KIA ucuz elektrik avtomobili istehsal etməyi planlaşdırır
Cənubi Koreyanın avtomobil nəhəngi KIA növbəti illərdə elektrik avtomobillərinin xəttini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.
Oxu.Az-ın nüfuzlu Britaniya nəşri "Autocar"a istinadən verdiyi məlumata görə, şirkət "EV1" indeksi ilə ultra əlçatan elektrik avtomobili və idman xarakterli flaqman model üzərində işləyir.
KIA-nın hazırkı əsas məqsədi başlanğıc qiyməti 25-30 min avro arasında olan elektrik avtomobili istehsal etməkdir. Lakin şirkətin ambisiyaları daha böyükdür: perspektivdə elektrik avtomobilləri dünyasına "giriş həddi"ni 20 min avrodan aşağı səviyyəyə endirmək planlaşdırılır. Belə bir elektrik avtomobili populyar "KIA Picanto"nun batareyalı alternativi olardı. Bununla belə, bu planları həyata keçirmək üçün hazırda bazarda mövcud olandan daha ucuz batareyalar lazımdır.
Büdcəli "EV1"in inkişafı ilə paralel olaraq, KIA idman sedanı "Stinger GT"nin ideoloji varisi olan avtomobilin buraxılması imkanını araşdırır. Təxminlərə görə, brendin yeni flaqmanı tam ötürücü sisteminə və 600 at qüvvəsindən çox gücə malik ola bilər.
"KIA Motors"un prezidenti Ho-sunq Sonqun qeyd etdiyi kimi, Avropada elektrik avtomobillərinə tələbatın hazırda zəifləməsinə baxmayaraq, şirkət gələcəyə nikbinliklə baxır. Top-menecerin fikrincə, cari tənəzzül müvəqqəti hadisədir və uzunmüddətli perspektivdə elektrik avtomobillərinin geniş yayılması trendi davam edəcək.