"Qızlar"la məşhurlaşan "Toylar kralı": Səməd Səmədovun doğum günüdür
Tarixdə bu gün 2

"Qızlar"la məşhurlaşan "Toylar kralı": Səməd Səmədovun doğum günüdür - Video

Sentyabrın 17-si estradamızın sevilən müğənnisi Səməd Səmədovun doğum günüdür.

Oxu.Az xatırladır ki, Səməd Səmədov 1946-cı ildə Aşqabadda anadan olub. 1948-ci ildə baş verən zəlzələdən sonra ailəsi ilə birlikdə Bakıya, İçərişəhərə köçüb.

Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına musiqi məktəbinin nəzəriyyə sinfinə daxil olub.

1988-ci ildən Səməd Səmədov toylarda çıxış etməyə başlayıb.

O, 1992-ci ildə Eldar Mansurovun Piruz Dilənçinin "Qızlar" adlı şeirinə bəstələdiyi mahnını ifa etdikdən sonra populyarlıq qazanıb.

2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə, Səməd Səmədov ən populyar toy müğənnisi olub. "Toylar kralı" adını isə Səməd Səmədova Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib.

2001-ci il sentyabrın 17-də Eldar Bağırbəyovun baş prodüseri olduğu "Ulduzlar Bağı"nda Səməd Səmədovun ulduzu qoyulub.

O, müstəqil "Qrant" Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının ifaçısıdır. Beş albomu, 20 klipi var.

Səməd Səmədov 12 sentyabr 2011-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb.

Müğənni 24 iyul 2021-ci ildə, 74 yaşında, koronavirus ağırlaşmasından sonra sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib.



Oxşar xəbərlər

Son xəbərlər