"Anamı, bacımı söyürdü" – Tovuzda dəhşətli cinayətin təfərrüatı
Hadisə 684

"Anamı, bacımı söyürdü" – Tovuzda dəhşətli cinayətin təfərrüatı

"Anamı, bacımı söyürdü" – Tovuzda dəhşətli cinayətin təfərrüatı


Tovuz rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Elxan Qasımovun cinayət işinə baxılıb.

Elxan Qasımov 16 yanvar 2017-ci il tarixdə həmyerlisi Kənan Qasımovun onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini zənn edib.

Balta ilə silahlandı və kafeyə gəldi

Bu səbəbdən o, Kənan Qasımova zəng edib və Tovuz şəhəri H.Əliyev prospektində yerləşən "Almalı" kafesində olmasını dəqiqləşdirub. Sonra yaşadığı evdən odun baltasını götürüb və həmin kafeyə gəlib.

Orada Elxan Qasımov Kənan Qasımovu öldürəcəyini deyib, həyətə çıxmasını tələb edib. Həmin vaxt zərərçəkmiş şəxslə birlikdə kafedə yemək yeyən tanışları – Azər İsayev, Ələddin İsmayılov və Babək İsayev onu sakitləşdirib. Ona yaşadığı evə getməsini tövsiyə ediblər.

Evə getməsini istədilər

Buna baxmayaraq Elxan Qasımov kafedən kənarda dayanıb və Kənan Qasımovun həyətə çıxmasını gözləyib. Kənan Qasımov isə onun getdiyini zənn edib və yemək yediyi beş nömrəli kabinetdən telefonla danışmaq üçün kafenin həyətinə çıxıb.

Bu zaman ora gələn Elxan Qasımov Kənan Qasımova ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyini bildirib və onu öldürmək niyyətini həyata keçirib.

Başından və kürəyindən vurdu

Elxan Qasımov özündə olan baltasının arxa hissəsi ilə Kənan Qasımovun baş və kürək nahiyəsinə iki dəfə vurub. Bu vaxt Azər İsayev, Ələddin İsmayılov və Babək İsayev hadisə yerinə gələrək ona mane olublar. Yaralını xəstəxanaya çatdırıblar. Vaxtında göstərilən ixtisaslı tibbi yardım nəticəsində Kənan Qasımovun həyatını xilas etmək mümkün olub.

“Mənim atamın, anamın, bacımın ünvanına söyüşlər işlədib”

İstintaq orqanı tərəfindən Elxan Qasımovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elxan Qasımov bildirib ki, zərərçəkmiş Kənan Qasımovu on ilə yaxındır tanıyır: “Kənanı tanıyandan sonra son vaxtlara kimi aramızda normal münasibətlər olub, əvvəllər aramızda dava-dalaş olmayıb. Lakin hadisədən əvvəl son bir neçə ay olardı ki, aramızda olan münasibətlər dəyişib, çünki son dövrlər heç bir səbəb olmadan Kənan məni söyüb. Kənan mənim atamın, anamın, bacımın ünvanına söyüşlər işlədib”.

“Yuxuda da məni rahatlıq vermədiyini görmüşəm”

Elxan Qasımovun sözlərinə görə, Kənan Qasımovla rastlaşanda sonuncuya heç nə deməyib: “Kənan heç bir şey olmamış durduğu yerdə mənim və ailəmin ünvanına söyüşlər etdi. Kənanın mənə qarşı ədəbsizlik etməsinin, söyməsinin təhqir etməsinin səbəbini bilməmişəm. İndi də bu mənə məlum olmayıb. Kənan məni hansı səbəbə söydüyünü deməyib. Neçə müddət Kənanı məni hansı səbəbə söyməsi haqda fikirləşmişəm. Lakin səbəbi tapa bilməmişəm. Hətta gecələr yatanda yuxumda Kənan məni və ailəmin ünvanına söyüşlər etdiyini, məni rahatlıq vermədiyini görmüşəm”.

“Öldürməyə gəldiyimi söylədim”

Təqsirləndirilən şəxs qeyd edib ki, Kənanın hərəkətləri ilə bağlı onunla görüşüb, bu narahatçılığa son qoymağı, məsələni qurtarmağı və Kənanı öldürməyi qərara alıb: “Buna görə də 16 yanvar 2017-ci il tarixdə, saat 15 radələrində Kənana zəng etdim. Ondan harada olduğunu soruşdum. Kənan Rüstəmin kafesində olduğunu dedi. Kənana onunla işim olduğunu, ora gələcəyimi bildirdim. Evimizdən odun baltasını özüm ilə götürdüm və təkcə piyada Kənan dediyi kafeyə gəldim. Kənanın kafenin hansı otağında, yaxud zalında oturduğunu bilmədiyim üçün kafenin həyətində Kənanı səslədim. Ona çölə çıxmasını, məsələni bitirməyə gəldiyimi, onu öldürəcəyini söylədim. Həmin sözləri səslənəndə kabinet otağın birindən Kənanın dostları Babək, Ələddin və Azər çölə çıxdılar. Həmin uşaqlara "Kənana deyin, çölə çıxsın, gəlmişəm ki, onu öldürəm və bu məsələyə son qoyam. Nə qədər o, məni və ailəmi söyməlidir, bu nə qədərə kimi davam etməlidir, indi burada bu məsələ bitməlidir, ona deyin çölə çıxsın”, - sözlərini dedim. Həmin vaxt Babək, Ələddin və Azər məni sakitləşdirməyə başladılar”.

“Balta ilə başından vurdum”

Elxan Qasımovun ifadəsinə görə, bundan sonra bir qədər sakitləşib, baltanı əlindən yerə qoyub: “Babək, Ələddin və Azər mənimlə bir az söhbət etdikdən sonra evə getməyimi məsləhət gördülər. Mən də geri qayıtmağa başladım. Babək, Ələddin və Azər mənim getdiyimi başa düşdü və yenidən kabinet otağına keçdilər. Mən isə kafenin həyətində gözlədim, siqaret çəkməyə başladım. Bu zaman siqaret çəkərkən aradan bir müddət keçdi. Kənan kabinet otağından təkcə çölə çıxdı. Kənan nəyə görə çölə çıxmasını bilməmişəm. Kənan məni gördü və "gəl görüm məndən nə istəyirsən nə deyirsən”, - sözlərini dedi. Mən də Kənana "nə səbəbə məni və ailəmi söyürdün, səninlə məsələni bitirməliyəm, sən ölməlisən", - sözlərini dedim. Baltanı əlimə götürərək Kənanın üstünə getdim. Kənan əlimdəki baltanı gördü və qaçaraq həyətdə olan avtomaşının ətrafına fırlandı. Mən də əlimdə balta ilə Kənanın dalınca qaçdım. Kənana çatanda balta ilə onun başında zərbə endirdim. Bu vaxtı Kənan qolunu qabağa verdi və balta sonuncunun qoluna dəyərək fırlandı. Baltanın kəsici tərəfi deyil, arxa tərəfı Kənanın başından dəydi. Bu zaman zərbə dəyən kimi Kənan zərbədən yerə oturdu. Dərhal ikinci zərbəni Kənana endirdim. Bu dəfə baltanın küt tərəfi Kənanın belindən dəydi. Həmin vaxtı səs küyə Kənanın dostları Babək, Ələddin və Azər kabinet otağından çölə çıxdılar. Onlar mənim üstümə hücum etdilər. Bu səbəbdən oradan qaçdım”.

Qisasçı cinayətkar dəli çıxdı

Təqsirləndirilən şəxs qeyd edib ki, cinayət yerindən birbaşa avtovağzala gəlib, balatını avtovağzalın həyətinə atıb və Bakı şəhərinə yollanıb: “İki gün Bakı şəhərində qaldım. Bundan sonra atam dalımca gəldi. Kənanın xəstəxanada olduğunu bildirdi, məni özü ilə Tovuza qaytardı”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Qasımovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilib.

Dəli olması sübuta yetirilmədi, amma həbs də olunmadı

Həmçinin onun haqqında ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli tədbirlər tətbiq olunub.

Hökmdən narazı qalan prokuror protest verib. Prokuror protestində təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Həmçinin zərərçəkmiş də apelyasiya şikayəti verib. Hər iki tərəfin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayəti və protestinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Elxan Qasımovun anlaqsız vəziyyətdə cinayət törətməsinə dair çıxarılan hökm ləğv edilib, onun barəsində ittihamedici hökm çıxarılıb.

Məhkəmə Elxan Qasımovun əməlini Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi üzrə tövsif edilib. Həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada Elxan Qasımov cəzalandırılıb.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Elxan Qasımovun cəzasının ağırlaşdırılması üçün işin yenidən apelyasiya instansiyasında aradırılmasını, ona ağır cəza təyin olunmasını istəyib.

Prokuror şikayət etdi, son qərar olmadı

Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə kasasiya protestinin dəlilləri araşdırılıb, sonda prokurorun protesti təmin olunub.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

İş materialları yenidən araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Yaxın günlərdə bu iş üzrə yenidən araşdırma başlanacaq.(publika)

Son xəbərlər