AzTV sədrini qətlə yetirmək istəyən şəxs 18 il müddətinə həbs olundu
Xeberler 624

AzTV sədrini qətlə yetirmək istəyən şəxs 18 il müddətinə həbs olundu

AzTV sədrini qətlə yetirmək istəyən şəxs 18 il müddətinə həbs olundu


Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

MAY.AZ virtualaz.org-a istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Şücayət Əkbərov 18 il, Qoçəli Cəbiyev 16 il, Zöhrab Şirinov 16 və Aqşin Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. A.Hüseynov cəzasını başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə aşırmaq, bu da baş tutmadıqda Alışanovu gülləmək planları barədə istintaq materiallarında ətraflı bəhs edilir. İş materiallarında iddia olunur ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabi Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər.

Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd-Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, iş materiallarında yazılanların şər-böhtan olduğunu deyirlər.

Son xəbərlər