02
октября
2018
20:27
Avtobus nə üçün qatarla toqquşdu? - Sirr QALAN ŞOK DETALLAR - ARAŞDIRMA
Hadisə baş verən kimi Bakı Nəqliyyat Agentliyi əməkdaşlarının hadisə yerində olduğunu və araşdırma apardıqlarını açıqladı.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova isə açıqlamasında avtobusu idarə edən sürücünün giriş qadağan olduğu halda qorunan əraziyə daxil olduğunu bildirdi. S.Qədirova ərazidə dəmir yoluna giriş şlaqbaumlarının hər iki tərəfdən bağlı olduğunu dedi. Onun sözlərinə görə, qatarın sürəti 40 km/saat göstərilsə də, hərəkətdə olan qatarın sürəti 30 km/saat olub: "Avtobus sürücüsü şlaqbaumların bağlı olmasına baxmayaraq, qatar yoluna çıxıb və toqquşub".
Bu açıqlamadan belə qənaətə gəlmək olardı ki, avtobus şlaqbaumu sındırıb və qatarla toqquşub. Bəs necə olub ki, sürücü o şlaqbaumu görməyib?
Ona görə də diqqət yönəlir sürücünün avtobusu idarə etmə bacarığı və həmin andakı durumuna. Dünən axşam saatlarında yayılan məlumat isə qəzanın hansı şəraitdə baş verməsi ilə bağlı ilkin təəssürat yaratmış oldu.
İddia edilir ki, avtobusun sürücüsü Elxan Şirəliyev bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkumluq həyatı yaşayıb. Məlumatı təsdiqləyən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğunun müəyyən edildiyini bildirib.
Onun sözlərinə görə, həmin avtobusun məxsus olduğu “Ayşən” MMC-nin rəhbərliyinə BŞDYPİ tərəfindən dəfələrlə xəbərdarlıq olunub və nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib. Lakin bu istiqamətdə heç bir dəyişiklik baş verməyib.
Bu gün yayılan görüntülər isə təkcə günahkarın sürücü olmadığı qənaətini yaradır. Qəza anı ilə bağlı yayılan görüntülərdə qatar yolunda şlaqbaumun olduğu görünmür. Təbii ki, bu, sürücünün narkotik istifadəçisi olması, narkotik qəbul etdiyi halda xətdə buraxılması, avtobusdan sərnişinlərinin sayının normanı aşması və bu səbəbdən xəsarət alanların sayının 40-ı keçməsi gerçəyini dəyişdirmir. Lakin şlaqbaum açıq olubsa, məsuliyyət və səbəblər barədə yeni suallar yaranır.
Hər halda aidiyyəti qurumlar artıq çoxdan hərəkətə keçmiş olmalıdırlar. Məsələn, sürücünün necə işə qəbul edilməsi, yol nəqliyyat hadisəsinə görə məhkum edilən şəxsin avtobus sürücüsü kimi fəaliyyət göstərməsi, ərazidə şlaqbaumun olub-olmaması, olmadığı halda bunun səbəbi kimi məqamlar araşdırımalı idi.
Nə etdilər?
Bütün bu məlumatlardan sonra daşıyıcıların fəaliyyətinə nəzarət edən qurum Bakı Nəqliyyat Agentliyi hansı addım atıb?
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamasında sürücülərin daşıyıcılar tərəfindən seçildiyini və bunun da doğru hal olmadığını deyib:
“Bakı Nəqliyyat Agentliyi yalnız daşıyıcılara hər hansı xəbərdarlıq edə bilirik, sürücünün seçimi məsələsinə qarışmırıq. Konkret Binə qəsəbəsindəki qəzaya gəldikdə, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Bakı Nəqliyyat Agentliyi də səlahiyyətləri çərçivəsində araşdırma işləri aparılır. Bu araşdırmalar yekunlaşandan sonra əldə olunmuş nəticələrə uyğun qərar veriləcək. Araşdırmadan sonra daşıyıcının səhlənkarlıq, məsuliyyətsizliyə yol verdiyi təsdiqlənsə onunla bağlı tədbir görüləcək".
Yalnız bundan sonra...
"Binə qəsəbəsində sərnişin avtobusu ilə qatar toqquşarkən şlaqbaumun açıq olub-olmadığı araşdırılır".
Bu sözləri isə Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.
Onun sözlərinə görə, hadisə ilə bağlı yayılmış görüntülərdə şlaqbaumun olmaması tam aydın görünmür:
“Yayılan görüntülər barədə rəhbərliyə də məlumat vermişəm. Biz də məsələni araşdırırıq. Ərazidəki kamera görüntülərini Daxili İşlər Nazirliyindən əldə etməyə çalışırıq. Görüntülər əldə ediləndən sonra şlaqbaumun olub-olmadığı daha dəqiq bəlli olacaq. Yalnız bundan sonra məlumat verə bilərik".
S.Qədirova qatarın maşinistinin hadisədən sonra şok keçirdiyini və buna görə onunla danışmaq imkanının olmadığını deyib:
“Maşinist hadisədən sonra çox pis halda idi. Ona görə də onunla danışmaq imkanımız olmayıb. O, həkim müayinəsində olub. Hələ ki onunla danışmadığımızdan hadisənin necə baş verməsi barədə konkret məlumat əldə etməmişik”.
Sürücülük vəsiqəsi yox idi...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov açıqlamasında məsələyə belə aydınlıq gətirdi:
“Binə qəsəbəsində sərnişin daşıyan avtobus çən daşıyan qatarla toqquşub. Nəticədə iki nəfər həlak olub, 41 nəfər xəsarət alıb. Yol nəqliyyat hadisəsi baş verəndən sonra xəsarət alan sürücü tibbi müayinədən keçərkən həkimə ağrılarına görə dərman atdığını bildirib. Onun qəbul etdiyi dərmanın tərkibində narkotik tərkibinin olub-olmadığını ekspertiza müəyyən edəcək. Sürücü ilə bağlı araşdırma aparılarkən müəyyən edilib ki, sürücü əvvəlki illərdə yol qəza hadisəsi ilə bağlı məhbus həyatı yaşayıb. Bu ilin may ayında həbs müddəti bitib və o, şirkətdə işə düzəlib. Amma şirkətdə hansı vəzifəyə işə düzəldiyi bəlli deyil. Çünki hadisə zamanı sənədlər yoxlanılarkən onlar üzərində yox idi. Nə sürücülük vəsiqəsi, nə də texniki pasportu polisə təqdim edilib. Hazırda hadisə Dəmir yolları polis idarəsində araşdırılır”.
Ərazidə işıqfor və ya şlaqbaumun olmamasına gəldikdə, V.Əsədov bunun sürücünü məsuliyyətdən azad etmədiyini bildirdi:
“Dəmir yolu ilə avtomobil yolunun kəsişməsində təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif vasitələr - yol nişanı, işıqfor, sayrışan işıq, şlaqbaum ola bilər. Bunlar olmasa belə ərazidəki sürücü diqqətli olmalıdır. Sürücü bilməlidir ki, yaxınlaşmaqda olan qatar var. Qatar elə kiçik deyil ki, sürücü onu görməsin. Ərazidə bu vasitələrin olub-olmaması barədə məndə hər hansı məlumat yoxdur. Çünki işi dəmir yol polisi araşdırır”.
"O şlaqbaum deyil, taxta parçası idi..."
“DİGESTA” hüquq firmasının rəhbəri, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, mövcud standartlar və yol hərəkətinin təşkilinin texniki tənzimi qaydalarına görə, həmin dəmir yol keçidində işıqfor da, şlaqbaum da olmalı idi.
“Məlumatlara görə, sarı şlaqbaum heç açıq olmayıb. Görüntülərdən məlum olur ki, şlaqbaum kimi nəzərdə tutulmuş taxta parçası özü də standartlara uyğun deyil. Qanuna görə, şlaqbaumun üzərində növbələşən qırmızı ağ rənglər, ortasında qırmızı dairə olmalıdır. Düzdür, şlaqbaum açıq olsa da, qatar varsa sürücü əraziyə daxil olmamalı idi. Lakin siqnallaşdırmadakı problem vəziyyəti bir az da pisləşdirib”.
Sürücünün narkotik tərkibli dərman qəbul etməsi və əvvəllər məhkumluq həyatı yaşamasının onun avtobus sürücüsü kimi fəaliyyət göstərməsinə yarada biləcəyi məhdudiyyətlərdən danışan ekspert hər iki halın ciddi araşdırmaya ehtiyacının olduğunu dedi:
“Konkret tibbi rəy olmamış onun narkotik qəbul etdiyini demək doğru deyil. Qaydalara görə, sürücülük fəaliyyəti üçün əks göstəriş olan heç bir vasitəni qəbul etməməlidir. Narkoloji sərxoşluq yaradan vasitə alkoqol sərxoşluğu, ağır narkotik qəbul etməklə eyni nəticələr doğurur. Bu vasitələri qəbul edib xəttə çıxan sürücü məsuliyyət daşıyır. Belə olan halda daşıyıcının məsuliyyəti nəticələrdən asılıdır. Hazırkı qanunvericiliyə görə, daşıyıcı tibbi müayinədən keçirilməmiş sürücüyə nəqliyyat vasitəsini verdiyi halda daşıyıcının vəzifəli şəxsləri də cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bundan başqa sürücü yol nəqliyyat hadisəsinə görə məhkumluq həyatı yaşayıbsa və may ayında azadlığa buraxılıbsa, onun sürücülük hüququ olmamalı idi. Onun birinci hadisədə nə üçün onun sürücülük hüququndan məhrum edilmədiyi araşdırılmalıdır. İşəgötüən işə qəbul etdiyi şəxs barədə araşdırılmalı idi. Qanunvericiliyə görə, cinayət xarakterli yol nəqliyyat hadisəsinə törətdikdə məhkum olunan şəxslər 95 faiz halda ən azı bir il sürücülük hüququndan məhrum edilir. Bu sürücünün isə sürücülük hüququ olub və şirkətlə rəsmi əmək müqaviləsi də var. May ayında həbsdən çıxan birinin sürücülük hüququ necə ola bilər?”(Publika.az-a )