Воскресенье
окт 17

Altı bacının bir qardaşı, XTQ-nin şəhid giziri Vasif Mehbalıyev - VİDEO

Hər gün vətən müharibəsinin şəhidləri ilə bağlı sujetlərə yer ayırmağa çalışırıq. Onların adları həyatları hekayələri fərqli olsa da sonu birdir- hər insana qismət olmayan şəhidlik məramı. Bu dəfə 44 günün şahidi və şəhidi olmuş xüsusi təyinatlı Vasif Mehbalıyevdan söz açacağıq.
Dostunu xilas etmək üçün həyatını təhlükəyə atdı və ali mərtəbəyə - şəhadətə yüksəldi. Söhbət Neftçalada boya başa çatmış Vasif Gülhəsən oğlu Mehbalıyevdən gedir.
Beş bacının bir qardaşı olan Vasif Mehbalıyev 1994-cü ildə Neftçalanın Aşağı Surra kəndində anadan olub. 2012-ci ildə həqiqi hərbi xidmətdə olub, 2013-cü ildə hərbi xidməti başa vurub.
Atası Gülhəsən Mehbalıyev deyir ki, oğlu hərbi xidmətdən qayıtsa da, fikri-zikri hərbidə qalmışdı. Elə bu istəklə də 2016-ci ildə Vasif gizirlik kursuna yazılıb. Altı aylıq təlimdən sonra tank komandiri kimi hərbi xidmətə başlayıb. 2017-ci ildən Vasif Mehbalıyev təcrübəli hərbçi kimi XTQ sıralarına cəlb edilib. Vətən müharibəsi başlayanda o, Cəbrayıl istiqamətində döyüşlərə qatılıb.
Vasif Mehbalıyev Cəbrayıl və Füzuli rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. O, oktyabrın 15-də Füzuli istiqamətində gedən döyüşlərdə yaralı əsgər yoldaşını döyüş meydanından çıxarmaq istərkən düşmən gülləsinə tuş gələrək şəhid olub.
Bu gün Vasif Mehbalıyevin anım günündə ata ocağı Neftçala sakinlərinin ziyarətgahına çevrilib. Böyükdən kiçiyə hər kəs bu ocağa axın edərək qəhrəman şəhidə öz dərin ehtramını ifadə edib.
Qeyd edək ki, Vasif Mehbalıyev şəhadətindən sonra "Azərbaycan bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.(xəzərxəbər)

Комментарии (0)

Оставить комментарий