Bakının azad edilməsindən 100 il ötür
Xeberler 715

Bakının azad edilməsindən 100 il ötür

Bakının azad edilməsindən 100 il ötür


Sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür.

MAY.AZ bildirir ki, 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.

Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

1918-ci il sentyabrın 10-da Nuru Paşa Bakının azad edilməsinə rəhbərliyi bilavasitə öz üzərinə götürür. Nuru Paşanın 10 sentyabr tarixli əmr ilə Şərq cəbhəsi komandanlığı və ona məxsus Şimal qrupu ləğv edilir, cəbhədəki bütün birliklərin hərəkatı bilavasitə Qafqaz İslam Ordusu komandanlığına həvalə edilir.

Qafqaz İslam Ordusunun komandanlığı döyüşən diviziyalara göndərdiyi 13.09.1918-ci il tarixli əmri ilə sentyabrın 14-ü saat 02-də Bakıya hücumun başlayacağını bildirir.

Bakıya qəti hücumda iştirak etmək üçün təxminən 8000 Osmanlı əsgəri və 7000 nəfərə qədər Azərbaycanın yerli qüvvəsi toplanır.

Gecə saat 2-də 5-ci Qafqaz tüməni Heybət-Biləcəri dəmiryolu istiqamətində irəliləməyə başlayır. 1-ci Bakı müdafiə xətti saat 03:00, 2-ci Bakı xətti isə 06:00-da ələ keçirilir. Hücuma hazırlaşan düşmən topçu atəşi ilə dağıdılır. Hücumun əsas qəhrəmanı olan 56-cı alay strateji təpələri ələ keçirib qarşısındakı düşməni təqib edərək irəliləyir. 15-ci alay sərt Biləcəri yamaclarını tutur, həmin alaya mənsub Maştağa dəstəsi Sabunçunu ələ keçirir. Azərbaycan könüllüləri Keşlə stansiyasını tutur. Açıq savaşdan qaçan ermənilər şəhər daxilində məhəllə, ev davasına keçirlər. Sanki mart soyqırımını təzələmək istəyirlər.

Sentyabr 14-də General Denstervill və Sentrokaspi Diktaturası hökuməti, Bakı kоmissarları Bakıdan qaçır.

Sentyabrın 15-də Gəncədə "Azərbaycan" qəzetinin ilk sayında Bakının azad edilməsi haqqında xəbərlər dərc edilir: "Azərbaycan Xalq Cümhuriyyəti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa həzrətlərinin teleqramı: "Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.1918-ci il, saat 09-a işləmiş igid ordu hissələrimiz tərəfindən azad olundu".

Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçür. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə başlanılır.

Sentyabrın 18-də şəhər ətrafında dayanmış Qafqaz İslam Ordusu qoşun hissələri Bakıya daxil olur. Şəhərin əsl sahibi olan Azərbaycan türkləri müzəffər ordunu xilaskar kimi böyük hərarətlə qarşılayır.

Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunur, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulur.

Qafqaz İslam Ordusu Bakı döyüşündə təqribən 2000 şəhid verib.

Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Aradan uzun illər keçsə də, türklər tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayıb, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanıb və xatırlanacaq.

Son xəbərlər