Pensiyalar nə vaxt və nə qədər artırılacaq?
Xeberler 114

Pensiyalar nə vaxt və nə qədər artırılacaq?

"Pensiyalarda artım faizi ilə bağlı bizə ünvanlanan suallara cavab olaraq bildirmək istərdik ki, mövcud qanunvericiliyə əsasən, pensiyadakı artımlar indeksləşdirmə və yardımların verilməsi formasında həyata keçirilir. Əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır".

Qaynarinfo xəbər verir ki, bu barədə İqtisadçı alim, Milli Məclisin deputatı Vüqar Bayramov öz sosial şəbəkə hesabında yazıb.

"Bu ildəki orta aylıq əmək haqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq. Bu ilin ilk yarısında ölkədə nominal orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8.8 faiz artıb. 2024-cü il üçün yekun illik göstərici gələn ilin əvvəlində elan ediləcək. Eyni zamanda, bu ilin ikinci yarısında maaş məbləğlərindəki potensial dəyişikliklər də orta illik əmək haqqı faizinə təsir göstərə bilər.

Daha konkret rəqəmlər ilin sonuna doğru bəlli olacaq. Bununla bağlı artıq konkret rəqəmləri və eyni zamanda pensiya kapitalında hansı faiz artımın olmasını təqdim etmək mümkün olacaq.

Əmək pensiyaları orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Bu baxımdan, gələn ildən etibarən pensiya kapitalı da indeksləşdirilərək artırılacaq. Bu da, xüsusən də pensiya yaşı tamam olmayan, amma gələcəkdə pensiya alacaq vətəndaşlarımızın pensiya kapitalının artmasına və onların daha çox pensiya almasına imkan yaradan faktorlardan biridir", - Vüqar Bayramov qeyd edib.




Oxşar xəbərlər

Son xəbərlər