04
июля
2016
23:45
Gəlin toy günü suda boğuldu
Rusiyada toy zamanı faciə baş verib.
May.Az ANS PRESS-ə istinadən məlumat verir ki, gəlin öz toyunda suda boğularaq ölüb.
Hadisə Moskva ətrafında, Klyazminsk su anbarının ərazisində baş verib. Yeni evli cütlük dostları və yaxınlarının müşayiəti ilə toylarını qeyd etmək üçün anbarın kənarına gəliblər. Onlar axşama kimi yeyib-içiblər. Axşam saatlarında isə gənclər üzməyə qərar veriblər. Onlar üzərək bir sahildən digərinə keçmək niyyəti ilə suya giriblər.
Gəlin rəfiqəsi ilə yan-yana üzüb. Lakin sahidən bir neçə metr aralandıqdan sonra qəfildən batmağa başlayıb və suyun dibinə gedib. Rəfiqəsi cəhd etsə də, onu xilas edə bilməyib.
Qonaqlar və bəy də dərhal onlar olan yerə üzüblər. Lakin qadını tapmaq mümkün olmayıb və hadisə yerinə xilasedicilər çağırılıb. 32 yaşlı gəlinin meyitini səhər saatlarında sudan çıxarmaq mümkün olub.
Qeyd edək ki, adıçəkilən su anbarında üzməyin qadağan edilməsi barədə nişanlar qoyulsa da, onlara əhəmiyyət verən yoxdur.