Muğam ustası Mənsum İbrahimovun doğum günüdür
Tarixdə bu gün 0

Muğam ustası Mənsum İbrahimovun doğum günüdür

Oktyabrın 1-i Azərbaycanın musiqi sənətində özünəməxsus rolu olan, Xalq artisti, "Şöhrət" ordenli Mənsum İbrahimovun doğum günüdür.

Oxu.Az xatırladır ki, Mənsum İbrahimov 1960-cı ildə Qarabağın incisi Ağdam rayonunun İmamqulubəyli kəndində dünyaya göz açıb.

Uşaqlıqdan musiqi sənətinə böyük maraq göstərən Mənsum 1982-87-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun Muğam şöbəsində, 1988-93-cü illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni maarif fakültəsində təhsil alıb.

Gənc yaşlarından istedadı ilə seçilən xanəndə hələ 1985-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə birinci yerə layiq görülüb.

Elə həmin dövrdə sevilən müğənni, Xalq artisti Şövkət Ələkbərovanın tövsiyəsi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunub. Mənsum İbrahimov bu teatrda 1993-cü ildən etibarən "Leyli və Məcnun" operasında "Məcnun", "Aşıq Qərib"də "Qərib", "Gəlin qayası"nda "Camal", "Sevil"də "Azançı" kimi aparıcı rolları məharətlə ifa edib.


Opera səhnəsindəki uğurlu çıxışları ilə yanaşı, Mənsum İbrahimov həm də xalq və bəstəkar mahnılarının, muğamların mahir ifaçısı kimi tanınır. O, Azərbaycan muğam sənətini İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Kipr, ABŞ və Kanada kimi ölkələrdə böyük məharətlə təmsil edib.

Mənsum İbrahimov təkcə görkəmli ifaçı deyil, həm də musiqi sənətini gələcək nəslə öyrədən pedaqoqdur. O, Azərbaycan Milli Konservatoriyası və Musiqi Kollecində çalışaraq gənc muğam ustalarının yetişməsinə böyük töhfələr verir. Onun yetirmələri ölkədə keçirilən muğam müsabiqələrində uğurla çıxış edirlər.


Mənsum İbrahimovun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib.

O, 1998-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artist", 2005-ci ildə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adlarına, 2010-cu ildə "Şöhrət" ordeninə layiq görülüb.

2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.



Oxşar xəbərlər

Son xəbərlər