Воскресенье
окт 23

Hansı əmanətlər hansı kursla qaytarılmalıdır?

Hansı əmanətlər hansı kursla qaytarılmalıdır?


Cəmiyyətimizdə çox yanlış bir baxış sistemi mövcuddur ki, vətəndaş əgər, iqtisadi baxımdan səhv edibsə və yaxud da riskə yol veribsə, bundan doğan acı nəticənin məsuliyyətini və cavabdehliyini dövlət daşımalıdır. Sual yaranır ki, niyə və nəyə görə?!

Fikrimcə, bu, sosialist düşüncə tərzinin təzahürüdür və sovet dövründən qalma bir yanaşma metodur.

Məlumdur ki, bu və ya digər bankın müflis olması və ya lisenziyasının geri alınması özüylə çoxlu problemlər ortaya gətirir. Odur ki, hər hansın bankın ləğv edilməsində hökumət heç bir halda maraqlı ola bilməz. Azərbaycanda bankların konsolidasiyası, yəni birləşdirilməsi isə alınmır: bu, sübut olunubdur. Bununla belə, bu barədə yenə təkliflər irəli sürülür.

Odur ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sədri Rüfət Aslanlı bu günlərdə çox doğru olaraq xatırlatmağa məcbur oldu ki, məcburi qaydada iki qrupun birləşməsi idarətemədə fəsadlar yaradır. "İki problem üst-üstə gəlir. Mahiyyət və məsuliyyət dəyişmir",- deyə, MBNP sədri vurğuladı.

Məsələ ondadır ki, hər hansı bir problemli bankın digərinə birləşdirilməsi onun zərərlərinin digərinin üzərinə yüklənməsi deməkdir. Vay o gündən ki, mövcud 32 bankdan əslində, heç biri sağlam olmasın! Hazırda vəziyyət də faktiki olaraq məhz belədir. Yəni ki, ölkəmizdə bu gün fəaliyyət göstərməkdə olan bankların heç biri sağlam deyil. Və hər birinin müvafiq sağlamlaşdırma tədbirlərinə - "müalicəyə" ehtiyacı var.

Lisenziyası geri alınan hələki sonuncu bank olan "Standard Bank” ətrafında, baxmayaraq ki, dövlət tərəfindən sosial ədalət prinsipinin pozulmaması üçün hər vəchlə bütün lazımi addımlar atılıb, mübahisə və müzakirələr səngimək bilmir. İndi də qızğın müzakirə mövzusuna çevrilən məsələ odur ki, əhalinin lisenziyası əlindən alınmış banklardakı xarici valyuta ilə olan əmanətləri guya, həmin əmanətlər banka yerləşdirildiyi vaxtdakı kursla - köhnə məzənnəylə qaytarılır.

Bir müddət əvvəl isə qeyd edirdilər ki, ümumiyyətlə, əmanətlər üzrə kompensasiyalar heç qoyulduğu növdə valyuta, yəni xarici valyuta ilə qaytarılmır... Halbuki, heç bir halda belə bir hal baş verməyib. Çünki, "Əmanətlərin sığortalanması haqqında" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUnda deyilir:

27.1. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

27.3. Bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur.

O ki qaldı məzənnə məsələsinə, sığortalanma şərtlərinə uyğun, yəni ki, indiki halda manatla 15%, dollarla isə 3% təkliflə yerləşdirilmiş əmanətlər sığorta hadisəsi baş verən gündə qeydə alınmış kursdan kənar məzənnə ilə qaytarılmır və heç bir halda da qaytarıla bilməz. Nəinki "Bank Standard" üzrə, hətta indiyədək bağlanmış bütün digər banklar üzrə də...

Xatırladım ki, bu ilin mart ayının 1-dək isə sözügedən şərtlər manatla da, dollarla da 12% olmaqla başqa idi. Və hələ üstəlik, 30 min manatədək limit şərti də vardı. Qeyd olunan tarixdən sığorta şərtləri manatla 12, dollarla isə 3% təklif edilməklə, maksimal məhdudiyyət aradan qaldırıldı. Sentyabrdan isə manatla faiz şərti 15% edildi.

Sözün qısası, demək istədiyim budur ki, göstərilən şərtlərdən kənar yerləşdirilmiş, yəni sığortalanmayan əmanətlər üzrə kompensasiyaların necə və hansı şəkildə qaytarılmasının isə bütün bunlara heç bir dəxli yoxdur... O cümlədən, əmanətləri üzrə kompensasiya ödənişlərinin yuxarıda adını çəkdiyimiz qanunun 27,3 maddəsinə uyğun gələn vətəndaşların.

Yeri gəlmişkən, məsələn, bu gün bilavasitə "Bank Standard "da 262 min bank hesabı, 158 min əmanətçi var ki, bunun 15 minə qədər hissəsinin əmanəti məhz 27,3 maddəsinə uyğun olaraq qaytarılır...

Pərviz Heydərov

Комментарии (0)

Оставить комментарий