsa dünyaya gəldikdən sonra yoluxması hələ ki, bilinmir. Lakin hər iki vəziyyətdə anada koronavirus aşkarlanıb.

Koronavirusun ana bətnindəki uşaqlara necə təsir göstərdiyi haqqında nə bilirik?
Hələ ki, bunu araşdırmaq üçün kifayət qədər fakt aşkarlanmayıb. SARS və MERS epidemiyaları hamilə qadınlara yoluxa, uşaqlarını itirməyə və ya erkən doğuşa səbəb ola bilir. Yeni tip koronavirusda isə buna rast gəlinməyib.

Комментарии (0)

Оставить комментарий