15
ноября
2019
19:12
Ərdoğan Ağ Evi sakitləşdirdi - TƏHLİL
Noyabrın 13-də ABŞ-a gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşüb. Prezidentlərin görüşü 1 saat 15 dəqiqə davam edib.
Bundan başqa Tramp Ərdoğanla görüşə Türkiyəyə qarşı kifayət qədər sərt mövqedə olan respublikaçı senatorları, o cümlədən, Lindsi Qremi dəvət edib. Bunun da əsas səbəbi münasibətlərdəki gərginliyi azaltmaq olub.
Trampın bu cəhdi bir mənada nəticə verib. Çünki Ağ Evdə Ərdoğanla görüşdən qayıdan Qrem Senatda səsverməyə təqdim olunan “erməni soyqırımı” qərar layihəsinə veto qoyub. Və senatorları “tarixi yenidən yazmamağa” dəvət edib. Halbuki bir həftə əvvələ qədər Qrem Türkiyəyə qarşı çox sərt idi, Ankaraya sanksiyalar haqqında qanun layihəsini hazırlamışdı.
Türkiyə prezidentinin ABŞ-a səfər proqramı xeyli zəngin idi. Məsələ ondadır ki, Türkiyə və ABŞ münasibətlərində son illərdə ciddi soyuqluq olub. Xüsusən də son aylarda gərginlik daha da artıb. Türkiyənin ABŞ-ın etirazlarına rəğmən, Rusiyadan “S-400” Hava Hücumundan Müdafiə Sistemləri (HHM) alıb, buna cavab olaraq Vaşinqton Türkiyəni “F-35” təyyarə proqramından çıxarıb, ABŞ-da təlimdə olan türkiyəli pilotları geri göndərib.
Oktyabrın 9-da Türkiyə “Barış pınarı” əməliyyatını başlatdıqdan sonra münasibətlər daha da pisləşib. Amerikalı siyasətçilər hökuməti kürdləri Türkiyə ordusundan qorumamaqda ittiham edib. Çünki əməliyyatdan bir gün əvvəl Tramp və Ərdoğan telefonla danışıb, ABŞ prezidenti ordunu Türkiyə-Suriya sərhədindən çəkməyə söz verərərk faktiki olaraq əməliyyata “yaşıl işıq” yandırıb. Ancaq amerikalı siyasətçilər, xüsusən də Trampın hər addmını təftiş edən demokratlar bu qərardan həm Ərdoğan və Türkiyəyə qarşı, həm də Trampa qarşı əks-təbliğat vasitəsi kimi istifadə edib.
Yalnız təzyiqlərdən sonra Tramp vitse-prezident Mayk Pensi Ankaraya göndərərək, Türkiyəni atəşkəsə razı salıb. Ancaq eyni zamanda, ABŞ Konqresi Türkiyəyə qarşı sanksiya qəbul edib, Nümayəndələr Palatası “erməni soyqırımı”nın tanınması haqqında qərarı qəbul edib.
Bu səbəbdən də Ərdoğanın noyabrın 13-də Vaşinqtona gerçəkləşdirdiyi səfərində bir sıra ciddi mövzular müzakirə olunub. ABŞ və Türkiyə prezidentləri “S-400” HHM sistemlərinin alınması, “F-35” təyyarələrinin alınması, “erməni soyqırımı”nın tanınması haqda qərar, ticarət dövriyyəsinin 100 milyard dollara qaldırılması, Suriya kürdləri, əsir alınmış İŞİD terrorçularının taleyi və Fətullah Gülənin geri qaytarılması kimi mövzuları müzakirə ediblər.
Ancaq liderlər konkret olaraq hansı qərar verildiyi haqda məlumat verməyiblər. Mətbuat konfransında verilən açıqlamalardan belə məlum olub ki, həm “S-400”, “F-35” mövzusu “səlahiyyətli şəxslər” tərəfindən müzakirə olunacaq.
Birgə mətbuat konfransında Tramp deyib ki, “S-400” mövzusu “çox böyük çətinlik yaradır”, ancaq düzələcəyinə ümid edirlər. Eyni zamanda, Ağ Evin yaydığı açıqlamada qeyd olunur ki, “digər mövzularda irəliləyiş əldə olunması üçün Türkiyənin Rusiyadan aldığı “S-400” HHM sistemi mövzusunda yaranmış problem həllini tapmalıdır”.
Yəni bir mənada Vaşinqton digər məsələlərin həli üçün “S-400” mövzusunun həllini əsas şərt olaraq görür.
Türkiyə prezidenti isə daha optimist danışıb. Ərdoğan deyib ki, Trampla daha əvvəl Osaka Sammitində Türkiyəyə “Patriot” HHM sistemlərinin satılmasında haqsızlıq edilib. Ərdoğan deyib ki, ABŞ tərəfi təklif edərsə, Ankara “Patriot” almaq mövzusunu gözdən keçirə bilər.
Bundan başqa, Türkiyə prezidenti F.Gülənin geri qaytarılması ilə bağlı, həmçinin, Suriya Demokratik Qüvvələri Koalisiyası hərbi güclərinin komandanı Fərhad Abdinin terror fəaliyyətləri barədə ABŞ prezidentinə sənədlər təqdim etdiyini deyib.
Ərdoğan deyib ki, ABŞ-la əlaqələrdə yeni səhifə açmaq niyyətindədir. O, həmçinin, ABŞ-ın Yaxın Şərqdə sülh məqsədinə nail olması üçün ən etibarlı müttəfiqinin Türkiyə olacağını deyib.
Türkiyə prezidenti Suriya ərazisində həbsxanalardan qaçan 2200 İŞİD terrorçusunun hazırda onların əlində olduğunu qeyd edib.
“Erməni soyqırımı” layihəsi haqqında danışan Ərdoğan bir daha bu mövzunun siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalı olduğunu deyib. Türkiyə prezidenti xatırladıb ki, Silahlı Qüvvələrin arxivində erməni mövzusu ilə bağlı bir milyondan çox sənəd mövcuddur. Ərdoğan ABŞ-la ticarət həcmini 100 milyard dollara çatdırılması mövzusunda razılaşdıqlarını deyib.
ABŞ prezidenti isə Ərdoğanı yüksək səviyyədə qarşılayıb. Ərdoğanın heyranı olduğunu deyən Tramp bir çox məsələlərdə Türkiyə prezidentinə dəstək verib. Tramp deyib ki, Türkiyədəki qaçqınlara yardım edilməsi mövzusunda Avropa İttifaqı rəhbərləri ilə danışıqlar aparıb. Tramp bildirib ki, Türkiyənin kürdlərlə ciddi probleminin olduğunu düşünmür. Eyni zamanda, qeyd edib ki, ABŞ İŞİD-ə qarşı mübarizədə kürdlərlə əməkdaşlıq edib.
Ərdoğan isə kürdlərlə heç bir probleminin olmadığını, partiyasında 50-dən çox kürd deputatın olduğunu, əsas problemin isə kürd terrorçular olduğunu qeyd edib. Eyni zamanda, Ərdoğan Türkiyədə 350 min nəfər kürd əsilli qaçqının olduğunu da xatırladıb. Ərdoğan deyib ki, plan hazırlanıb, 6-24 ay arasında bir milyon qaçqını Suriyanın şimalında “təhlükəsiz zonaya” yerləşdirə biləcəklər.
ABŞ-dan geri dönərkən yolda jurnalistlərlə söhbətində Türkiyə prezidenti qeyd edib ki, o, həm ABŞ, həm də Rusiya ilə dost olmaq istəyir. Bütün fəaliyyətləri də bunun üçündür. Ərdoğan Tramp haqqında müsbət danışıb, səmimi olduğunu deyib.
Türkiyə prezidentinin ABŞ səfəri Ərdoğan üçün müsbət atmosferdə keçib. Ağ Ev sahibi Ərdoğanı yüksək səviyyədə qarşılayıb, ona böyük ehtiram göstərib və faktiki olaraq açıq danışqılarda və brifinqdə hər hansı etiraz etməyib. Eyni zamanda, Tramp Türkiyə prezidentinə ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq barədə vəd verib. Bundan başqa, Senat “erməni soyqırımı” mövzusuna veto qoyub.
Bu səfər və danışıqlar indiki mərhələdə Türkiyə üçün ciddi uğur hesab oluna bilər. Çünki münaisbətlərin həddən artıq soyuduğu, hətta qopma həddinə gəldiyi bir vaxtda Ərdoğan bir baxıma əlaqələri qoruyub-saxlamış oldu. Eyni zamanda, görünən odur ki, Tramp şəxsən özü və yaxın ətrafı da Türkiyə ilə münasibətlərin yaxşı olmasında maraqlıdır.
Bunu Trampın öz açıqlamaları və Ərdoğanın sözlərindən anlamaq mümkündür. İndi Türkiyə qədər ABŞ-ın hazırkı hökumətinə də Ankara ilə əlaqələri qoruyub-saxlamaq lazımdır. ABŞ-ın hazırda əsas rəqibi olan Çin Yaxın Şərqdə sürətlə fəallaşır.
Vaşinqtonun ikinci rəqibi Rusiya isə Türkiyəni hər vəchlə özünə tərəf çəkməyə çalışır. Tramp anlayır ki, Türkiyə ilə əlaqələr pozularsa, Vaşinqtonun faktiki olaraq Yaxın Şərqdə güclü hərbi müttəfiqi qalmır. Regiondakı ərəb ölkələri isə hər addımda Vaşinqtona möhtac olan, zəif dövlətlərdir. Bu mənada, Tramp kimi prezident üçün Türkiyəni itirmək böyük itki ola bilər.
Lakin eyni zamanda, Vaşinqtonda Trampın özü ilə yola getməyən siyasi dairələr Türkiyə məsələsində ona təzyiq edir. Ankaranın Rusiya ilə hərbi-siyasi yaxınlaşmasını ciddi təhlükə olaraq görürlər.
Yeri gəlmişkən, Trampın ötən həftə Ərdoğana yazdığı məktubda da Türkiyənin Rusiyadan aldığı “S-400” HHM sistemini aktivləşdirməməsi və Rusiyadan silah almamaqla bağlı öhdəlik götürməsini əlaqələrin yaxşılaşdırılması üçün şərt olaraq göstərib.
Yəni daha sadə dildə ifadə olunsa, ABŞ Türkiyəni öz yanında, amma Rusiya olmadan istəyir.
Türkiyə isə bərabərhüquqlu müttəfiq kimi həm Rusiya, həm də ABŞ-la dostluq əlaqələri qurmağı planlaşdırır.
Bu səbəbdən də Ərdoğanın 13 noyabr səfərində hər hansı açıq razılaşma əldə olunmadı. Ağ Ev isə Trampın optimizminin əksinə olaraq, “S-400” mövzusunu, yəni Rusiyadan silah almağı yerdə qalan bütün məsələlərin həllində açar olaraq göstərib.
Nəticə olaraq Ərdoğann Vaşinqton səfərini periodik, ya da belə mümkünsə taym-aut hesab etmək olar. Ən azı Vaşinqtonla Ankara əlaqələri hələlik qorunub-saxlanır, mübahisəli mövzular isə müzakirəyə açılır.
Bu, dünənə qədər olan gərgin, əlaqələrin qopma vəziyyətindən daha yaxşıdır. Çünki ən azı yaxın dövrdə danışıqlar davam edəcək, Ankara və Vaşinqton bir-birini kəskin dildə ittiham etməyəcəklər. Bu müddətdə Ankara Vaşinqtonu yola gətirməyə çalışacaq.
Rəşad Quliyev