18
ноября
2019
00:37
Ət yeməyənlərin ideologiyası: Veqanlıq
MAY.AZ lent.az-a istinadən bildirir ki, 1944-cü ildə ingiltərəli ziyalı Donald Uatson tərəfindən yeni bir cərəyanın əsası qoyulur. Öz mövqeyini açıq şəkildə bəyan edən Uatson ilk dəfə vegeterian kəlməsindən istifadə etsə də, yaratdığı "The Vegan Society" cəmiyyəti 1979-cu ildə ziyalının yolunu veqanizmdən salır...
Ulu babalarımızın "Kabab qanlı, igid canlı" kəlamı ilə heç vaxt düz gəlməyən veqanlıq təkcə kabab yox, həm də bütün ət mənşəli qidalardan imtina mənasına gəlir. Bəzi tanınmış alim, müğənni və filosofların belə maraq saldığı bu görüş ölkəmizdə də yetərincə yayğındır. Lakin Albert Eynşteyn kimi alimlə sadə adamların ətyeməzlik səbəbi həmişə eyni olmur.
Bəli, yeyib-içən olmaq yaxşıdır. Ancaq qidalanma zamanı ət doğrudanmı zəruri sayılmalıdır? Əsasən üç qola ayrılmış ətyeməzlik cərəyanı sualımızın qarşısına müxtəlif növ tərəvəz, dəniz məhsulları və bir kasa bal ilə çıxır. Ətyeməzliyin ən kəskin mövqelisi isə veqanlıqdır. Vegeterianlığın başı bal, yoxsa balıq seçiminə qarışdığı bir vaxtda veqanlıq bir qrup tərəvəzdən başqa bütün qidalara boykot elan edir, heyvanatla bağlı istənilən məhsuldan uzaqlaşır.
Bəs görəsən, bu tip uzaqlaşmanın insan sağlamlığında buraxdığı izlər faydalı, ya zərərlidir?
Həkim-fitoterapevt Elnur Eldaroğlu hesab edir ki, veqanlığı bir ömür həyat tərzinə çevirmək sırf tövsiyə olunan iş deyil. Müsbət tərəfləri odur ki, xolesterolu aşağı salır, pis yağ turşuları, ürək-damar xəstəlikləri riski aşağı düşür. Və yaxud da qanın dövretməsi daha yaxşı ola bilir. Digər tərəfdən isə, məsələn, qeyri-normal şəkildə qidalananlarda, məsələn, sırf veqanların özlərində biz dəfələrlə görmüşük ki, saç tökülməsi, dırnaq qırılması, xroniki yorğunluq qeyd olunur və biz bunlara məcbur kənardan vitamin verməli oluruq".
Müəyyən şərtlər altında ətdən uzaqlaşmağın mümkün olduğunu bildirən həkimin fikrincə, vegeterian olmaq qismən anlaşılandır: "Sırf veqanlıq uyğun olmayan qida vərdişidir. Qeyd elədiyim kimi, paralel aparmaq daha doğrudur. Normal şərtlər daxilində olacaq qidalanmalarda da yanlışlarımız var bizim onsuz da. Bunlar məsələn, bəzi kifayət qədər ürək-damar xəstələrinə, yaxud şəkər xəstələrinə müəyyən qədər ətli qidalara da pəhriz qoyuruq. Amma balığa pəhriz qoymuruq. Və yaxud yumurtaya pəhriz qoymadığımız xəstəliklər var. Və yaxud da elə profilaktik olaraq da tövsiyə edirik. Amma veqanlıqla bir ömür davam etmək müəyyən mineral və vitaminlərimizin defisit olduğuna görə də müəyyən kliniki proseslər yarada bilir".