Xuliqanlıqda ittiham olunan MMA idmançılarına cəza istənilib
Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək idmançıların hər birinin bir il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror Tofiq Musayevin barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.
Proses davam edir.
Qeyd edək ki, hadisə Səbail rayonu ərazisində baş verib.
İttihama görə, təqsirləndirilən idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb.
Cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılıb.
Ruslan Əfəndiyev və onun tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbs qərarı verilib. T.Musayev və M.Məmmədova istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Daha sonra təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.
İstintaqın sonunda iş üzrə təqsirləndirilən Mehman Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.