Aprelin 1-dən nağdsız ödənişə keçilir - Pulumuzu necə alacağıq?
Xeberler 1 138

Aprelin 1-dən nağdsız ödənişə keçilir - Pulumuzu necə alacağıq?

Aprelin 1-dən nağdsız ödənişə keçilir - Pulumuzu necə alacağıq?


Azərbaycanda nağd şəkildə maaş verilməsinə məhdudiyyət qoyulur. Artıq məlumat var ki, aprelin 1-dən etibarən ödəmələr tamamilə nağdsız yolla həyata keçiriləcək. Bu qanunlar Cinayət Məcəlləsinə əlavə edilən yeni dəyişikliklərdə nəzərdə tutulur.

Qanuna əsasən Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirmək məqsədilə "Nağdsız hesablaşmalar haqqında” 23 dekabr 2016-cı ildə qanun qəbul edildi.

Qanunun nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı müddəası ƏDV ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir. Qanuna əsasən nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə, eləcə də ödəniş vasitələri, ödəniş terminalları və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.Əgər hər iki tərəf vergi ödəyicisi olarsa, bu zaman onlar arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız birinin bank hesabından digərinin bank hesabına köçürülməklə və ödəniş vasitələri ilə həyata keçirilə bilər.

Qanuna əsasən ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyicisi olmayan ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30,000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15,000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Həmçinin qanuna əsasən aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:

- vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;- "Sığorta fəaliyyəti haqqında” və "İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;

- dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;

- stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;

- faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;

- dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);

- təhsil haqlarının ödənilməsi və turagentlərə ödəmələr.

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, əmək haqqının plastik kartla ödənilməsinin zərərli tərəflərindən danışmağa dəyməz: "Ola bilsin ki, plastik kartların istifadəsilə bağlı müəyyən texniki problemlər yaşansın. Yəni, şirkətlər və müəssisələr öz əməkhaqqı sistemini təkminləşdirərkən müəyyən gəlişmələr baş verə bilər. Bu da son nəticədə işçilərin əməkhaqqını alması ilə bağlı yubanmaların ortaya çıxmasına səbəb ola bilər. Amma müsbət tərəflərindən danışmağa dəyər. O baxımdan ki, bu proses ilk növbədə biznes fəaliyyətinin daha çox leqallaşmasına gətirib çıxardacaq.

Bildiyimiz kimi, bir sıra hallarda ölkədə əmək bazarı illeqaldır, qanunsuz şəkildə fəaliyyət göstərir, əmək müqavilələri olmur.Bir sıra hallarda əmək müqaviləsi olduğu halda belə, əməkhaqqı səviyyəsi daha aşağı göstərilir. Nağdsız ödəniş tələbinin ortaya qoyulması, ilk növbədə bu istiqamətdə müəyyən irəliləyişə gətirib çıxardacaqdı. Əmək bazarında leqallaşma səviyyəsini yüksəldəcək.Eyni zamanda dövriyyənin gizlədilməsilə bağlı müəyyən problemlərin aradan qalxmasına səbəb olacaqdır. Çünki ölkədə biznes dövriyyənin böyük bir qisminin faktiki olaraq gizlədir. Eyni zamanda nağdsız ödənişin sisteminin genişlənməsinə səbəb ola bilər”.

Ekspert hesab edir ki, bundan sonrakı dövrdə bu istiqamətdə maarifləndirmə işləri daha da gücləndirilməlidir: "Nağdsız xərcləmələr öz növbəsində digər sahələrin fəaliyyətin bir qisminin vergi predmetinə çevrilməsinə, daha böyük bir qisminin leqal biznes dövriyyəsinə daxil olmasına səbəb olacaqdır. Bu da orta və uzunmüddətli dövrdə Azərbaycanda həm əmək bazarının, həm də iqtisadi fəaliyyətlərin leqallaşması səviyyəsini yüksəldəcək, nağdsız şəkildə ödəniş sisteminin inkişaf etməsinə səbəb olacaq. Vətəndaşların hüquqlarının müdafiə olunması, sığorta ayırmaları prosesində nöqsanların aradan qalxması kimi məsələlər də öz həllini tapmış olacaq. Çünki burda avtomatik olaraq nağdsız şəkildə əməkhaqqının ödənişindən söhbət gedirsə, bu zaman şirkətlər və müəssisələr məcburdur ki, digər rəsmi proseduraları da vaxtlı-vaxtında və qaydasında yerinə yetirsin.Hesab edirəm ki, bu da növbəti dövrlərdə vətəndaşların pensiya təminatına belə müsbət təsir göstərəcək”.

Son xəbərlər