Bayram günlərində Bakı metrosunda retro vaqonlar nümayiş olunur - FOTOLAR
Xeberler 277

Bayram günlərində Bakı metrosunda retro vaqonlar nümayiş olunur - FOTOLAR

Bayram günlərində Bakı metrosunda retro vaqonlar nümayiş olunur.
Bakı Metropoliteni QSC-dən "Report"a verilən məlumata görə, "A","Q","E" tipli vaqon eksponatlar Zəfər Günü və Bakı metrosunun yaranmasının 55 illik yubileyi münasibətilə metropolitenin əsas muzey eksponatlarından olan retro vaqonlar "İçərişəhər" stansiyasında nümayiş etdirilir.
"A" tipli vaqon: Keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olan bu vaqonlar 1934-cü ilin sonunda istehsal edilib. Həmin vaqonlarda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün 120 yer var.
"Q" tipli vaqon: 1950-ci illərin istehsalı olan bu vaqonların sonuncusu postsovet məkanında 1983-cü ildə xətdən çıxarılıb. Lakin Bakı metropoliteni istismara verilərkən artıq istehsalı dayandırılmışdı və bu səbəbdən Bakıda sərnişindaşıma prosesinə cəlb olunmayıb.
"E" tipli vaqon: 1959-cu ilin sonlarından istehsal olunmağa başlayan bu tipli vaqonlar keçmiş Sovet İttifaqı dövründə beş şəhərin - Moskva, Leninqrad (Sankt-Peterburq), Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi. O zaman Bakıya "E" tipli 47 ədəd vaqon çatdırılmışdı.
Stansiyada nümayiş olunan bu vaqonların sonuncusu 2011-ci ildə istismardan çıxarılsa da, metro sərnişinlərinin daha yaşlı nəsilləri üçün bu vaqonlar gənclik dövrlərinin xatirələrini canlandırır. Şəhərimizin qonaqları, metronun bütün sərnişinləri noyabrın 6-dan 9-dək dörd gün "İçərişəhər" stansiyasında bu vaqonlarla tanış ola, xatirə şəkilləri çəkdirə bilərlər.









Son xəbərlər