Вторник
июл 05

Qədr gecəsi - bir ömürdən xeyirli bir gecə

Qədr gecəsi - bir ömürdən xeyirli bir gecə


Ən əvvəl onu bilməliyik ki, qədr gecəsi ilin gecələrinin ən üstünü, fəzilətlisi, hörmətlisi, əzəmətlisidir. Allah təala belə buyurmuşdur:

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!
2. Sən haradan biləsən ki, Qədr gecəsi nədir?
3. Qədr gecəsi min aydan xeyirlidir.
4. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər.
5. O gecə sübh açılanadək əmin-amanlıq olur.
[Qurani Kərim, əl-Qədr (Qədr gecəsi) surəsi]

Həqiqətən də qədr gecəsi axtarılmalıdır. Bu gecəni xüsusi olaraq Ramazan ayının son on günündəki tək günlərində axtarmaq müstəhəbdir. Yəni yaxşı əməldir. Allahın elçisi, sevimlimiz Məhəmməd peyğəmbər (səlləllahu aleyhi və səlləm) bu Qədr gecəsini Ramazanın son günlərində axtarardı. Ramazanın son on günü girdiyi vaxt gecələri ibadətlə keçirər, ailəsini oyadar, ibadət üçün yaxşıca hazırlaşardı. Belə ki, son gecələr xanımlarından uzaqlaşıb özünü ibadətə verərdi. Peyğəmbərimizin (səlləllahu aleyhi və səlləm) bu davranışı bizə onu bildirir ki, biz də bu Qədr gecəsini axtarmalıyıq. Əgər Allahın rəsulu (səlləllahu aleyhi və səlləm) axtarıbsa deməli bu böyük və əzəmətli bir işdir. Biz də bundan dərs götürməliyik.

Qədr gecəsinin təyin edilməsi haqqında alimlərin müxtəlif fikirləri vardır. Bəziləri 21-ci, bəziləri 23-cü, bəziləri 25-ci, bəziləri 27-ci, digər bəziləri də 29-cu günlərin gecələri olduğunu demişlər. Bəziləri isə Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) hədisinə uyğun olaraq son on gecələrin tək gecələrindən birinə dağılmışdır demişlər. Alimlərin çoxuna görə Qədr gecəsi Ramazanın 27-ci gecəsidir. Çünki bununla bağlı hədis vardır. Belə ki, Əhməd ibn Hənbəl (Allah ona rəhmət etsin) səhih bir sənədlə İbn Ömərdən (Allah ondan və atasından razı olsun) rəvayət etdiyi hədisdə Allah rəsulu (səlləllahu aleyhi və səlləm) belə demişdir: “Hər kim qədr gecəsini axtarsa onu iyirmi yeddinci gecəsində axtarsın”.

Müslim, Əhməd, Əbu Davud və Tirmizinin Übeyy bin Kəbdən (Allah ondan razı olsun) rəvayət edərək, Tirmizinin səhih dediyi hədisdə Übey bin Kəb belə demişdir: “Özündən başqa ilah olmayan Allaha and olsun ki, Qədr gecəsi Ramazanın içərisindədir. Yenə də Allaha and olsun ki, onun hansı gecə olduğunu bilirəm. Qədr gecəsi, Allah rəsulunun (ona və ailəsinə salam olsun) bizə əhya etməklə əmr etdiyi, Ramazanın iyirmi yeddinci gecəsidir”. (Belə ki, hədisdən də göründüyü kimi səhabə Qədr gecəsinin məhz bu gecə olmasına and içir. Qədr gecəsinin bir çox əlamətləri vardır. Ən böyük əlaməti odur ki, həmin gün səhər gün ağappaq şüasız çıxır).

Ümumiyyətlə bu gecənin özünə xas bəzi xüsusiyyətləri vardır ki, biz onları bu qısa məqalədə qeyd etməyəcəyik. Əsasən ona toxunmağı vacib bilirik ki, bu gecədə əsasən hansı ibadətləri yerinə yetirməliyik. Bu barədə yenə də Allah rəsulundan (s.ə.s) gələn hədisə baxacağıq. Buxari və Müslimin Əbu Hüreyrədən (r.a) rəvayət etdiyi hədisdə Allahın elçisi (s.ə.s) belə buyurmuşdur: “Hər kim qədr gecəsini inanaraq və savabını Allahdan gözləyərək ibadətlə keçirərsə onun keçmiş günahları bağışlanar”.

Aişə (r.ə) deyir: “Mən dedim: “Ey Allahın Elçisi, de görüm, hansı gecənin Qədr gecəsi olduğunu bilsəm, nə deyim?” Allah Elçisi salləllahu aleyhi və səlləm buyurdu: “De:
“Allahummə innəkə afuvvun kərimun tuhibbul-afva fə'fu-anni.
(ət-Tirmizi, 3513, 3855. əl-Albani “Sahihu Sunənit-Tirmizi”də (3/ 170) səhih olduğunu bildirmişdir.)
Tərcüməsi: Allahım, Sən Bağışlayan, Səxavətlisən və bağışlamağı sevirsən, məni bağışla!

Bu gecə çox dua etmək, Allahdan bağışlanma diləmək, tövbə və istiğfar eləmək lazımdır. Bəzi insanlar elə başa düşür ki, bu gecəni səhərə qədər oyaq qalmaq lazımdır. Təbiidir ki, əgər buna imkanı və gücü çatarsa oyaq qalsın. Amma bu o demək deyildir ki, səhərə qədər çilə çıxarıb ibadətdən kənar bir işlə məşğul olasan. Bu qətiyyən yol verilməzdir. Əsasən bilməlisən ki, bu gecənin bir hissəsində müəyyən qədər ibadət, etsən, Quran oxusan, zikr etsən, namaz qılsan sənə kifayət edər. Oyaq qalmaqda məqsəd ancaq və ancaq Allaha yönəlib dua etmək, bağışlanma üçün yalvarmaq və Allahı çox zikr etməkdir. Allah təala bizə Qədr gecəsinin qədr-qiymətini vermənin yollarını göstərsin. Qədr gecəsində ibadət edib günahları bağışlanan kimsələrdən olaq. Amin!

Комментарии (0)

Оставить комментарий