Çimərliyə getməzdən əvvəl mütləq bilməli olduğunuz 6 qadağa
Yay fəslinin ən sevimli məşğuliyyətlərindən biri də, şübhəsiz ki, çimərliyə getməkdir. Lakin çimərlik əyləncəsi bəzən sağlamlığımız üçün təhlükə yarada bilər.
Oxu.Az-ın aif.ru-ya istinadla məlumatına görə, tanınmış rusiyalı həkim Viktor Şein çimərliyə gedərkən qəti şəkildə edilməməli olan altı şeyi açıqlayıb.
İlk olaraq o bildirib ki, duzlu suyu mütəmadi şəkildə udmaq olmaz, çünki sudakı mikroorqanizmlərin xəstəlik yaratma ehtimalı böyükdür.
"Həmçinin fasiləsiz suya baş vurmaq və tullanmaq olmaz. Bu, qulaq və burun-boğaz iltihablarına gətirib çıxara bilər", - deyə həkim əlavə edib.
Mütəxəssis su quşlarının çox olduğu yerlərdə çimməməyə də çağırıb:
"Suda onların parazitlərinin sürfələri ola bilər ki, bunların dəridən keçməsi mümkündür. "Çimmək qadağandır" yazılmış lövhələr də diqqətə alınmalıdır. Bu qaydanı pozmaq həyatınız üçün təhlükəli ola bilər".
Həkim yeməkdən dərhal sonra çimməməyi tövsiyə edib. Onun sözlərinə görə, bu zaman spazm və qusmaq refleksi baş verə bilər.
Mütəxəssis qumda basdırılmağı da məsləhət görməyib.
"Qoturluq, dəri iltihabı, göbələk xəstəliklərinə yoluxa bilərsiniz. Tropik ölkələrdə isə dəri altına keçən parazitlər ola bilər", - deyə Şein sözlərini yekunlaşdırıb.