"Soyuq su içmək xəstəliklərə yol açır"- EKSPERT
Yayın qızmar günündə insanlar sərinləmək üçün soyuq su içərək sərinləyirlər. İsti havalar hökm sürdüyü bu günlərdə soyuq su içmək rahatlatsa da, reallıq elə deyil. Soyuq su bədəni tamamilə dəyişdirir. Soyuq su içmək dişlərə, ürəyə, qan təzyiqinə, boğaz və tənəffüs sisteminə, beyin və sinir sisteminə, immun, mədə və həzm sisteminə təsir edə bilər.
Bəs soyuq su içməyin zəzərləri nədir?
Mövzu ilə bağlı BiG.AZ-A qida eksperti Ağa Salmanov açıqlama verib.
O bildirib ki, uzun müddət ərzində istidə olduqdan sonra insanlar tez sərinlənmək üçün buz kimi soyuq su seçir.
"Lakin bu çox təhlükəli fəsadlara gətirib çıxarda bilər. Həddindən çox soyuq su içmək orqanizmin sağlamlığına mənfi təsir göstərir. Həkimlərin dediyinə görə, tərləyən zaman bədəndəki su nisbəti 1 faiz azalır və nəticədə susuzluq yaranır. Bu zaman boğaz quruyur və soyuq su içmək istəyi yaranır. Soyuq su, ilk növbədə, ağız boşluğunun selikli qişasına mənfi təsir göstərir. Eyni zamanda, həzm sisteminin funksiyası da pozulur, xüsusilə də yemək zamanı soyuq su içmək zərərlidir. Yemək qəbulu zamanı soyuq su içilməsi mədədə olan qidanın xeyli hissəsinin qovulmasına səbəb olur və aclıq hissinin daha tez yaranmasına və daha çox yemək qəbul edilməsinə və bu da piylənməyə səbəb olur. Soyuq su içmək ürək-damar sistemində də ciddi problemlər yaradır, həmçinin başağrısı, miqreni olanlar üçün də zərərlidir. Ona görə suyun temperaturuna fikir vermək lazımdır. İstilik mübadiləsi prosesinin tənzimlənməsi üçün otaq temperaturuna yaxın su qəbul etmək lazımdır".