Пятница
ноя 08

Bakıda incəsənət əsərlərinin ikinci hərracı keçirilib

Bakıda incəsənət əsərlərinin ikinci hərracı keçirilib


Noyabrın 7-də “Hilton Baku” otelində incəsənət əsərlərinin növbəti hərracı keçirilib.

MAY.AZ lent.az-a istinadən xəbər verir ki, sayca ikinci olan hərrac Mədəniyyət Nazirliyi, “Auction Baku” Məhdud Məsuliyyətli Cəmiyyəti şirkəti və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov jurnalistlərə bildirib ki, hərrac respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyata keçirilir. Qeyd edib ki, 11 lot hərraca çıxarılıb. Ümumilikdə isə 9 rəssam hərraca qatılıb. Hərracda Akif Əsgərovun “Atlar”, Mahmud Rüstəmovun “Qadın müxtəlif əhvalda” silsiləsindən ''Kompozisiya'', Fərəh Əliyevanın “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorinanın “Kraliça Viktoriya”, Vüqar Muradovun “Gülüş” və “Payızda-Yaz”, Namiq Məmmədovun “Mələklərin səhər yeməyi” və “Bolluq”, Vüqar Əlinin “Karvan” və İlham Mirzəyevin “Antik Büst-Qızılı Fonda” əsərləri yer alır.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hərracın əhəmiyyətindən söz açıb. Deyib ki, hər bir vətəndaşımızın evində Azərbaycan rəssamlarının əsərlərinin asılması ailədə böyüyən uşaqlar üçün tərbiyəvi əhəmiyyətə malikdir.

Azərbaycanda yeni yaradıcılıq sənayesinin formalaşmasından söz açan nazir vurğulayıb ki, bu sahə əl işlərindən tutmuş rəqslərə qədər incəsənətin bütün sahələrini əhatə edir.

Ə.Qarayev yaradıcı sənayenin dünyada geniş yayıldığını, eyni zamanda gəlirli sahə olduğunu qeyd edib.

“Artıq ikinci dəfə keçirilən hərrac çox yaxşı bir ənənədir. Hərrac vasitəsilə vətəndaşlarda yeni vərdişlər formalaşdırmaq niyyətindəyik. Hərracda alınmış əsərlər daha dəyərli olur və onların qiyməti zaman keçdikcə artır. Belə tədbirlərlə biz cəmiyyət şəklində yaradıcı insanlara münasibət formalaşdırırıq. Eyni zamanda, hərraclarda tam şəffaf formada qiymətləndirmə aparılır. Ümid varam ki, bu ənənə gələcəkdə də davam etdiriləcək”, - mədəniyyət naziri söyləyib.

Sonra hərraca start verilib. Satışa çıxarılan 11 lotdan yalnız 2-i satılıb. Belə ki, Akif Əsgərovun “Atlar” əsəri 20050 manata, Mahmud Rüstəmovun “Qadın müxtəlif əhvallarda” əsəri isə 5610 manata satılıb.

Qeyd edək ki, hərrac ən bahalı lotunu iş adamı İsgəndər Xəlilov əldə edib.

Xatırladaq ki, “Auction Baku” Azərbaycanda ilk hərracı bu il mayın 21-də keçirib.

Комментарии (0)

Оставить комментарий