Пятница
ноя 02

"Bulaq" restoranındakı atışma iştirakçısının cəzası azaldıldı

"Bulaq" restoranındakı atışma iştirakçısının cəzası azaldıldı


Ali Məhkəmədə Badamdar qəsəbəsindəki "Bulaq" restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Fuad Əsgərov, Bəhruz Rəfiyev, Süleyman Abdullayev və Tofiq Qaramizədənin kassasiya şikayətinə baxılıb.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, F.Əsgərov, B.Rəfiyev və T.Qaramizədə kasassiya şikayətini geri götürüb.

Prosesdə Süleyman Abdullayevin şikayətinə baxılıb və məhkəmə qərarı elan edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarında dəyişiklik edilib və S.Abdullayevin cəzası 7 ildən 4 ilə endirilib.

Qeyd edək ki, hadisə 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Samur Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofuq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev və digər şəxslər tutulublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qaramizədə 7 il, Samir Allahyarov 10 il, Fuad Əsgərov 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilərək təqsirləndirilən Samir Allahyarovun cəzası 10 ildən 15 ilə, Fuad Əsgərovun cəzası 8 ildən 10 ilə və Süleyman Abdullayevin cəzası 4 ildən 7 ilədək artırılıb.

Комментарии (0)

Оставить комментарий