Azərbaycanda hotellər COP29-a hazırdır? - Rəsmi CAVAB
Bir neçə ay sonra ölkəmizdə COP-29 tədbiri keçiriləcək. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.
Azərbaycan konfransın bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Olimpiya Stadionu seçilib.
COP29 ilə əlaqədar onminlərlə şəxsin ölkəmizə gələcəyi gözlənilir. Tədbir iqlim dəyişikliyi və onunla mübarizə səyləri haqqında daha çox öyrənmək istəyən nümayəndələr, ekspertlər, media işçiləri və sadə vətəndaşlar da daxil olmaqla çox sayda qonaqları cəlb edəcək. Bununla əlaqədar ölkəmizdə yerləşən hotellərdə yerləşmə və təhlükəsizliklə bağlı hazırlıqlar davam etdirilir.
Dövlət Turizm Agentliyindən (DTA) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan turizm sənayesi COP29-a gələcək xarici qonaqların qarşılanması üçün tam hazırdır:
"Agentlik tərəfindən 300-dən artıq yerləşmə müəssisəsi audit edilib və onlardan təxminən 200-ü təsnif edilərək ulduz dərəcəsi əldə edib. Ulduz təsnifatından keçməyən 40-a yaxın hotelə nöqsanları aradan qaldırmaq üçün müddət verilib və həmin hotellərdə təkrar audit həyata keçiriləcək".
Verilən məlumata görə, DTA tərəfindən 200 turizm bələdçisinə təlimlərin keçirilməsi və onların sertifikatlaşdırılması, eləcə də tədbir müddətində hotellərə dəstək olmaq üçün 1 000-ə yaxın turizm könüllüsünə təlimlərin keçirilərək onların müvafiq hotellərə təhkim olunması üzrə proseslər davam edir.
Qeyd edək ki, Azərbaycanda 750-yə yaxın hotel var. "Turizm haqqında" Qanuna görə, ölkə ərazisində fəaliyyət göstərən hər bir hotel fəaliyyətə başladığı altı ay ərzində ulduz kateqoriyası əldə etməlidir. İndiyə qədər 200-dən çox hotel təsnifatdan keçirilərək ulduz dərəcəsi alıb. Onların arasında beş, dörd, üç, iki və birulduzlu hotellər mövcuddur. 40-a yaxın hotelə tələbləri cavablandıra bilməsi və nöqsanların aradan qaldırılması üçün vaxt verilib.
DTA sədri Fuad Nağıyev bir müddət əvvəl bildirib ki, əsas hədəf COP29 kimi möhtəşəm beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkilində hotelçilik sənayesinin rolunun gücləndirilməsidir:
"COP29 çərçivəsində gələcək ziyarətçilərin mərkəzləşdirilmiş şəkildə yerləşdirilməsi üçün rəsmi vahid onlayn rezervasiya platforması üzrə hotellər və digər yerləşmə vasitələri günün tələbləri səviyyəsindədir".
Məlumata görə, ölkənin müxtəlif regionlarını özündə cəmləşdirən və ekoturizm (qoruqlar, milli parklar), təbiətdə istirahət, ekstremal idman növləri ilə tanışlıq təklif edən 16 yeni turizm marşrutu hazırlanır. Bu marşrutlar bir çox COP29 iştirakçılarının konfrans həftələri arasında keçirəcəyi boş vaxtdan maksimum yararlanması üçün nəzərdə tutulub.
Turizm eksperti Rəhman Quliyev deyir ki, Azərbaycan indiyə qədər istər paytaxtda, istər regionlarda, istərsə də Şuşa və Qarabağda böyük tədbirlərə ev sahibliyi edib. Bunlardan ən böyüyü isə noyabrda keçiriləcək COP29 beynəlxalq tədbiri olacaq:
"Ölkə olaraq bu kimi tədbirlərin keçirilməsində böyük təcrübəmiz var. Burada hansısa çətinliklə üzləşəcəyimizi düşünmürəm. Yerləşmə yeri, qonaqların qarşılanması və tədbirin keçirilməsi prosesində heç bir problemimiz yoxdur. Ölkə olaraq tədbirin keçirilməsinə tam hazırıq".
Onun sözlərinə görə, belə tədbirin ölkəmizdə keçirilməsi bütün dünyanın gözlərini ölkəmizə çevirəcək:
"Bu, Azərbaycan üçün böyük reklamdır. Bu tədbir Azərbaycanın nüfuzlu ölkə olmasının bariz nümunəsidir. Belə tədbirin ölkəmizdə keçirilməsinə rəy verən ali qurumlar da Azərbaycanda ictimai asayişin yüksək səviyyədə qorunub-saxlanmasını, heç bir dövlətdən asılı olmadan müstəqil siyasət yürütdüyünü əsas gətirərək bu qərarı veriblər. Hesab edirəm ki, bunların ən önəmlisi ölkəmizdə ictimai asayişin qorunub-saxlanmasıdır. Noyabrda keçiriləcək tədbirdə 100 minə yaxın iştirakçı gözlənilir. Bu tədbirin tam təhlükəsiz keçirilməsi dünya dövlətləri üçün çox önəmlidir. Bir çox dünya dövlətlərinin ali qurumları və başçıları da burada iştirak edəcəklər. Bu baxımdan bu tədbir olduqca vacibdir".
Turizm eksperti Ceyhun Aşurovun sözlərinə görə, həcmi, gələn qonaqların sayı daha çox olduğu üçün COP29-a çox ciddi hazırlıqlar gedir:
"Yollar, dövlət təşkilatlarının və hotellərin fəaliyyəti ilə bağlı koordinasiyalı işlər aparılır. Dövlət Turizm Agentliyi bir neçə hoteldə satışın koordinasiyalı şəkildə həyata keçirilməsinə çalışır ki, gələn qonaqlarda hansısa sual yaranmasın. Tədbirlə əlaqədar bir sıra dövlət rəsmiləri, alimlər, qeyri-hökumət təşkilatlarının rəhbərlərinin bu tədbirdə iştirak etmək üçün ölkəmizə gəlməsi gözlənilir. Hotellərdə də bununla bağlı hazırlıqlar görülür. Dövlət tərəfindən də müəyyən iş günlərində dəyişikliklər həyata keçiriləcək. Şəhər mərkəzində olan iş yerlərində də proseslərin distant şəkildə aparılması nəzərdə tutulur ki, tədbir daha rahat keçirilə bilsin. Hotellər də bununla bağlı satışlarını həyata keçirir və hazırlıqlarını görürlər".