27
октября
2019
03:00
Sünnəti hansı yaşlarda etmək olmaz? Uşaq cərrahından XƏBƏRDARLIQ!
“Sünnətin faydaları çoxdur. Məsələn, sünnət edilən uşaqlarda sidik yolu infeksiyaları daha az olur və kişi cinsiyyət orqanı xərçəngi onlarda daha az müşahidə edilir. Yoluxucu xəstəliklərə də sünnət olmayan kişilərdə daha çox rast gəlinir".
MAY.AZ bildirir ki, bunu lent.az-a müsahibəsində uşaq cərrahı və uroloqu, uzman həkim Allahverdi Musayev deyib.
Həkim bildirib ki, sünnət prosesi 2-12 ay arası müddətdə həyata keçirilməlidir, optimal ideal variant isə 2-4 aydır: "Valideynlərə övladlarını 1 yaşdan 4 yaşa qədər sünnət etdirməklərini məsləhət bilmirəm. 4 yaşdan sonra isə sözügedən proses həyata keçirilə bilər. Bizə müraciət edən valideynlər arasında əgər 1-4 yaş arası uşaqları sünnət etdirmək istəyənlər olursa, əvvəlcə onlara məsləhət veririk, ancaq qərar ailənin öhdəsinə buraxılır. Əgər sözügedən yaş aralığında uşaqları sünnət ediriksə, onları yüngül formada yatırdaraq, xəbərləri olmadan, bir sözlə, onlara psixoloji təsir etmədən prosesi icra edirik".
Cərrah deyib ki, uşağı doğulan kimi sünnət etdirmək sağlamlıq üçün çox zərərlidir: "Düşünürəm ki, valideynlər bu cür təkliflə həkimlərə müraciət etdiklərində, onlar bunu qəbul etməməlidirlər. Valideynlər, eləcə də bəzi şəxslər elə bilirlər ki, uşaq bu müddət ərzində, yəni 40 günə kimi ağrı çəkmir, çünki onların hissiyyatı olmur. Bu, absurddur. Uşaqlar doğulduqları andan, bütün ağrıları hiss edirlər. Sadəcə, onların gücü olmur ki, ağrıları büruzə versinlər. Onlar ağrını psixoloji olaraq çəkirlər və ya ağrıdıqları müddət ərzində yemək yemir, su içmir və ya rahat yata bilmirlər.
Eyni zamanda, uşaqları sünnət edərkən istifadə olunan keyləşdirici dərmanlar da əksər vaxtlarda fəsadlara səbəb ola bilirlər. Buna görə də valideynlər həm həkim, həm də sünnətin həyata keçirilmə vaxtı seçimində çox diqqətli olmalıdırlar".
A. Musayev qeyd edib ki, lazer kaoqulyatorla edilən sünnət uşaqlar üçün olduqca zərərlidir: "Əgər lazerlə sünnət edilərsə, əməliyyatdan öncə uşaq əvvəlcə tibbi və psixoloji olaraq hazırlanmalıdır. 1 yaşına qədər olan uşaqlarda sünnət yerli anesteziya, 1-4 yaşına qədər sedativ anesteziya, 4 yaşından sonra isə yerli anesteziya ilə edilməlidir".
Onun sözlərinə görə, 1-4 yaşında sedativ anesteziya edilirsə, uşaqda kəkələmə, yaddaş zəifliyi yarana bilər.
Sünnətin dəlləklər tərəfindən icra olunması hallarına hələ də rast gəlindiyini deyən cərrah bunun ziyanlarından danışıb: "Evdə sterilizə mühitini yaratmaq mümkün deyil. Eləcə də, dəlləklərin istifadə etdiyi alətləri spirtlə silməklə sterilizə prosesi baş tutmuş sayılmır. Alətləri spirtlə sildikdə mikroblar yoxa çıxmaq əvəzinə daha da qıcıqlanaraq, çoxalırlar. Bu zaman uşaqlarda hepatitin, digər virus xəstəliklərinin yaranma ehtimalı yüksək olur".