Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA
Tez-tez müəllimlərin şagirdləri döyərək xəsarət yetirmələri barədə xəbərlərə rast gəlirik. Sosial şəbəkələrdə bəzi izləyicilər belə hadisələrə soyuq yanaşsalar da, bəziləri müəllimin ciddi cəzalanmasını, hətta cinayət məsuliyyətinə cəlb olunmasını istəyirlər.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, Azərbaycanda döyülmə faktları kütləvi halda yayılmayıb
"Ölkədə 4 min 4 yüzdən çox məktəb fəaliyyət göstərir. Bu məktəblərin hər hansı birində bu və ya başqa bir halla qarşılaşmaq mümkündür. Azərbaycan qanunvericiliyində şagirdlərə fiziki və psixoloji təziqin göstərilməsi yolverilməz hesab edilir. Bu gün Azərbaycan müəllimi də etik davranış qaydalarını və qanunvericiliyi mükəmməl şəkildə bilir. Bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi, Məktəbəqədər təhsil üzrə dövlət agentliyi , regional təhsil idarələri, Bakı şəhər təhsil idarəsinin əməkdaşları məktəb rəhbərlərini, onlar isə müəllimlərlə daimi söhbətlər aparırlar.
Avropa ölkələrində pedaqoji sahədə təcrübə qazanmaq istəyənlər ilk növbədə psixoloji testlərdən və müsahibələrdən keçirilir. Düşünürəm ki, bu üsulun bizim təhsil sistemində də tətbiq edilməsi gələcəkdə daha sağlam nəsil yetişdirməyimiz üçün zəmin yaradacaqdır".