03
июля
2018
15:34
İlham Əliyev Mingəçevirdəki qəza ilə bağlı SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat əsasən bərpa olunub.
Sərəncama əsasən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini komissiyanın sədri təyin edilib. Həmçinin energetika naziri komissiya sədrinin müavini, daxili işlər, fövqəladə hallar nazirləri, baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru komissiyanın üzvləri təyin olunublar.
Sərəncamda Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırılıb.
Bundan başqa, Sərəncama əsasən Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirləri həyata keçirəcək.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.