30
октября
2019
00:26
17 yaşlı qızın yardıma ehtiyacı var - ÇAĞIRIŞ
Daha bir xərçəng xəstəsi üçün yardım kampaniyası başladılıb.
Söhbət 2002-ci il təvəllüdlü Sidiqə Şirin qızı Məmmədovadan gedir.
MAY.AZ xəbər verir ki, 2018-ci ilin iyun ayından bu günə qədər “C83.3 Diffuz Böyük B-hüceyrəli Qeyri-Hoçkin limfoma” diaqnozu ilə mübarizə aparan Sidiqə Məmmədovanın həyatda qalması üçün maddi dəstəyə ehtiyacı var. Sidiqənin anası Nərminə Məmmədovanın sözlərinə görə, qızı Milli Onkologiya Mərkəzinin Uşaq klinikasında müalicədədir: “Hazırda qızımın xəstəliyi dördüncü mərhələdədir. Ocaqlar bazu sümüyünün divararalığında, hər iki ağciyərin, sağ böyrək, sağ böyrəküstü vəzin, körpücüküstü, parakaval l/düyünləri və sümüklərin zədələnməsində özünü göstərir. Övladım 9 kurs kimyaterapiya qəbul edib. Bu müalicənin nəticələrinə görə, yığılmalar var, metastaz da aktiv deyil. Aldığı kimyaterapiyadan sonra qızımın qan dəyərləri düşür. Hazırda onun bədənində leykositlər sıfıra düşüb, trombosit azlığı yaranıb. Bu da uşaq üçün çox kritik vəziyyətdir.
Məlumdur ki, qan hüceyrələrinin miqdarı bəlli normalar çərçivəsində olmazsa, kimyaterapiya da tətbiq edilmir. Bəzi vəziyyətlərdə yalnız qandakı dəyərlərin miqdarı istənilən səviyyəyə yüksəldilməlidir”.
Nərminə Məmmədova limfoma diaqnozunda əməliyyatın məsləhət görülmədiyini qeyd edib: “Amma övladıma PTK müayinəsindən keçmək məsləhət görülüb. Bu müayinənin də qiyməti təxminən 1500 manatdır ki, buna da maddi vəziyyətimiz imkan vermir. Bu müayinə bədəndə olan törəmələrin aktivliyini və ya qeyri-aktivliyini müəyyən etməyə imkan verəcək. Bundan sonra yaranan həmin törəmələri cərrahi əməliyyatla kəsib götürmək olar ki, artıq kütlə kimi uşağın bədənində qalmasın. Amma limfalara dəymək olmaz.
Hazırda nə bu müayinədən keçməyə, nə də sonrakı mərhələdə əməliyyat etdirməyə maddi imkanımız var. Həkimlər Sidiqəni Moskvada da müayinə və müalicədən keçməsini məsləhət görüblər. Övladımı ora aparıb gətirmək üçün ən azı bizə 10-15 min manat vəsait lazımdır”.
Anası illərdir Sidiqənin sağalması üçün əllərindən gələni etiklərini deyir: “Doğrusu, Sidiqə xəstələnəndən bəri evə getmirik. Yaşayış yerimiz çox pis vəziyyətdədir. Həkimlər Sidiqənin evə çıxmasını məsləhət görəndə nənə-babanın, dayının evində qalırıq. Sidiqə orta məktəbi əla qiymətlərlə başa vurub. O, olimpiyada yarışında respublika üzrə II yerə çıxıb. Arzusu beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi olmaqdı. O nikbindir, inanır ki, arzusuna çatacaq. Amma hələlik xəstəlik onu arzusunun arxasınca getməyə imkan vermir. Xəbəri oxuyan, görən hər kəsdən 17 yaşlı balamın sağalması üçün laqeyd qalmamağı, maddi dəstək göstərmələrini xahiş edirəm”.
Sidiqə Məmmədovanın ailəsi övladlarının sağalması üçün ona maddi dəstək göstərmək istəyən hər kəsdən “Kapital” bankın hesab nömrəsinə vəsait köçürmələrini xahiş edir.
Qeyd edək ki, Milliön aparatından hesaba pul köçürmək üçün kartın üzərindəki 16 rəqəmli (4169741392648240) kodu və kartın bitmə tarixini 10/20 daxil edərək prosesi həyata keçirə bilərsiniz.