DƏHŞƏTLİ XƏSTƏLİK: dünyada 100 nəfərdə görülüb
Maraqlı ve Meslehetli 496

DƏHŞƏTLİ XƏSTƏLİK: dünyada 100 nəfərdə görülüb

1880-ci ildə fransız nevroloqu Jül Kotar beyni, damarları, daxili orqanları olmadığını, təkcə sümük və dəridən ibarət olduğunu söyləyən bir xəstə ilə qarşılaşdı. Bu onda maraq doğurdu, çünki xəstə həm də yeməyə ehtiyac duymadığını və yemək yemədən də əbədi yaşaya biləcəyini deyirdi. Bundan sonra "Madam X" adlandırılan bu 43 yaşlı qadının üzləşdiyi nadir nevro-psixoloji pozğunluğu araşdıran və olayı işıqlandıran Jül Kotar sayəsində bu xəstəlik "Kotar sindromu" adıyla elm dünyasına daxil oldu. Madam X isə bu sindrom və aclıq səbəbindən vəfat etdi.
BiG.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, "Yeriyən ölü sindromu" da adlandırılan Kotar sindromu buna tutulanların çoxdan öldüklərinə, cəsədlərinin çürüyüb iyləndiyinə, qanlarının və daxili orqanlarının yox olduğuna və hətta heç vaxt həyatda olmadığına inandıqları nadir şüuri və nihilistik xəstəlikdir.
Jül Kotar 1880-ci illərdə "Le délire des negations" (inkar deliriumu – şüurun bulanması) adlandırdığı bir nevro-psixoloji xəstəliyin olduğunu açıqladı. Bu pozğunluğu yüngül durumda ümidsizlik və özünənifrət, ağır vəziyyətdə isə inkar və xroniki psixi depressiya ilə xarakterizə etdi.
Xəstəliyin inkişaf mərhələləri
İnkar deliriumi Kotar sindromunun əsas simptomudur. Bu vəziyyətdə insan öz varlığını inkar edir və bədənindəki orqanların olmadığını deyir. Sindrom 3 mərhələdə inkişaf edir. Birinci - cücərmə mərhələsində insan depressiya vəziyyətinə düşür və narahat olmağa başlayır. "Çiçəkləmə" adlanan ikinci mərhələdə inkar deliriumu intensiv şəkildə baş verir və xəstə intensiv təkrarlanan hallar yaşamağa başlayır. "Xroniki" adlandırılan son mərhələdə isə insan yaşadığı xroniki depressiya səbəbindən müxtəlif sayıqlamalara məruz qalır.
İnkar deliriumundan əziyyət çəkən insan sindromun erkən mərhələlərində ətraf mühit haqda təəssüratlarının çoxunu itirir. Ətraf mühitlə əlaqəsini və bunu başa düşmək qabiliyyətindən məhrum olur. Sindromun sonrakı mərhələlərində inkar deliriumuna bağlı vizual, bəzən də eşitmə halüsinasiyalarına görə ətraf mühit haqda yanlış təəssüratlar yaratmağa başlayır.
Kotar sindromu durumunda baş verənlər şizofreniyadakı psixozla (danışma və anlama kimi şüur funksiyalarını itirmə vəziyyəti) əlaqələndirilir. Çünki sindromu xarakterizə edən inkar və sayıqlamalar şizofreniya pozğunluğu olan insanlarda da müşahidə olunur. Bununla yanaşı, Kotar sindromunu şizofreniya ilə müqayisə zərurəti yaradan amil insanın intensiv hallüsinasiyalar yaşaması yox, əksinə, xəstənin şizofreniyadan əziyyət çəkənlərə bənzər intensivlikdəki inkar deliriumunu yaşamasıdır.
Təkrarlanan depressiya
"Kotar sindromunda təkrarlanan postiktal depressiya" (2005) adlı məqalədə 14 yaşlı bir uşağın epileptik tutmadan dərhal sonra postiktal dövrdə yaşadığı Kotar sindromuna aid inkar deliriumu açıqlanmışdı. Məqaləyə görə, uşağın davranışları azyaşlı olmasına baxmayaraq, davamlı olaraq ölüm haqda danışmaq, xroniki üzüntü, oynayarkən fiziki fəaliyyətinin azalması, cəmiyyətdən təcrid olunmaq səyləri və bioloji funksiyalarının pozulması ilə müşayiət olunurdu.
Uşağın epileptik tutmaları vaxtı hər kəs və hər şeyin (özü və ağaclar da daxil olmaqla) ölü olması, özünü cəsəd kimi xarakterizə etməsi və bütün dünyanın bir neçə saat sonra yox olacağı haqda danışması da diqqət çəkmişdi.
Naməlum səbəblər
Kotar sindromuna səbəb olan faktorlar hələ tam aydınlaşdırılmasa da, sindromu tətikləyən və simptomlarının artmasına/azalmasına təsir edən bəzi faktorlar tapılıb. Bəzi elm adamlarına görə, sindromun səbəbi sayıqlama səviyyəsində özünü göstərən yanlış şəxsiyyət problemidir. Yəni bir insanın digərlərini fərdi qiymətləndirmə mexanizmində əmələ gələn bəzi problemlər səbəbindən sindromun tətikləndiyi və bu pozuntular nəticəsində ortaya çıxan Kapqra və Kotar sindromlarının beyində əmələ gələn anomaliyalar baxımından bənzər ola biləcəyi düşünülür. Kapqra sindromlu insanlar qohumları və ya tanışlarının əslində özləri yox, təqlidçilərlə əvəz edildiyi fikrinə malik olurlar. Sindrom paranoid şizofreniyada, miqren tutmaları və ya beyin zədələnməsindən sonra və demensiyada müşahidə oluna bilər.
Burada beynin üzləri tanınma funksiyasını yerinə yetirən hissəsində anomaliyanın əmələ gəlməsi müzakirə mövzusudur və üzləri tanıya bilməmə simptomları ilə xarakterizə olunan prosopaqnoziya ilə əlaqələndirilir. Eyni zamanda, beynin müəyyən hissələrində əmələ gələn nevroloji əlaqə pozuntuları və bəzi emosional əlaqələrin kodlandığı hissələrdə aşkar olunan anomaliyalar nəticəsində də ortaya çıxa bilər və bu nöqtədə Kotar sindromu ilə bənzərliyi müzakirə olunur. Nevroloji əlaqələrinin pozulması xəstədə qeyri-real fikirlər yaradır.
35 yaşlı qadının başına gələn olay
Xəstənin dərmana (asiklovir) və onun prekursoru olan molekuluna (valasiklovir) mənfi fizioloji reaksiyası nəticəsində də sindrom müşahidə oluna bilər. Sindrom simptomlarının əmələ gəlməsi asiklovirin əsas metaboliti olan yüksək konsentrasiyalı molekulun olması ilə əlaqədardır.
Uğursuz böyrək köçürmə əməliyyatı keçirən 35 yaşlı qadın əməliyyatdan sonra hemodializ müalicəsi almağa və tərkibində valasiklovir olan dərmanlardan istifadə etməyə məcbur olmuşdu. Xəstənin dializ və valasiklovir müalicəsinin ilk günündə özünü istirahət etməmiş kimi hiss etdiyi bildirilmişdi. Müalicənin üçüncü günündə xəstənin özünü yorğun hiss etdiyi, öz bədənini tanımadığı, qayğı pozuqluğu əmələ gəldiyi, görmə və eşitmə hallüsinasiyalarının olduğu deyildi.
Xəstənin dializ üçün gəldiyi dördüncü günün səhəri çətinliklə yeriyə bildiyi və tamamilə qorxu içində olduğu qeyd edildi. Müalicənin dayandırılmasından sonra xəstə öldüyünü düşündüyünü və bunun olduqca qəribə bir duyğu olduğunu bildirdi. Valasiklovir müalicəsi dayandırıldıqdan sonra xəstədə heç nevro-psixoloji simptom müşahidə edilməmişdi. Bununla yanaşı, valasiklovir müalicəsinin Kotar sindromuna təsiri araşdırılmağa davam edir.
Müalicəsi
Bu gün Kotar sindromunun müalicəsi farmakoloji antipsikotik və antidepresan dərmanlarla həyata keçirilir. Bununla yanaşı, elektrokonvulsiv terapiyanın farmakoloji müalicədən daha təsirli olduğu təsbit olunub. Elektrokonvusliv terapiyanın məqsədi beyinə elektroşok verməklə müəyyən psixoloji xəstəlikləri və depressiyanı müalicə etməkdir. Amma bu müalicə metodunun etik mahiyyəti mübahisəli olduğu üçün Kotar sindromunun müalicəsi üçün işlər davam edir.

Uorren Makkinli adlı ingilis hərbçi Əfqanıstana xidmətə getməzdən əvvəl keçirdiyi qəza zamanı onurğa və ombasını sındırdı, üstəgəl, beyni zədələndi. Ağır motosiklet qəzasından sağ çıxan hərbçi artıq mövcud olmadığını düşünürdü. Makkinli ehtiyac olmadığını hiss etdiyi üçün yeməyi dayandırdı. Terapevtlər onunla danışdırmağa çalışsalar da, onlara öldükdən sonra yaxşılaşmağın mənasının olmadığını dedi. 36 yaşlı Uorren Makkinliyə Kotar sindromu diaqnozu qoyuldu.
Sindroma tutulma İngiltərə ilə yanaşı, Çin, Hindistan, Meksika, ABŞ, Danimarka və İsveçdə də rast gəlinib. Sayıqlamalar müxtəlif formalarda özünü göstərə bilər.
Meksikada 55 yaşlı bir restoran sahibi penisinin qısalıb yox olduğunu söylədikdən sonra xəstəxanaya yerləşdirildi. Xəstəxanada təcili yardım həkimi tərəfindən gözlərinin yuvalarından çıxarıldığını iddia etməyə başladı. Həmin şəxs ürəyinin çıxarıldığını və sol əlinin də çürüdüyünü dedi.
Portuqaliyada isə bir qadın ərinin qəfil ölümündən sonra yeməyi dayandırdı. 66 yaşlı qadın qida borusu və mədəsinin bir-birinə yapışdığını iddia etdi. 19 kilo arıqladıqdan sonra xəstəxanaya aparıldı.
Kabusların gözləmə otağı
Elm adamlarına görə, Kotar sindromu beyin zədələnməsi ilə əlaqədardır. Sayıqlamalara qapılan xəstələrin beyin tomoqrafiyasındakı qara ləkələr də bunu göstərir.
Kəşmirdə 28 yaşlı evdar qadın qaraciyərinin çürüməsindən və ürəyinin artıq yerində olmamasından şikayətlənərək xəstəxanaya getmişdi. Xəstə mədəsinin olmadığını və gəzərkən bədənini hiss etmədiyini demişdi.
İngiltərədə isə 59 yaşlı qadın bədəninin çürüdüyünü və ayaqlarının kəsildiyini söylədikdən sonra xəstəxanaya aparılmışdı.
Uorrenin olayında isə sayıqlamaları motosiklet qəzası ilə bağlı düşüncələrdən qaynaqlanırdı. Uorren hərbi təlimdən sonra motosikletlə evə gedərkən 100 km/saat sürətlə ağaca çırpılmışdı. Əfqanıstana ezamiyyətə getmək üzrə olan Uorrenin ombası və onurğası sındı, beyni isə zədələndi. O an heç nə xatırlamadığını: nə ağaca çırpıldığını, nə də sümüklərinin sındığını hiss etdiyini demişdi. Ağrı hiss etməli idi, amma bunu duymadığını söyləmişdi.
Yaddaşını itirməsinin onun qəzada öldüyünə inanmasına səbəb olduğunu demişdi. Uorren aylar sonra hərbi hospitala yerləşdirildi. Hərbçi xəstəxananı "kabusların gözləmə otağı" adlandırmışdı. Amma müalicə alaraq sağalan Uorren o günləri xatırladıqca güldüyünü deyir.
Sayıqlamaların məzmunu
Çin Universitetinin psixiatriya professoru Helen Çiu Kotar sindromunun bir sıra səbəblərinin olduğunu deyir. Ona görə, bu, depressiya və şizofreniyanın ən ağır və ciddi formasıdır. Sindrom, eyni zamanda parkinson, tif, miqren, ürək nəqli komplikasiyaları, çoxsaylı ereksiyalar və antiviral dərman olan asiklovirlə də əlaqələndirilə bilər.
Bəzi alimlərin fikrincə, Kotar sindromunun özünü günahlandırmaqla da əlaqəsinin olması mümkündür.
Professor Çiu deyir: "Bioloji səbəblərə əlavə olaraq, psixoloji və ya sosial faktorlar da təsirli ola bilər. Xəstənin yaşadığı psixiatrik problem sindromdan əvvəl şəxsiyyəti, ailəsi, sosial və maddi vəziyyəti və həyatında baş verən hadisələr də sayıqlamaların məzmununu formalaşdırır".
Sayıqlamalar həftələr və hətta illərlə davam edə bilər. Sindrom daha çox yaşlı insanlarda rast gəlinsə də, yeniyetmə və uşaqlarda görünməsi mümkündür. Kişilərlə müqayisədə daha çox qadınlar arasında rast gəlinən sindrom əsasən 40-65 yaş arasında olan insanlarda aşkarlanıb. İndiyədək dünyada 100 nəfərə bu diaqnozun qoyulduğu deyilir. Kotar sindromu tək bir səbəblə əlaqəli deyil. Nadir hallarda rast gəlinən xəstəlik olduğu üçün elmi ədəbiyyat fərqli-fərqli araşdırmalara istinad edir.
Xəstələr Uorreninin qəzasında olduğu kimi, qeyri-adi təcrübə yaşayaraq boşluq hissinə düşə bilərlər. Bu, nəyə inanacağını ölçmə qabiliyyətinin pozulması və günahı özündə axtarmağa başlaması ilə birləşdikdə Kotar sindromuna səbəb ola bilər. Nevroloji səbəblər kimi beynin introspeksial hissəsindəki metabolik səviyyənin aşağı olması, beynin kiçilməsi və ya böyüməsi, eləcə də beynin düşüncə, məntiq və davranışları tənzimləyən hissəsindəki zədələnməsi göstərilir.



Oxşar xəbərlər

Son xəbərlər