
Dələduzlar yay tətillərinə də əl atdı: Qaynar tur fırıldaqları
Yay mövsümünün başlaması ilə insanlar artıq səyahət planlarını qurmağa başlayıblar. Lakin bəzi vətəndaşlar əvvəlcədən planlaşdırma aparmaq əvəzinə şanslarını "qaynar tur" paketləri ilə yoxlamağa üstünlük verirlər. Təəssüf ki, bu sahədə fəaliyyət göstərən dələduzlar da fəallaşıb. Onlar sosial şəbəkələrdə saxta "qaynar tur" paketləri təklif edərək vətəndaşlardan əvvəlcədən ödəniş tələb edirlər. Pul ödənildikdən sonra isə nə həmin səhifəyə, nə də ödənişi qəbul edən şəxslərə rast gəlmək olur.
Bəs bu kimi hallardan qorunmaq üçün nələrə diqqət yetirmək lazımdır?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, qaynar tur paketləri adətən son anda otel və aviaşirkətlərin boş yerləri üçün edilən aksiyaları əhatə edir və endirimlər çox qısa müddət davam edir:
"Səyahəti əvvəlcədən planlaşdırmaq daha məqsədəuyğundur. Çünki öncədən edilən rezervasiyalarda seçim imkanları geniş olur və xüsusi endirimlər tətbiq edilir. Adətən yanvar-mart aylarında erkən rezervasiya kampaniyaları keçirilir və bu zaman daha sərfəli qiymətlərlə paket əldə etmək mümkündür. Vaxt yaxınlaşdıqca isə tur paketlərinin qiymətləri artır."
Ekspert vətəndaşları qaynar tur paketləri alarkən xüsusilə diqqətli olmağa çağırıb:
"Sosial şəbəkələrdə kartdan karta ödəniş etməklə edilən təkliflərə ehtiyatla yanaşmaq lazımdır. Ən yaxşısı, eyni tur paketini bir neçə turizm şirkətində yoxlayın. Ödənişləri isə yalnız rəsmi ofisdə, müqavilə imzalayaraq və qəbz alaraq həyata keçirin. Müqavilə və ödəniş qəbzi turistin hüquqlarını qoruyan əsas sənədlərdir."