Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadıb
Dünya 8

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadıb

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 6 ay uzatmaq qərarına gəlib.

BiG.AZ xəbər verir ki, Aİ Şurası Rusiyanın Ukraynada sabitliyin pozulmasına yönəlik hərəkətləri səbəbindən ilk dəfə 2014-cü ildə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin 2025-ci il yanvarın 31-dək uzadıldığını açıqlayıb.

Bəyanatda Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumundan sonra Aİ sanksiyalarının əhəmiyyətli dərəcədə genişləndirildiyi xatırladılıb.

Aİ indiyədək Rusiyaya qarşı 14 sanksiya paketi tətbiq edib.

Bu kontekstdə Rusiyaya qarşı ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli məhsullar, o cümlədən qızıl və almaz, neft və kömür kimi geniş məhdudiyyətlər tətbiq edilir.

Rusiyadan Aİ-yə dəniz yolu ilə daşınan xam neft və bəzi neft məhsullarının idxalına qadağa, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması, bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılması da sanksiyalar sırasındadır.

Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarının müddəti hər 6 aydan bir uzadılır.

Rusiya 2014-cü il martın 18-də Krım Muxtar Respublikası və Sevastopol şəhərini qanunsuz olaraq ilhaq edib. Aİ ilk dəfə 2014-cü ildə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etmək qərarına gəlib.



Son xəbərlər