7 MART
Tarixdə bu gün 4

7 MART

1926-cı il. Azərbaycan xalq şeirinin görkəmli nümayəndələrindən biri olan Aşıq Ələsgər vəfat edib. O, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib və Azərbaycan ədəbiyyatında böyük iz qoyub. Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. şeir növləri Aşıq Ələsgər yaradıcılığında özünü ən gözəl şəkildə büruzə verməkdədir. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunub.


2008-ci il. Bakıda Müqəddəs Məryəm Ana katolik kilsəsinin rəsmi açılış mərasimi olub. Kilsə Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyro və Bakı şəhərinin baş memarı Akif Abdullayevin layihəsi əsasında inşa edilib. 

1765-ci il. Məşhur fransız ixtiraçısı, fotoqrafiyanın yaradıcılarından biri Jozef Nisefor Niyepsi anadan olub. O, 1826-cı ildə “Pəncərədən görünüş” adlandırdığı ilk fotosunu çəkib və beləliklə, dünyada ilk fotonun müəllifi kimi tanınıb.

1941-ci il. RSFSR-in Xalq Artisti Andrey Mironov anadan olub. O, martın 7-də anadan olsa da, valideynləri doğum tarixini martın 8-nə yazdıraraq deyiblər: “Andrey 8 mart üçün qadınlara bir hədiyyədir”. O, “Brilyant əl”, “12 stul”, “Avtomobildən qorun”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları” filmlərində bir-birindən maraqlı rollar yaradıb.

2012-ci il. Milli Onkologiya Mərkəzinin nəzdində regionda birinci olan Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb.

Hazırda Uşaq Onkoloji Klinikası regionda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış, yüksək keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir.




Son xəbərlər